Məhkəmə qərarları › İş №3(007)-1351/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1351/2020

15.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1351/2020 15.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1956-cı ildə Qəbələ rayonunun Hacallı kəndində anadan olmuş, ünvan 1 A, mənzil 11 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X1 daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs xx.xx.2020-ci il tarixdə saat 05:56-da idarə etdiyi “Mitsubishi L200” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” körpüsünün ətəyində hərəkətdə olan zaman saxlanılmış, yoxlama zamanı sürücünün avtomobili sərxoş halda idarə etdiyi müəyyən edilmişdir. Bu barədə Bakı şəhər DYPİ-nin YPX inspektoru, polis sıravisi Y.İ.Məmmədov tərəfindən xx.xx.2020-ci il tarixdə İXP seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 06:50-də işə gedən zaman idarə etdiyi “Mitsubishi L200” minik markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” körpüsündə hərəkətdə olarkən DYPİ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. DYPİ-nin əməkdaşları ona reyd keçirildiyini bildirmişlər və ondan sərxoş vəziyyətdə olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına sərxoş vəziyyətdə olmadığını bildirmişdir. Polis əməkdaşları çəkiliş olacağını, dediyi məzmunda izahat yazmasını bildirmişlər. O, polis əməkdaşının dediyi məzmunda “tibbi müayinəyə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə tanış olduğunu, 0.418 promil ilə razı olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini” yazıb imzalamışdır. Sonra o, aldadıldığını başa düşüb Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə gedib orada müayinə olunmuş və ayıq olması barədə akt tərtib edilmişdir. O, sərxoş vəziyyətdə avtomobil idarə etməmişdir. İnzibati xəta haqqında protokolda hadisənin baş vermə saatı düzgün qeyd edilməmişdir, polis əməkdaşları onun idarə etdiyi avtomobili saat 05:56-da deyil, 06:50-də saxlamışdır. Məhkəmədən qərar qəbul edərkən göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X3 məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Bakı şəhər Baş Polis İdarəsinin Dövlət X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında” ******* nömrəli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 05:56-da müayinə olunan Şəxs spirtli içki qəbul etməsi müəyyən olunmuşdur. Həmçinin protokolda sürücü “tibbi müayinəyə ehtiyac olmadığını, alkotesterin göstəricisi ilə tanış olduğunu, 0.418 promil ilə razı olduğunu, bir daha spirtli içki qəbul edib maşın sürməyəcəyini” qeyd etmiş və protokolu imzalamışdır. - Tibbi müayinə protokoluna əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 05:56-da keçirilən müayinəsi zamanı onda alkoqolun miqdarı 0,418%o olmuşdur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/12174 saylı, xx.xx.2020-ci il tarixli aktdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 09:35-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələbinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Məhkəmə Şəxs tərəfindən təqdim edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 2/12174 saylı, xx.xx.2020-ci il tarixli aktın müayinə müddətini və digər sənədlərlə ziddiyyət təşkil etdiyini nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXМ-nin 333.1-ci maddəsi ilə inzibati məsuliyyətdən azad edilməsi üçün tutarlı əsas saymır. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs avtomobili sərxoş halda idarə etməməsi ilə bağlı bildirdiklərinə tənqidi yanaşıb hesab edir ki, onun izahatında göstərdiyi həmin hallar özünümüdafiə xarakteri daşıyır və işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Göründüyü kimi, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndi ilə üzərinə vəzifə olaraq qoyulmuş hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqoldan istifadə edərək nəqliyyat vasitəsini idarə etməməli olduğu halda bunu etmiş və bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşin müəyyən edilmiş hallarına əsasən Şəxs nəqliyyat vasitəsini sərxoş halda idarə etmişdir. Onun törətdiyi qayda pozuntusu xarakterinə görə diqqəti və çevikliyi azaldan, özü və digər yol hərəkəti iştirakçıları üçün real təhlükə törədən qayda pozuntusudur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1956-cı ildə Qəbələ rayonunun Hacallı kəndində anadan olmuş, ünvan 1 A, mənzil 11 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Мəcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar