Məhkəmə qərarları › İş №3(007)-1336/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1336/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1336/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Səfərov Rəşad Ramazan oğlunun katibliyi, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X1 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda fəaliyyətini dayandırmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddət ərzində tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş bütün normalara riayət edilmiş, hər hansı qanun pozuntusu törədilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 22.06.22-ci il tarixli, 26/858 nömrəli məktubunda şadlıq sarayında atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədi ilə quraşdırılmış qaz-toztutucu qurğulara texniki xidmət göstərilməsi, filterin yenisi ilə əvəz olunması və onların normal iş rejimində işləməsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi şadlıq saraylarına tapşırılmışdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli, 22/858 nömrəli məktubunun icrasının təmin edilməsi üçün tərəfindən lazımi tədbirlər görülmüşdür. Belə ki, “X12” MMC ilə aralarında bəzi sazlama, tüstü bacalarının və.s təmizlənməsi, baxış və diaqnostika xidmətinin göstərilməsi üçün razılıq əldə edilmişdir. Bunu xx.xx.2022-ci il tarixli görülmüş işlərin (xidmətlərin) yerinə yetirilməsi haqqında təhvil-təslim aktı da sübut edir. Həmin akta əsasən icraçı “X12” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən “Qızıl Qaya” şadlıq sarayında tüstü bacasının texniki baxışı, təmizlənməsi işləri yerinə yetirilmişdir. Həmçinin dörd ədəd manqal, bir ədəd su qurğusu, bir ədəd mühərrik, iki ədəd setka filtiri, ümumi tüstü bacaları və.s təmizlənib təhvil verilmişdir. Tüstü bacasının texniki vəziyyətinin tam saz olmasına baxmayaraq bir müddət sonra, aparılmış təmizlik və digər xidmətlərdən 14 gün sonra barəsində xx.xx.2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Həmin protokolda ətraf mühitə atılan, buraxılan zərərli maddələrin miqdarının normadan artıq olması qeyd edilmişdir. Lakin necə ola bilər ki, özlərinin məsləhət gördüyü MMC vasitəsi ilə müəssisədə bütün təmizlik işləri aparılmış, sonradan isə gəlib protokol tərtib etmişlər. Akt əsasında təmizlik işləri aparılmış, bütün standartlara cavab vermişdir. Bunun özü belə absurddur. Bundan başqa protokolda inzibati xətanın aşkar edilməsində istifadə olunmuş xüsusi texniki vasitənin adı yazılsa da həmin texniki vasitənin hansı vəziyyətdə olması müəmmalıdır. Belə ki, protokolda nəzərdə tutulmuş və hər birinə aid ayrıca qrafa ayrılmış, aşağıda qeyd edilən xanalar boş qalmışdır: “texniki vasitənin yerləşdiyi yer”, “son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt”, “dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi”, “növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt”. Qeyd olunan iş üçün mühüm əhəmiyyət kəsb edən qrafalar boş saxlanılmışdır. Əlbəttə ki, bu halın özü belə protokolun əsassız tərtib edilməsinin göstəricisidir. Sonradan ona xəbər verilmədən barəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı,1288304 saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edilmişdir. Həmin qərar və protokol əsassız və qanunsuzdur, buna görə də ləğv edilməlidir. Qeyd olunan protokol tərtib edilərkən və qərar qəbul edilərkən qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur. İşin faktiki hallarından, habelə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, şəxsə istinad edilmiş maddə üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş MN seriyalı, ******* saylı, xx.xx.2022-ci il tarixli inzibati tənbeh tətbiq etmək haqqında qərarı ilə fiziki şəxs kimi barəsində 2500 (iki min beş yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Qərar belə əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən '‘Qızıl Qaya” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə buraxılan zərərli maddələr normativlərdən artıq olmuşdur. Belə ki, inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edilərkən qərarda heç bir əsaslandırma edilməmişdir. Qərarda ünvan 2 ünvanında yerləşən “Qızıl Qaya” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə buraxılan zərərli maddələrin normativlərdən artıq olması qeyd edilsə də bunu təsdiq edən hər hansı sübut göstərilməmiş, həmin normativlərin nə qədər olması, normativlərdən artıq miqdarın nə qədər olmasını təsdiq edən sübut əlavə edilməmişdir. Həmçinin normativlərdən artıq miqdarın necə və nə zaman müəyyən edilməsi isə bəlli deyildir. İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməlidir. Maddənin məzmunundan da görünür ki, hər hansı bir inzibati xətanın mövcud olmağını sübut etmək vəzifəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə aiddir. İnzibati icraat başlayan və yaxud inzibati protokol və tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərkən ona bu barədə məlumat verilməmişdir. İş icra edilməsi üçün Nizami rayon İcra Şöbəsində olan zaman ona məlum olmuşdur. Hazırda belə əsassız yerə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qəbul edilməsi sahibkarlıq fəaliyyətinə mənfi təsir göstərir, həmçinin 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə növündə olan inzibati tənbehin tətbiq edilməsi ona daha ciddi zərərlər vurur. Müəssisənin fəaliyyətini iflic duruma salır. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş emişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Qızıl Qaya” şadlıq sarayının ətrafında xüsusi cihaz vasitəsi ilə atmosferə atılan zərərli toz birləşmələrinin miqdarının normadan artıq olduğu müəyyən olunmuşdur. Həmin cihazın OMS K 01949 nömrəli kalibrləmə sertifikatı məhkəməyə təqdim olunmuşdur. Monitorinq aktı tərtib olunan zaman “Qızıl Qaya” şadlıq sarayının nümayəndəsi iştirak etmiş, ancaq aktı imzalamaqdan imtina etmişdir. Nəticədə “Qızıl Qaya” şadlıq sarayının sahibi X1 əməlində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, xx.xx.2022-ci il tarixli qərarla həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2500 manat məbləğində cərimə edilmişdir. Məhkəmədən qəbul olunmuş qərar əsaslı olduğundan dəyişdirilmədən saxlanılmasını, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsul müfəttişi X7 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında fəaliyyət göstərən “Qızıl Qaya” şadlıq sarayında ətraf mühitə atılan, buraxılan zərərli maddələrin miqdarının normadan artıq olmasına görə “Qızıl Qaya” şadlıq sarayının sahibi X1 barəsində Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-nin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2500 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən X3 ünvanlanmış xx.xx.2022-ci il tarixli, 26/858 saylı məktubdan görünür ki, xx.xx.2022-ci il tarixdən başlayaraq Bakı şəhərində fəaliyyət göstərən ictimai iaşə obyektlərində restoran və şadlıq saraylarından atmosfer havasını çirkləndirən mənbələrdə keçiriləcək növbəti monitorinqləri nəzərə alaraq rəhbərlik etdiyi şadlıq sarayında (restoranda) atmosferə atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə quraşdırılmış qaz-toztutucu qurğulara texniki xidmət göstərilməsi, filterlərin yeniləri ilə əvəz olunması və onların normal iş rejimində işləməsinin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılmış və ətraf mühitə normadan artıq tullantı atılan obyektlər barəsində qanunamüvafiq tədbirlər görüləcəyi bildirilmişdir. - “X12” MMC-nin direktoru T.S.Zeynalov və X5 tərəfindən imzalanmış 4 iyul 2022-ci il tarixli yerinə yetirilmiş işlərin (xidmətlərin) təhvil aktından görünür ki, “X12” MMC tərəfindən M.Əliyev küçəsi 33 ünvanında yerləşən “Qızıl Qaya” şadlıq sarayında tüstü bacasının texniki baxışı və təmizlənməsi işləri yerinə yetirilmişdir: dörd ədəd manqal, bir ədəd su qurğusu, bir ədəd mühərrik, iki ədəd setka filtiri və ümumi tüstü bacaları yağlardan və qurumlardan təmizlənib təhvil verilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 0351 saylı monitorinq aktından görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tapşırığına əsasən atmosferə atılan zərərli toz birləşmələrini təyin etmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə solit hava şəraitində saat 19:08 radələrində ünvan 1 ünvanında yerləşən “Qızıl Qaya” şadlıq sarayının ətraf ərazilərində səyyar cihaz ANKAT -7664M vasitəsilə ölçmə analiz işləri aparılmışdır. Nəticə CQ 34,9 mq/m3 (norma 5mq/m3), bu nəticə ətraf mühit üçün yol verilən hədd daxilindən artıqdır. Monitorinq zamanı “Qızıl Qaya” şadlıq sarayının nümayəndəsi iştirak etsə də o, aktı imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, “Qızıl Qaya” şadlıq sarayının ətraf ərazilərində atmosferə atılan zərərli toz birləşmələrinin miqdarını təyin etmək məqsədi ilə yoxlama aparılarkən və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin əməkdaşları tərəfindən akt tərtib edilərkən X1 iştirakı təmin edilməmişdir. Həmçinin “ANKAT-7664” markalı cihazın atmosferə atılan zərərli maddələrin miqdarının normadan artıq olması barədə göstəricisinin “Qızıl Qaya” şadlıq sarayına aid olması sübuta yetirilmədi. X1 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən və inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən iştirakı təmin edilməmiş, protokolun, qərarın surəti ona verilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə “Qızıl Qaya” şadlıq sarayında “X12” MMC tərəfindən tüstü bacasının texniki baxışı və təmizlənməsi işləri yerinə yetirilmiş, dörd ədəd manqal, bir ədəd su qurğusu, bir ədəd mühərrik, iki ədəd setka filtiri və ümumi tüstü bacaları yağlardan və qurumlardan təmizlənib təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının nömrəsi, inzibati xəta sürət həddinin aşılması ilə əlaqədar olduqda sürətölçən cihazın göstəricisi, inzibati xətanın törədilmə yeri və tarixi barədə məlumatlar göstərilməklə, inzibati xətanın törədildiyi anın fotoşəklini almaq. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106-cı maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsini araşdırmalıdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2- 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-2-ci maddəsində nəzərdə tutulan hallar müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, X1 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X4 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar