Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1360/2025 01.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 01 mart 2025ci il tarixli, EQ seriyalı, 26352399 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 01 mart 2025ci il tarixli, EQ seriyalı, 26352399 nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 28.02.25-ci il tarixində Nissan Tida markalı **- BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 1 ünvanında idarə edərkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə 50 manat məbləğində cərimə təyin edilmişdir. Videoda aydın görünür ki, o, heç bir qayda pozuntusuna yol verməmişdir. Piyada zolağında gözləyən xanım sağda dayanmış avtomobilin önündə dayandığına görə görünmür. Lakin video çəkiliş edən kameranın prespektivi ilə baxıldığı zaman əlbəttdəki görüntü fərqli ola bilər. Sürücü tərəfdən baxıldığı zaman piyada gözləmə yerinə görə görünmür. Məlum məsələdir ki, bu halda onun piyadaya yol verməməyi anlaşılandır. Onu da qeyd edir ki, protokolda video çəkiliş edən kameranın nömrəsi qeyd olunmamışdır və bunun özü də qanun pozuntusudur. Əsas olaraq onu da qeyd edə bilər ki, 26 saniyəlik videoda ondan əvvəl keçən 5 avtomobil də eyni qaydada yolu keçmişdir. Bunun özü də piyadanın görünmədiyinə əsasdır. Şərh edilənlərə əsasən, digər tərəflərdən çəkilmiş kamera görüntülərinə məhkəmə iclasında baxış keçirdib hüquqi qiymət verərək, DYPİ-nin 28.02.25-ci il tarixli EQ26352399 nömrəli barəsində qanunsuz və sassız qəbul olunmuş qərarın ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X2 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş, mübahisələndirilən qərarın qəbul olunmasına əsas olan materialları (sübutları), habelə, X1 Baş Dövlət Yol Polis İdarəsinə müraciət edib-etməməsinə, müsbət halda araşdırmanın nəticələrinə dair məlumatları məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq, həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsinə əsasən sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinin İ hissəsinə əsasən nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, 01 mart 2025-ci il tarixli, EQ seriyalı, 26352399 nömrəli inzibati tənbeh vermə haqqında qərarda göstərilən - 28 fevral 2025-ci il tarixdə saat 14:40:45-də ünvan 1ndə “Nissan Tiida minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsindən ibarət inzibati xəta, X2 tərəfindən mübahisələndirilmişdir. Məhkəməyə yalnız mübahisələndirilən qərar təqdim edilmişdir, hansı ki, inzibati xəta törətmiş şəxs təqsirsizliyini sübuta yetirməyə borclu deyildir, burada sübutetmə yükü inzibati qərarı qəbul etmiş orqanın üzərinə düşür, həmin orqanın nümayəndəsi isə məhkəmə araşdırmalarında iştirak etmək üçün gəlməmiş, sübutlar təqdim etməmişdir, məhkəmənin özü isə hazırki qaydada aşkar olunmuş nöqsanları araşdırmaq üçün müvafiq imkanlara (texniki resurslar və s.) malik deyildir. Nəzərə alınmalıdır ki, iş üzrə mühüm hallar araşdırılmadığı halda şəxsin Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə təqsirlilik məsələsinin yoxlanılaraq yekun nəticəyə gəlinməsi mümkün deyildir. Halbuki, yaranmış vəziyyətdə Təhlükəsiz Şəhər Kameraları vasitəsi ilə qeydə alınmış görüntülərə baxış keçirilməli, xətanın qeydə alındığı vaxtda və yerdə X1 nizamlanmayan piyada keçidinə yaxınlaşması anında həmin yerdə olan piyadanın əvvəlki və ehtimal olunan xəta anında hərəkətləri, məhz nəqliyyat vasitəsinin hərəkəti ona piyada keçidini keçməyə maneə yaratdığına görə yoluna davam etməməsi məsələsi təhlil edilməli, mümkün halda həmin şəxs müəyyən edilərək izahatı alınmalı və s. bu kimi hallar üzrə araşdırma aparılmalıdır. Məhkəmə bu zaman nəzərə alır ki, İnzibati Xətalar Məcəlləsinin 115-ci maddəsinin ziddinə olaraq iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların qəbul edilən inzibati tənbeh vermə haqqında qərarda göstərilməməsi, inzibati xəta haqqında qərar qəbul etmiş orqanın səlahiyyətli orqanın (vəzifəli şəxsin) İnzibati Xətalar Məcəlləsinin 8, 75 və 76-cı maddələrinin tələblərinə zidd olaraq inzibati xəta törətmiş şəxsin təqsirliliyini sübut etmək vəzifəsini yerinə yetirmək üçün gəlməyərək sübutları təqdim edib onların tədqiqində iştirak etməməsi, belə nəticəyə gəlməyə əsas verir ki, həmin səlahiyyətli orqan (vəzifəli şəxs) iş üçün əhəmiyyətli halları sübuta yetirməmişdir. Ona görə məhkəmə hesab edir ki, X2 tərəfindən törədilməsi ehtimal edilən inzibati xəta üzrə ilkin araşdırma zamanı müvafiq hallar araşdırılaraq inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda, onların məhkəmə baxışı zamanı araşdırılması qeyrimümkündür, inzibati araşdırma qaydasında müvafiq sübutlar tədqiq olunaraq qiymətləndirilməli, zərurət yarandıqda digər hərəkətlər həyata keçirilməli, daha sonra şəxsin təsirlilik məsələsi həll edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş səlahiyyətli orqan tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X1 barəsindəki 01 mart 2025-ci il tarixli, EQ seriyalı, 26352399 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 barəsindəki 01 mart 2025-ci il tarixli, EQ seriyalı, 26352399 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin, həmin iş üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1360/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1360/2025
01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver