Məhkəmə qərarları › İş №3(007)-1360/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1360/2020

11.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1360/2020 11.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK Bakı Ərazi Sahəsinin əməkdaşları tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə onu təqsirli bilib MN seriyalı, 04044757 nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokol onun iştirakı olmadan tərtib edilmişdir. Guya o, Suraxanı rayonu inzibati ərazisi daxilində Abşeron rayonu istifadəsində olan Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində hasarlanma inşa edərək torpaq sahəsinin münbit qatını korlamışdır. Ümumiyyətlə, həmin protokol səhvən onun adına yazılmışdır. Buna baxmayaraq o, həmin inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası ƏMDK Bakı Ərazi Sahəsinin MN seriyalı, ******* nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qeyd olunan inzibati xəta haqqında qərar barəsində cari ilin avqust ayının 20-də icra məmuru vasitəsi ilə məlumat almış və həmin qərarı rəsmi xx.xx.2020ci il tarixdə Azərbaycan Respublikası ƏMDK Bakı Ərazi Sahəsindən almışdır. İnzibatı xəta haqqında qərardan 10 gün müddətində şikayət etmək hüququ vardır. Həmin qərardan şikayətçidir. Belə ki, həmin qərar tam qanunsuzdur və ləğv edilməlidir. O, inzibati xətanı törətmədiyinə və əməlində inzibati xətanın tərkibi olmadığına baxmayaraq qərəzli şəkildə inzibati məsuliyyətə cəlb olunmuşdur. Bununla yanaşı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol onun iştirakı olmadan tərtib edilmiş və həmin protokol öz iradlarını bildirmək üçün ümumiyyətlə ona verilməmişdir. Eyni zamanda həmin protokola əsasən başlanılmış inzibati işə baxılarkən dəvət edilib izahatı alınmadan, məsələ araşdırılmadan xx.xx.2019-cu il tarixdə hüquqları pozularaq qanunsuz inzibati xəta haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X4 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun tərəfindən istifadəsində olan Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində hər-hansı hasarlanma inşa edilməmişdir. Məhkəmədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X7 izahat verərək bildirmişdir ki, X2 Abşeron rayon quşçuluq sovxozunun ərazisində icarəsində olan kənd təsərrüfatı təyinatlı 9,03 ha torpaq sahəsində mişar daşından hasar çəkilmiş və bununla torpaq sahəsinin münbit qatı korlanmışdır. Orada yaşayış olmadığından tərtib edilmiş inzibati xəta haqqında protokolun surəti və bildiriş poçt vasitəsi ilə X2 qeydiyyatda olduğu ünvana göndərilmiş və Azərpoçtun xəbərnaməsinə əsasən Ələkbərova Lalə adlı şəxs tərəfindən alınmışdır. İnzibati qərar qəbul ediləcək tarix və yer barədə bildirişdə qeyd olunmasına baxmayaraq Qəyyumova Sevinc qərar qəbul edilməsində iştirak etməmiş və bu barədə məlumat verməmişdir. X2 barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin baş məsləhətçisi tərəfindən tərtib olunmuş xx xxxxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, X1 rayon inzibati ərazisi daxilində, Abşeron rayonunun istifadəsində olan Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində hasarlanma inşa edərək torpaq sahəsinin münbit qatını korlamış, nəticədə Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin müdiri X9 tərəfindən qəbul olunmuş xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 600 manat məbləğində cərimə edilmişdir. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli, xx xxx 2015-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsi xx xxxxxx 2010-cu il tarixli, 2178 nömrəli icarə müqaviləsi və xx xxxxxx 2015-ci il tarixli, 3M-1-120 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 2010-cu il tarixdən başlayaraq 99 il müddətinə X2 xeyrinə yüklü edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 244.2-ci maddəsinə əsasən torpaqların (meşə fondu torpaqlarının) münbit qatının korlanması həmin maddədə nəzərdə tutulmuş inzbati məsuliyyətə səbəb olur; fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qeyd olunduğu kimi, qərardan şikayət vermiş X2 inzibati qaydada tənbeh edildiyi Azərbaycan Respublikası İXM-nin 244.2-ci maddəsində torpaqların (meşə fondu torpaqlarının) münbit qatı korlandığı halda, xəta həmin maddədə nəzərdə tutulmuş inzbati məsuliyyətə səbəb olur. Lakin nəzərə alınmalıdır ki, inzibati xəta haqqında protokolda və onun əsasında qəbul edilmiş inzibati qərarda göstərilən torpaq sahəsi icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən Abşeron rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxx 2010-cu il tarixdən başlayaraq 99 il müddətinə X2 xeyrinə yüklü edilmişdir, torpaq sahəsi onun istifadəsində, icarəsindədir. İlk növbədə qeyd edilməlidir ki, X2 Abşeron Quşçuluq sovxozu ərazisində yerləşən 0,03 ha torpaq sahəsində hasarlanma inşa etməsini, bu işlərin torpaq sahəsinin məhz onun icarə və istifadəsində olduğu müddətdə həyata keçirilməsini, işlərin onun icarəsində olan torpaq sahəsinin koordinatları daxilində görülməsini təsdiq edən sübutlar əldə edilməmiş, inzibati xəta haqqında protokol və qərarda bu barədə qeydiyyat aparılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Məhkəmə iclasında X4 tərəfindən istifadəsində olan Abşeron rayonu, Abşeron quşçuluq sovxozu ərazisində yerləşən 0.03 ha torpaq sahəsində hasarlanma inşa edilərək torpaq sahəsinin münbit qatının korlanması sübuta yetirilmədi. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin müdiri F.A.Mirzəyev tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Bakı Ərazi Şöbəsinin müdiri F.A.Mirzəyev tərəfindən qəbul edilmiş xx xxx 2019-cu il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar