Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1345/2022 02.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 127-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 02 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, 29 may 2022-ci il tarixdə saat 16 radələrində ünvan 1 ünvanında yerləşən “Oskar” şadlıq sarayında Zərərçəkmiş şəxs məxsus mobil telefona aid 150 manat dəyərində “Samsung Galaxy Buds2” markalı bir cüt qulaqcığı və 17 manat nağd pulu onun çantasından oğurlayıb özgəsinin əmlakını talamaqla, zərərçəkmiş şəxsə xırda talama yolu ilə 167 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X5 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 29 may 2022-ci il tarixdə saat 15 radələrində günəmuzd xidmətçi kimi işlədiyi “Oskar”şadlıq sarayına getmiş, birinci mərtəbədə olan və toy mərasimi keçirilməyəcək zalda masanın altında uzanaraq təxminən bir saat yatmış, saat 16 radələrində qalxdıqdan sonra masaların birinin yanında yerdə ağ rəngli plastmas qabda bir cüt telefon qulaqcığı görmüş, qulaqcığı yerdən götürüb “Neftçilər” metrostansiyasının yaxınlığında mobil telefon aksessuarlarının satıldığı maqazində özününkü kimi təqdim edərək 35 manata satmışdır. Sonra işlədiyi həmin şadlıq sarayına qayıtmış və işinə başlamışdır. 01 iyun2022-ci il tarixdə onun kimi şadlıq evində xidmətçi işləyən Nail adlı şəxsin telefon qulaqcığının və 17 manat pulunun çantadan oğurlanması barədə eşitmişdir. Lakin o, qulaqcığı çantadan oğurlamamış, habelə 17 manat pulu da götürməmişdir. Buna baxmayaraq ziyanı ödədiyinə görə zərərçəkmiş şəxslə barışmışdır. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 29 may 2022-ci il tarixdə saat 15:30 radələrində günəmuzd xidmətçi kimi işlədiyi Nizami rayonu, B.Çobanzadə küçəsi, 47 ünvanında yerləşən “Oskar” şadlıq sarayına getmiş, axşam keçiriləcək toy şənliyinə hazırlaşarkən işərisində özünə məxsus geyim əşyaları, 17 manat nağd pul və 150 manat dəyərində “Samsung Galaxy Buds2” markalı bir cüt mobil telefon qulaqcığı olan çantasını toy zalında masanın altında gizlətmişdir. 30 may 2022-ci il tarixdə saat 00:15 radələrində toydan sonra çantasındakı 17 manat pulunun və bir cüt telefon qulaqcığının oğurlandığını aşkar etmişdir. Şikayəti əsasında polislər tərəfindən araşdırma aparılarkən oğurluğun Şəxs tərəfindən törədildiyi müəyyən olunmuşdur. Ona dəymiş maddi ziyan ödənildiyinə görə Şəxs ilə barışmışdır. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 02 iyun 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞ-nə təqdim edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs dəymiş maddi ziyanı ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs məxsus özgə əmlakını xırda talama yolu ilə zərərçəkmiş şəxsə 167 manat məbləğində maddi ziyan vurmuş Şəxs dəymiş maddi ziyanı ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsində nəzərdə tutulduğu qaydada işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 39, 115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Zərərçəkmiş şəxs xırda talama yolu ilə vurduğu maddi ziyanı ödədiyinə və onunla barışıq əldə etdiyinə görə, Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən barəsində həmin Məcəllənin 227-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X2 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1345/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1345/2022
02.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver