Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1340/2021 07.09.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, xx xxxxx 1994-cü il tarixdə Masallı rayonunun Xırmandalı kəndində anadan olmuş və həmin ünvahda qeydiyyatda olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, taksi sürücüsü işləyən, Şəxs barəsində Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər BPİ-nin DYPİnin Müşayət-Eskort bölüyü YPX baş inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 aprel 2021-ci il tarixdə saat 19:35-də, Heydər Əliyev prospektində (Asan xidmətin qarşısı), “MERCEDES BENZ C 220 CDİ” minik markalı ** VE *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1 və 322.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində tərtib olunmuş 01 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və toplanmış materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Qərardan Bakı şəhər BPİ DYP-nin rəisi polis polkovniki Rəşid Piriyev tərəfindən apellyasiya qaydasında şikayət verilmişdir. Bakı Apellaysiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı ilə, şikayət qismən təmin edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xətaya dair iş yenidən baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar olunmuş səlahiyyətli orqanın nümayəndəsi və Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə tərtib olunmuş inzibati xəta haqqında protokolu və toplanmış icraat materiallarını əlaqəli araşdırıb, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqan tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətə Alkotestr müayinəsinin göstəricisinə (0,418 %) əsasən cəlb olunmuşdur. X1 01.04.2021-ci tarixli raportundan görünür ki, sürücü Səfərov X3 göstəricisi ilə razı olmadığını bildirmiş, buna görə həkim müayinəsinə dəvət olunmuş, lakin həkim müayinəsi yerindən qaçmışdır. Buna görə sürücü barəsində Alkotestrin göstəricisi əsasında səxoşluq protokolu tərtib etmişdir. Lakin, inzibati xəta haqqında iş materiallarında sürücü Şəxs barəsində Alkotestrin göstəricisi əsasında tərtib edilmiş sərxoşluq protokolu aşkar edilməmişdir. İşə əlavə olunmuş Alkotestrinin göstəricisindən görünür ki, Şəxs alkoqolun miqdarı 0.418 % promil müəyyən edilmişdir. İşə əlavə olunmuş 01 aprel 2021-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 1/469 №-li Protokoldan görünür ki, Şəxs ilə saat 22:10-da aparılmış tibbi müayinə zamanı onun ayıq olduğu, alkoqol qəbulu əlamətləri aşkar olunmadığı müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs sərxoşluq dərəcəsinin müəyyən edilməsi ilə Alkotestr vasitəsi ilə keçirilmiş müayinə testinin nəticəsi ilə razı olmamış və 2 saat 35 dəqiqə intervalı ilə ayıq olduğu barədə məhkəməyə müvafiq sənəd təqdim etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 69.2-ci maddəsinə əsasən, şəxsi axtarış, əşyaların yoxlanılması, nəqliyyat vasitəsinə baxış, əşyaları və sənədləri götürmə, eləcə də sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakı məcburidir. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən prosessual hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər. Həmin Məcəllənin 96.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.7-ci bəndinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə aparılır. Göründüyü kimi, qanunvericilikdə, şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda tibbi müayinəyə aparılması və sərxoşluq vəziyyətinin müayinəsi aparılarkən hal şahidlərinin iştirakının məcburi olduğu imperativ norma olaraq nəzərdə tutulmuşdur. Şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi zamanı digər hal qanunda nəzərdə tutulmamışdır. Belə olan halda, Şəxs sərxoşluq dərəcəsinin Alkotestr vasitəsi ilə keçirilmiş müayinə testinin nəticəsi ilə razı olmaması və onun sərxoşluq vəziyyətinin hal şahidlərinin iştirakı ilə aparılmış tibbi müayinənin nəticəsi olaraq müəyyən edilməməsi ilə yaranmış şübhələr onun xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.2-ci maddəsinə əsasən, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Bununla, məhkəmə Şəxs 01 aprel 2021-ci il tarixdə saat 19:35-də nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməməsi barədə yekun nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan işin faktiki hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, inzibati orqan tərəfindən Şəxs barəsində tərtib olunmuş 01 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbinə əsasən, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Bakı şəhər BPİ-nin DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 01 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsində nəzrədə tutulan inzibati xətanı törətməsinə dair məsələyə baxılması aidiyyəti üzrə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №3(007)-1340/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1340/2021
07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver