Məhkəmə qərarları › İş №3(007)-1325/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1325/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1325/2022 07.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X3, zərərçəkmiş şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxxxx 1965-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 53, mənzil 72-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 01 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan "xxxx" ASC-nin xeyrinə 05 oktyabr 2015-ci il tarixə ödənilməmiş 85227 manat əsas, 3282 manat faiz, 500 manat cərimə, 28,20 manat ödənilmiş dövlət rüsumu, cəmi 89037,20 manat pulun tutulması barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(007)-5516/2015 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, icra sənədi üzrə borc məbləğini ödəməyərək icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, borclunun deməsinə görə 6 il ərzində müxtəlif vaxtlarda 7000 manat ödəniş etmişdir, lakin bununla bağlı dəqiq sənədlər əldə edilməmişdir. 2021-ci ilin noyabr ayında tərtib olunmuş protokol əsasında təyin edilən 500 manat cəriməni borclu artıq ödəmişdir. Həmin məbləği ödəyibsə demək borclunun ödəniş etməyə maddi imkanı var, lakin o, icra sənədinin icrasını təmin etmir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, icra sənədi üzrə hissə ilə 7000 manat ödəmişdir, qalan məbləği də hissə ilə ödəyə bilər. Halbuki, icra sənədində göstərilən məbləğ üzrə krediti "xxxx" ASC-dən alınmasına dair müqaviləni o, imzalasa da, pul məbləği faktiki olaraq dostu X4 tərəfindən götürülmüşdür. İşə baxılarkən qarşılıqlı iddia verib müqavilənin Cavanşirlə bank arasında bağlanmış hesab olunmasını tələb etsə də, məhkəmə iddiasını təmin etməmişdir. Lakin həmin məbləğin Cavanşirdən onun xeyrinə tutulması barədə iddiası Bakı Apellyasiya Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsi ilə təmin edilmişdir. Ona görə hesab edir ki, hazırda icra sənədinin icra olunaraq ondan pul tutulması üçün əsas yoxdur. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 izahatında göstərmişdir ki, inzibati xəta törətmiş Şəxs əvvəlki inzibati xəta haqqında iş üzrə məhkəmə iclasında verdiyi eyni izahatı verir, hansı ki, onun göstərdiklərinin əsası yoxdur, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğuna görə icra sənədinin icrası onun tərəfindən təmin olunmalıdır. Borclu icra sənədinin icrasından qərəzli yayınır, heç bir ödəniş etmir. Borclu Şəxs barəsində bir ay müddətinə inzibati qaydada həbs tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, icra sənədinin verilməsinə əsas olmuş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 dekabr 2015-ci il tarixli 2(007)-5516/2015 nömrəli qətnaməsi qüvvədədir, borclu Şəxs məhkəməyə təqdim etdiyi X1 89037,20 manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə Bakı Apelyasiya Məhkəməsinin 26 dekabr 2016-cı il tarixli qətnaməsinin mövcud olması 07 dekabr 2015-ci il tarixli 2(007)-5516/2015 nömrəli icra sənədinin icrasını istisna etmir, həmin icra sənədinin icra qaydası və üsulu dəyişdirilməmişdir. Şəxs irəli sürdüyü dəlillər işin icraatına xitam verilməsinə əsas vermir, ona görə nəzərə alınmır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2021-ci il tarixli 3(007)-3071/2021 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə (eyni icra sənədi ilə bağlı) təqsirli bilinib, barəsində 500 manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, işin faktiki hallarını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla müdafiəçiyə dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar