Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1326/2025 18.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, 15 avqust 1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Dostluq küçəsi, ev 3, mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 25 fevral 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 06 yanvar 2025-ci il tarixdə saat 16 radələrində idarə etdiyi “Nissan Note minik” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Babək prospekti ilə üzü Y.Səfərov küçəsi istiqamətində 1-ci zolaqla təxminən 60 km/saat sürətlə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq, 2-ci zolaqdan 1-ci zolağa manevr edən “Mazda” markalı avtomobilə dəyməmək üçün 2-ci zolağa manevr etmiş, həmin anda dayanmış vəziyyətdə olan “Mercedes Benz E230 minik” markalı avtomobilin arxa hissəsinə çırpılmış, nəticədə idarə etdiyi avtomobilin arxa oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 06 yanvar 2024-cü il tarixdə saat təxminən 16 radələrində idarə etdiyi “Nissan” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Nizami rayonu Babək prospekti ilə üzü Y.Səfərov küçəsi istiqamətində 1-ci zolaqla təxminən 60 km/saat sürətlə hərəkətdə olan zaman 2-ci zolaqdan 1-ci zolağa manevr edən “Mazda” markalı avtomobilə dəyməmək üçün 2-ci zolağa manevr etdiyi anda dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomobilin arxa hissəsinə çırpılmışdır. Hadisə nəticəsində avtomobilinin sürücü tərəfdən arxa oturacağında sərnişin qismində əyləşmiş, sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs xəsarət almışdır. Polisin dediyini nəzərə alıb sərxoşluq müayinəsindən keçməyə getmiş, oradan çıxandan sonra xanımla maraqlanmaq üçün Sabunçu xəstəxanasına yaxınlaşmış, xanım orada olmamış, sonra digər xəstəxanalara yaxınlaşmış, orada da olmamış, bundan sonra “Neftçilər”də xəstəxanaya yaxınlaşmış, xanımın orada olduğunu demişlər. Həmçinin, ona zəng gəlmiş, xanımın nişanlısı olduğunu deyən şəxs demişdir ki, onun da başına gəlib, işdir, olur. O, demişdir ki, məlumat versin, gedib xanıma baş çəksin, həm də qulaqcıqları maşında qalıb, onu versin. Sonra nişanlısı zəng vurub demişdir ki, xanım onunla görüşmək istəmir. Sonra xanımın ünvanına getmiş, lakin evini tapa bilməmişdir. Səməd adlı şəxsdən xanımın nömrəsini tapmış, əlaqə saxlamaq, zərəri ödəmək istəmişdir. Ona yaraşmaz ki, gedib köməklik etməsin, barışmağa cəhd etməsin. Lakin onu qəbul etməmişlər. Baş vermiş hadisəyə görə dönə-dönə üzr istəyir, əməlindən səmimi peşmandır. Onun 5 və 6 yaşında iki uşağı var, hazırda bu işə görə fəhlə işləyir, əgər sürücülük hüququ məhdudlaşdırılarsa işləyə bilməyəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 06 yanvar 2025-ci il tarixdə saat təxminən 16 radələrində yaşadığı Günəşli qəsəbəsindən işləri ilə əlaqədar onu Nərimanov rayonu ərazisinə aparması üçün taksi sifariş vermişdir. Sifarişə gəlmiş “Nissan” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmiş və Babək prospektinə daxil olmuşlar. Təxminən “Daxili qoşunlar”ın inzibati binası ilə üzbəüz ərazidə olarkən içərisində olduğu taksi sürücüsü avtomobili 1-ci zolaqla hərəkət etdirib qarşıda işıqfora doğru hərəkət edərkən 2-ci zolaqdan digər bir avtomobil 1-ci zolağa manevr edən kimi içərisində olduğu avtomobilin sürücüsü avtomobili sağa doğru hərəkət etdirib dayanmış vəziyyətdə olan “Mercedes” markalı avtomobilin arxa hissəsinə vurmuşdur. Hadisə zamanı o, burun və baş nahiyyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri almış, təcili-tibbi yardım vasitəsi ilə “Əfəndiyev” adına xəstəxanaya aparılmışdır. Orada ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılmışdır. Hadisə zamanı sürücü reflekslə digər zolağa keçmiş və hadisə baş vermişdir. O, sonra gözünü açmışdır ki, yerdədir, burnu qanayır. Özü sürücü Şəxs ilə üz-üzə gəlmək istəməmiş, polis, məhkəmə yolu ilə əlaqə saxlamasını istəmişdir. Onun tanımadığı adamdır, özü birbaşa əlaqə saxlamaq istəməmişdir. Ona həm də mənəvi zərər dəyib, şok yaşayıb. Hadisədən sonra qızdırması olurdu, işə çıxa bilmirdi. Nə taksiyə minə bilir, nə maşın sürə bilirdi. Bu, bir şokdur onun üçün. Bilir ki, hadisə ehtiyatsızlıqdan olub, amma bu, onun məsuliyyəti deyil. Hazırda Şəxs şikayətçi deyil. İşdə olan canlı şəxsin ekspertizasına dair 13 yanvar 2025-ci il tarixli 27 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs burnun şişkinlik halında əzilməsi, burun belinin qançırı, sağ baldırın hematoması, sol baldırın şişkinlik halında əzilməsi, sol bazunun hematoması olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2025-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 06 fevral 2025-ci il tarixli qərardan görünür ki, HK/1-10 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin ondan şikayətinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur, zərərçəkmiş şəxs maddi zərərin ödənilməsi ilə bağlı tələb irəli sürməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1326/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1326/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver