Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1324/2022 03.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs (X1) barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə olan inzibati materialı nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 04 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X1 04 mart 2022-ci il tarixdə saat 00:45-də “BMW 528İ minik” markalı **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə əməl etməyərək sola və ya geriyə dönmə qaydalarının pozulması ilə və psixotrop maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etdiyinə görə barəsində həmin protokol tərtib edilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edildikdə sürücülük vəsiqəsi qaytarılmır. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərardan bu Məcəllə ilə müəyyən edilmiş qaydada şikayətin verilməsi üçün nəzərdə tutulmuş müddət qurtaranadək, yaxud şikayət üzrə qərar qəbul edilənədək, nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənədin qüvvədə olma müddəti uzadılır. Şəxs (X1) inzibati məsuliyyətə cəlb ediliyi İXM-nin 333.1-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi nəzərdə tutulsa da, sürücülük vəsiqəsi ondan götürülərək işə əlavə edilməmişdir. Nəzərə alınmalıdır ki, həmin və digər müvafiq nöqsanlara görə məhkəmənin 16 mart 2022-ci il tarixli 3(007)-624/2022 nömrəli qərardadı ilə materialın geri qaytarılmasına baxmayaraq, sürücülük vəsiqəsinin alınıb materiala əlavə olunması təmin edilməmişdir. Şəxsin müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi isə 06 may 2017-ci il tarixədək qüvvədə olmuşdur, həmin vaxtdan sonra onun yaşayış yerinin dəyişib-dəyişməməsi barədə hər hansı məlumat mövcud deyildir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apelyasiya şikayəti vermək hüququ istisna edilir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs (X1) barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola dair material geri qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs (X1) barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələri ilə tərtib edilmiş 04 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola dair material Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1324/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1324/2022
03.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver