Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1339/2020 31.08.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru Z.M.Həmzəyev tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X7 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən X2 tərəfindən istifadə olunmasına onun və X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Tələbkar X1 148.4 kv.m torpaq sahəsində hər-hansı bir tikinti tikməyə, satmağa hüququ yoxdur. O, bacı, qardaşları və tələbkar həmin torpaq sahəsi üzərində bərabər istifadə hüququna malikdirlər. O, tələbkarın tikdiyi tikilini sökməmiş və kimin tərəfindən sökülməsini bilmir. Tələbkarın barəsində dələduzluqla bağlı cinayət işi var, tələbkar eyni torpağı 3 nəfərə satmışdır. O, 148.4 kv.m torpaq sahəsindən tələbkarın istifadə etməsinə hər-hansı bir maneə yaratmamışdır. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən onun tərəfindən istifadə olunmasına Şəxs, X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. Onun həmin torpaq sahəsindən istifadə hüququ vardır. Əvvəl onun yoldaşı təsisçi olmuş, yoldaşı rəhmətə getdikdən sonra o, təsisçi olmuşdur. O, həmin torpaq sahəsinin üzərində tikili tikib istifadə etmək istəmişdir. Lakin həmin tikili Şəxs tərəfindən sökülmüşdür. Onun həmin torpaq sahəsinin üzərində tikili tikməyə icazəsinin olmasına dair sənədləri vardır. Borclu Şəxs onun 148.4 kv.m torpaq sahəsindən istifadə etməsinə maneə yaradır. Məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının xx.xx.1994-cü il tarixli, 1446 saylı Sərəncamı ilə “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən X2 tərəfindən istifadə olunmasına Şəxs, X5 tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2148/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında borclu Şəxs “Dədə Qorqud-10” kiçik müəssisəsinə ayrılmış 0.52 ha torpaq sahəsindən faktiki olaraq qalmış 148.4 kv.m torpaq sahəsindən tələbkar X2 tərəfindən istifadə olunmasına maneə yaratması, həmin torpaq sahəsində tələbkarın tikinti aparmaq hüququnun olub-olmaması, tələbkar tərəfindən tikilmiş tikintinin borclu tərəfindən sökülməsi sübuta yetirilmədi. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 02 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi X8 dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1981-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X8 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1339/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1339/2020
31.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver