Məhkəmə qərarları › İş №3(007)-1347/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1347/2021

16.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1347/2021 16.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 48, mənzil 128 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan (FİN xxxxxxx) Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Ə.Z.Aslanov tərəfindən xx.xx.2021-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu izahat verərək bildirmişdir ki, o, icra sənədini icra etməkdən boyun qaçırmır. İcra sənədi üzrə hər ay 200 manat aliment ödəyir. Əvvəllər şadlıq sarayında nəzarətçi işləmişdir. Mövcud vəziyyətlə əlaqədar şadlıq sarayları işləmədiyindən o, hal-hazırda işsizdir. İşləmədiyindən və maddi imkanı olmadığından hər ay 200 manatdan artıq aliment ödəyə bilmir. İşləməyə başlayan kimi alimenti tam ödəyəcəkdir. Mülkiyyətində yalnız bir mağaza var, ona da tələbin yönəldilməsinə etiraz etmir. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs oğlundan xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat və sağalanadək müalicə xərcləri üçün hər ay 156 manat alimentin, cəmi 310 manat məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu Şəxs oğlu icra sənədi üzrə hər ay 310 manat aliment ödəməli olduğu halda 200 manat aliment ödəyir. Şəxs 3630 manat ödənilməmiş aliment borcu yaranmışdır. Oğlu Raul autizm xəstəliyindən əziyyət çəkir. Yaz ayıdır, oğlu müalicə olunmalıdır. Kirayədə qalır, heç bir yerdə işləmir, oğlunun müalicə xərclərini ödəməyə maddi imkanı çatmır. Borclu Şəxs yığılmış aliment borcunu ödəməyə maddi imkanı var. Lakin borclu alimenti ödəməkdən qəsdən boyun qaçırır. Yığılmış aliment borcunun tam ödənilməsini istəyir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən hesablanmaqla Şəxs oğlundan xx.xx.2004-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat alimentin və X1 müalicə xərcləri üçün hər ay 156 manat alimentin tutularaq X5 ödnilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs oğlundan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədində göstərilən tələbi dərhal icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-53/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs oğlunun adına qeydiyyatda olan “VAZ 21099” minik markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs oğlu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə hər ay 200 manat aliment ödəyir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Şəxs oğlunun əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Şəxs oğlunu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-7283/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin qalan hissədə icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 (on iki) manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi, ev 48, mənzil 128 ünvanında qeydiyyatda olan və ünvan 2anında yaşayan Şəxs oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğluna 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki) manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar