Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1344/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1, onun barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş qərarın ləğv edilməsi barədə şikayətini və ona əlavə olunan sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 şikayətlə yaşayış yeri üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsini və onun əsasında qəbul olunmuş qərarın ləğv edilməsini xahiş etmiş, həmin məhkəmənin 16 fevral 2023-cü il tarixli 3(003)-473/2023 nömrəli qərardadı ilə şikayət baxılması üçün inzibati xətanın baş verdiyi yer üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şikayəti ona əlavə olunan sənədlərlə bilrikdə nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokoluna deyil, inzibati xəta haqqında iş üzrə qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir, bunun üçün isə barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. X3 isə mübahisələndirdiyi qərarı təqdim etməmiş, şikayətini qərarın müvafiq hallarına uyğun əsaslandırmamışdır. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” 4 noyabr 2020-ci il tarixli qərarı ilə aşağıdakı nəticəyə gəlmiş və qərar qəbul etmişdir: “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində müəyyən edilmiş məhkəmə aidiyyəti qaydasının təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir”. Bununla bağlı izah edilməlidir ki, qərardan şikayət vermək hüququ olan şəxs yuxarıda qeyd edilənlərə uyğun olaraq, şikayəti inzibati xətanın törədildiyi və yaxud vəsatətinə əsasən özünün yaşadığı yer üzrə verə bilər. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 şikayəti geri qaytarılmalı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilən inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ həmin şəxsə izah olunmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1, onun barəsində tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab edilməsi və onun əsasında qəbul olunmuş qərarın ləğv edilməsi barədə şikayəti geri qaytarılsın. İnzibati xəta haqqında protokol əsasında səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul ediləcək inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1344/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1344/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver