Məhkəmə qərarları › İş №3(007)-1354/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1354/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1354/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlunun sədrliyi, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 və onun müdafiəçisi Bakı şəhər 6 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, X4 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş 05 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayında ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların istismar qaydalarının pozulması nəticəsində vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə buraxılan tullantıların qarşısını alan qurğuların istismarı qaydalarının pozulmasına görə vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə ilə tənbeh edilmişdir. X1 və onun müdafiəçisi X5 şikayət verilərək, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışlar ki, qeyd olunan qərarın mövcudluğundan Nizami rayon icra şöbəsi tərəfindən məlumatlandırılmış və bundan sonra ərizə ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət edərək qərarı və qərarın qəbul edilməsinə əsas olmuş protokolun surətini əldə etmişdir. Qeyd olunan protokol və qərar onun iştirakı olmadan tərtib edilmiş və bu zaman kobud qanun pozuntularına yol verilmişdir. Qeyd olunan yoxlama zamanı, həm də inzibati icraat aparılan zaman kobud qanun pozuntularına yol verilmişdir. Bundan başqa, protokolda və qərarda idarə tərəfindən aparılan yoxlamanın vahid məlumat reyestrində qeydə alınması barədə məlumat yoxdur. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.5-ci maddəsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarlıq maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanununun 31.2 və 31.2.3-cü maddələrinin tələblərinə uyğun olaraq yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Reyestrdə qeydə alınmmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Şikayətə verilmiş əlavədə eyni məsələlərə toxunularaq, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən qəbul edilmiş 22 noyabr 2021ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X7 və onun müdafiəçisi X5 ayrı-ayrılıqda şikayəti müdafiə edərək, şikayətdə qeyd olunan əsaslarla inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş edilmişdir. Məhkəmə iclasında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayında ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların istismar qaydalarının pozulması faktı aşkar edildiyinə görə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması haqqında 05 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Daha sonra, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Vaqif Cavadov tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayının fəaliyyəti zamanı atmosferə buraxılan tullantıların qarşısını alan qurğuların istismarı qaydalarının pozulmasına görə vəzifəli şəxs X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində cərimə ilə tənbeh edilməsi haqqında 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. “Golden Ring” şadlıq sarayında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən aparılan manitorinq zamanı qeyd olunan pozuntu aşkar edilmişdir. Məhkəmə, daxil olmuş şikayəti təqdim olunmuş sənədlərlə əlaqəli araşdırıb, inzibati işin baxılmasında iştirak edən şəxslərin izahatını dinləyərək hesab edir ki, inzibati iş üzrə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk öncə qeyd edir ki, X4 barəsində tərtib edilmiş 05 noyabr 2021ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun təsdiq olunmuş surətindən görünür ki, “Protokolun surətini 20 il “ “ tarixində aldım: İmza” qrafasında X4 həmin protokolun surətini alması və ya almaqdan imtina etməsi haqqında heç bir qeyd aparılmamışdır. “Protokolun surəti 20 il “ “ tarixli nömrəli məktubla ünvanına göndərilmişdir” qrafasında da protokolun surətinin göndərilməsi haqqında heç bir məlumat qeyd olunmamışdır. Halbu ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi, X4 barəsində 05 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolun onun iştirakı olmadan tərtib olunması, həmin protokolun tərtib olunmasından və barəsində inzibati tənbah vermə haqqında qərarın qəbul edilməsindən S.Məlikovun məlumatsız olması sənədlərdə olan məlumatlara əsasən müəyyən edilmişdir. Qeyd olunan hallar onu göstərir ki, inzibati orqan tərəfindən X4 barəsində inzibati icraat qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır. Bununla yanaşı, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayında ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuya sarayın əməkdaşının iştirakı olmadan, hansı qaydada baxış keçirilməsinə və pozuntuların aşkar edilməsinə əsaslı şübhələr vardır. Bundan başqa, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin qeydiyyat və notariat baş idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/4111/2-14 nömrəli məktubdan görünür ki, 05 noyabr 2021-ci tarixdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən adıçəkilən sahibkarlıq subyektində hər hansı yoxlamanın keçirilməsi barədə müraciət daxil olmamış və yoxlama qeydiyyata alınmamışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin qanunun 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Həmin qanunun 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin qanunun 13.1-ci maddəsinə əsasən, sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin qanunun 13.3-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Həmin qanunun 13.4-cü maddəsinə əsasən, yoxlayıcı orqanlar sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərilməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Həmin qanunun 14.1-ci maddəsinə əsasən, yoxlama plan üzrə (növbəti) və ya plandankənar (növbədənkənar) aparılır. Həmin qanunun 14.2-ci maddəsinə əsasən, plan üzrə (növbəti) yoxlama sahibkarın sonuncu plan üzrə (növbəti) yoxlamanın başa çatdığı tarixdən, barəsində plan üzrə (növbəti) yoxlamalar aparılmamış sahibkara münasibətdə isə onun dövlət qeydiyyatına alındığı tarixdən cari plan üzrə (növbəti) yoxlamanın başlandığı ana qədər olan fəaliyyət dövrünü, lakin hər bir halda son üç ildən artıq olmayan dövrü əhatə edir. Beləliklə, yuxarıda qeyd olunan qanunun müddəalarında göründüyü kimi, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Məhkəmə müəyyən olunmuş məlumatlara əsasən qeyd edir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayında aparılmış monitorinq yuxarıda qeyd olunan qanunun tələbləri pozulmaqla vahid məlumat reyestrində qeydə alınmadan aparılmışdır. Belə olan halda, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində qeyd olunduğu kimi vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların gedişində aşkar edilmiş pozuntularla bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Odur ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsində fəaliyyət göstərən “Golden Ring” şadlıq sarayında aparılmış monitorinqin nəticəsi olaraq X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə inzibati məsuliyyət cəlb edilə və barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericliyin tələblərini nəzərə alaraq hesab edir ki, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində tənbeh edilməsi haqqında qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmaqla inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsi ilə təqsirli bilinərək 3500 manat məbləğində tənbeh edilməsi haqqında 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 22 noyabr 2021-ci il tarixli MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməklə inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar