Məhkəmə qərarları › İş №3(007)-1316/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1316/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1316/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, 22 avqust 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Sabir küçəsi ev 28-də qeydiyyatda olan, "xxxx" QSC-də böyük usta işləyən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 31 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 13 sentyabr 2010-cu il təvəllüdlü Nazim və 21 iyul 2014-cü il təvəllüdlü Nilay adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin 04 fevral 2021ci il tarixdən başlayaraq Zərərçəkmiş şəxs xeyrinə tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(007)-322/2019 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə cəmi 4620 manat borc vəsaitini ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, Vətən müharibəsinin iştirakçısı, qazidir, "xxxx" QSC-də böyük usta işləyir və aylıq 450 manat əmək haqqı alır. Tələbkar Zərərçəkmiş şəxs xeyrinə aliment tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(007)-322/2019 nömrəli icra sənədi 07 may 2019-cu il tarixdə icra olunması üçün onun iş yeri üzrə yönəldilmişdir. 31 dekabr 2021-ci il tarixədək olan müddət üçün onun əməkhaqqından tutulmalar aparılmış, aliment borcu ödənilmişdir. Lakin sonradan müdiriyyət dəyişdiyinə və müəssisənin hesabında pul olmadığına görə əməkhaqqılarının ödənişi dayandırılmış, bununla əlaqədar da aliment borcunun tələbkarın hesabına ödənilməsi mümkün olmamışdır. Onlara bildirilmişdir ki, qısa müddətdə ödənişlər bərpa ediləcəkdir. Hesab edir ki, icra sənədinin icrasından qərəzli yayınmamışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, icra sənədi üzrə tutulmaların borclunun iş yeri üzrə əməkhaqqına yönəldilməsinə baxmayaraq alimentin ödənilməsi təmin eidlməmişdir. İcra şöbəsindən borclunun iş yerində rəhbəri olan Emin müəllilə əlaqə saxlanılmış, o, bildirmişdir ki, Şəxs əməkhaqqı əlbə-əl verilmişdir, lakin o, alimenti ödəməmişdir. Borclunun hazırda 4620 manat borcu vardır. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(007)-322/2019 nömrəli icra sənədi Bakı şəhəri Nizami rayon icra və probasiya şöbəsinin 07 may 2019-cu il tarixli 17/71_13G/2817 nömrəli məktubu əsasında icra olunması üçün borclu Allahaverdi-zadə Cahangir Nazim oğlunun iş yeri üzrə "xxxx" QSC-yə göndərilmiş, borclu Allahaverdi-zadə Cahangir Nazim oğlunun əmək haqqından (vergilər tutulduqdan sonra qalan məbləğdən) 09 oktyabr 2018-ci il tarixdən hesablanaraq yaranmış 2056 manat aliment borcu bitənədək 70%-dək, aliment borcu bitdikdən sonra cəmi 308 manat aliment tutulub tələbkar Allahverdizadə (Məmmədova) Sevil Ənvər qızının hesabına köçürülməsi və icra barədə şöbəyə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" QSC-nin 11 may 2022-ci il tarixli 081 nömrəli məktubuna əsasən 01 yanvar 2021-ci il tarixdən 31 dekabr 2021-ci il tarixədək Şəxs 742,25 manat hesablanmış, 2415 manat aliment hesablanmış və ödənilmişdir. Bakı şəhəri Nizami rayon icra şöbəsi tərəfindən Şəxs barəsində hazırkı iş üzrə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 31 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilməklə yanaşı, həmin icra sənədinin icrasını təmin etmədiyinə görə borclunun iş yeri üzrə "xxxx" QSC-nin vəzifəli şəxsi, direktoru X5 barəsində də Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə 31 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək mahiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiqinin nəticələrinə əsasən məhkəmə belə qənaətə gəlir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə ki, icra sənədinin icrasının təmin edilməməsi Şəxs iradəsi üzündən baş verməmişdir, icra sənədi icra olunması üçün onun iş yerinə yönəldilmiş, 31 dekabr 2021-ci il tarixədək onun əməkhaqqından aliment tutulmaları hesablanmaqla tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilmişdir. Sonradan icra sənədi üzrə tutulmalar müvafiq səbəblərdən dayandırılmışdır ki, buna görə də borclunun işlədiyi müəssisənin rəhbəri barəsində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi əsası ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir, nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcəkdir. Belə olan halda, məhkəmə hesab edir ki, borclu Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir. O cümlədən borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, lakin onun məhkəmə aktının tələbini icra etməməsi, məhkəmə aktının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxsnın inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə müdafiəçi X3 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar