Məhkəmə qərarları › İş №3(007)-1365/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1365/2024

27.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1365/2024 27.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün məhkəməyə göndərilmişdir. Daxil olmuş materialı nəzərdən keçirib, hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, materialın məhkəmənin icraatına qəbulunun mümkünlüyü məsələsi yoxlanılarkən müəyyən edilmişdir ki, sözügedən inzibati xəta haqqında protokolun tərtib olunmasının səbəbi, Şəxs, onun Azərbaycan Respublikası İXM-nin 289.0.2-ci maddəsi ilə inzibati qaydada 600 manat məbləğində cərimə olunmasına dair X1 Bakı regional bölməsinin 11 sentyabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli qərarını qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməməsi ilə bağlı olmuşdur. İlk növbədə qeyd edilməlidir ki, 11 yanvar 2024-cü il tarixdə icra sənədi üzrə icraata başlandıqdan sonra həmin icra sənədinin icra edilməməsinin səbəblərinin üzrlü və ya üzrsüz səbəbdən baş verməsinə dair sübutlar materiala əlavə edilməmiş, şəxsin məcburi qaydada gətirilməsi və digər məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görülməmiş, borclu Şəxs dəvət olunaraq izahat alınmamış, icra sənədinin icrasına münasibəti, cərimə məbləğinin ödənilməməsinin səbəbləri araşdırılmamışdır. Azərbaycan Respublikası İXM-nin 100.2 və 100.3-cü maddələrinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Təqdim olunan materiallarla müəyyən olunur ki, Şəxs inzibati xətanı ünvan 1 ünvanında törətmişdir. Həmin yer ət satışı mağazasıdır, yaşayış yeri deyildir. Lakin həmin ünvan borclunun yaşayış yeri kimi qəbul edilməklə bildirişlər qeyd olunan ünvana göndərilmişdir. Hansı ki, borclu Kəlbəcər rayonunda qeydiyyatdadır, onun Nizami rayonunda yaşamasını təsdiq edən sübutlar mövcud deyildir. İnzibati xəta haqqında protokol borclunun iştirakı olmadan tərtib edilmiş, protokolun ona rəsmi qaydada verilməsi və ya poçtla göndərilməsi, çatdırılması təmin edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən hesab edirəm ki, göstərilən nöqsanlarla təqdim edilmiş material natamam olduğu və işə baxılarkən tamamlamaq mümkün olmadığı üçün, tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 109 və 118ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə tərtib edilmiş 22 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Nizami rayon icra şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar