Məhkəmə qərarları › İş №3(007)-1341/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1341/2022

01.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1341/2022 01.07.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsindən daxil olmuş 27 may 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ev 47, mənzil 60 olan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirilməsi hallarından icbari sığortalanması təmin edilməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, inzibati xətanın 27 may 2022-ci il tarixdə aşkar edilməsindən sonra, 02 iyun 2021-ci il tarixdə Şəxs MMC tərəfindən işçilərin icbari sığortalanması təmin edilərək buna dair sənədlər 06 iyun 2022-ci il tarixdə Müfəttişliyə təqdim edilmişdir. Bunun inzibati xətanın törədilməsindən sonra baş verdiyini nəzərə alaraq, MMC-nin barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, MMC ilin yalnız mövsümi aylarında, cəmi 2-3 ay fəaliyyət göstərir, bu səbəbdən hər il may ayının sonlarından başlayaraq MMC tərəfindən işçilər işə qəbul olunmağa başlayır, iyun ayının əvvəlində yekunlaşır və fəaliyyətə başlamazdan əvvəl müvafiq sığorta şirkəti ilə müqavilə bağlanılaraq həmin işçilərin bədbəxt hadisələr və peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanması təmin edilir. Protokol tərtib edilən dövrdə dövlət portalında görünən işçilərin işdən azad olma ərizələri olmadığına görə MMC tərəfindən həmin işçilər işdən azad edilə bilməmiş, eyni zamanda onlara heç bir əmək haqqı da hesablanmamışdır. Şəxs MMC 02 iyun 2022-ci il tarixdə "xxxx" ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi imzalamış və müvafiq qaydada ödəniş etmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, MMC-nin hüquqi ünvanı formal olaraq Nizami rayonunda qeydə alınmışdır, müəssisə faktiki olaraq Lerik rayonunun Hamarmeşə kəndində yerləşməklə fəaliyyət göstərir, müəssisənin əmlak kompleksinin həmin ünvanda yerləşdiyini təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da bu faktı təsdiq edir. Belə olan halda MMC-yə ünvanlanmış hər hansı məktub və ya bildirişlər faktiki olaraq onlara çatmır və ya gec çatdırılır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırır ki, icbari sığorta müqaviləsinin bir neçə gün sonra imzalanması hər hansı hüquqi və ya ağır nəticəyə səbəb olmamış, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları baş verməmişdir. Qeyd etdiklərini, o cümlədən Şəxs MMC-nin yalnız mövsümi aylarda fəaliyyət göstərdiyini, göstərilən iradların təcili olaraq aradan qaldırıldığını nəzərə alaraq, MMC-nin barəsindəki iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, 02 iyun 2022-ci il tarixdə Şəxs MMC ilə "xxxx" ASC arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi imzalanmış, müqavilə şərtlərinə uyğun olaraq sığorta ödənişi edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 fevral 2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Lerik rayonunun Hamarmeşə kəndində yerləşən əmlak kompleksi Şəxs MMC-nin adına xüsusi mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada hər bir işçinin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməlidir. Əmək müqaviləsində işçinin sığortalanması barədə müvafiq məlumatların göstərilməsi mütləqdir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 11.3-cü maddəsinə əsasən icbari sığorta müqaviləsi elektron sənəd formasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 34-1-ci maddəsində nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlanılır. İcbari sığorta müqaviləsinin məzmunu və forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Şəxs MMC hüquqi ünvan üzrə Bakı şəhəri Nizami rayonunda qeydiyyata alınsa da, müəssisəyə məxsus əmlak kompleksi faktiki olaraq Lerik rayonunun Hamarmeşə kəndində yerləşir. Məlumdur ki, Şəxs MMC istirahət mərkəzi kimi fəaliyyət göstərir, həmin istirahət mərkəzinin mövsümi, yay dövründə fəaliyyət göstərdiyi nəzərə alındıqda, MMC tərəfindən "xxxx" ASC ilə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi mövsümün başlamasından əvvəl, 02 iyun 2022-ci il tarixdə imzalanmış, müqavilə şərtlərinə uyğun olaraq sığorta ödənişi edilmişdir. Baxmayaraq ki, inzibati xəta haqqında protokol 27 may 2022-ci il tarixdə tərtib edilmişdir, məhkəmə müstəsna olaraq nəzərə alır ki, bundan cəmi bir neçə gün sonra zərurət aradan qaldırılmaqla işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirilməsi hallarından icbari sığortalanması təmin edilmişdir, müqavilənin 27 maydan sonra, 02 iyunda imzalanmasınadək hər hansı istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi halları qeydə alınmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, MMC-nin inzibati qaydada tənbeh olunması üçün əsaslar yoxdur, əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə iş üzrə icraata xitam verilməlidir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar