Məhkəmə qərarları › İş №3(007)-1368/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1368/2021

04.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1368/2021 04.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Gəncə şəhəri, Ü.Hacıbəyov küçəsi ev 9, mənzil 16-da qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ev 30, mənzil 77-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 01 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 01 mart 2021-ci il tarixdə saat 07:15-də idarə etdiyi “Dacia Logan minik” markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində geriyə hərəkət etdirərkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozub, arxa tərəfində hərəkətdə olan velosipedin qabaq təkər hissəsindən vurmuş, velosipedi idarə edən Zərərçəkmiş şəxs yerə yıxılmış, nəticədə ona dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 01 mart 2021-ci il tarixdə saat 07:30 radələrində “2111” taksi xidmətindən sifariş qəbul edib müştərini götürmək üçün etibarnamə ilə idarə etdiyi “Dacia Loqan” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu, M.Əliyev küçəsində hərəkət etmişdir. Həmin küçədə yerləşən “Porşe” satış mərkəzinin yanından keçdiyi zaman müştəri ona zəng etmiş, ona görə yolun sağ kənarında avtomobili saxlamışdır. Müştəri telefonla “Porşe” satış mərkəzini keçən kimi sağa dönməli olduğunu ona izah etmişdir. Həmin yeri keçib getdiyi üçün avtomobili ilə geriyə hərəkət etdiyi zaman arxa tərəfindən hərəkətdə olan velosipedlə toqquşmuş, saxlayıb yerə düşəndə velosipedçinin yerə yıxıldığını görmüşdür. Həmin şəxsin əhvalını soruşub onu həkimə aparmaq istəmiş, lakin velosipedçi razı olmayıb onu yaşadığı evinə aparmağı xahiş etmişdir. O, velosipedçini, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs yaşadığı Keşlə qəsəbəsindəki evinə aparmış, orada onları qarşılayan qadın Nicatı özünün tanıdığı həkimə aparacağını bildirmişdir. O, etiraz etməyib cibində olan 30 manat pulu onlara verərək müalicəyə çəkilən xərclərin hamısını ödəyəcəyini bildirmişdir. 02 mart 2021-ci tarixdə Nicatın yaşadığı ünvana gedib ona MRT üçün əlavə 140 manat pul vermişdir. Sonradan isə Nicatın müalicə pulu və işləmədiyi günlər üçün ondan 1000 manat istəmişlər, o, 500 manat verə biləcəyini demiş, bununla da zərərçəkmiş şəxslə razılığa gələ bilməmişlər. Qanunda nəzərdə tutulan qaydada qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 01 mart 2021-ci il tarixdə saat təxminən 07:15 radələrində özünə məxsus velosipedlə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsi ilə hərəkət etmişdir. Həmin küçədə yerləşən “Porşe” mərkəzini keçdiyi zaman “Dacia Loqan” markalı ** UH *** dövlət qeydiyyat nişanlı avtomobilin yolun sağ kənarında saxladığını uzaqdan görmüş, həmin avtomobilə yaxınlaşanda avtomobil qəflətən arxa-arxaya hərəkət etmiş, ona görə dərhal velosipedini sağa istiqamətləndirmişdir ki, avtomobil onu vurmasın. Lakin avtomobil arxa sağ hissəsi ilə onun idarə etdiyi velosipedin qabaq təkər hissəsindən vurmuş, hadisə nəticəsində yerə yıxılaraq xəsarət almışdır. Hadisəni törədən sürücü, sonradan tanıdığı Şəxs onu öz avtomobilinə əyləşdirib velosipedilə birlikdə yaşadığı evə aparmışdır. Zaur həmin gün 30 manat, səhəri gün isə 140 manat pul vermişdir. Lakin sonradan ona dəymiş maddi ziyanı ödəməmişdir. Ondan heç kim 1000 manat istəməmişdir. Yalnız işə getmədiyi günlərin pulunu və velosipedin dəyəri olan 240 manatı, cəmi 700 manat pulu tələb edir. Qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan canlı şəxsin ekspertizasına dair 09 mart 2021-ci il tarixli 169 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sol mil bilək oynağının vətərlərinin gərilməsi və hərəkət məhdudluğu ilə müşayiət olunan şişkinlik halında əzilməsi olmuşdur. Qeyd olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri təsviri hissəsində göstərilən müddətdə, yəni 01.03.2021-ci il tarixdə alınması mümkündür və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 30 mart 2021-ci il tarixli 8/586 nömrəli rəyindən görünür ki, Dacia Loqan markalı ** UN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 aprel 2021-ci il tarixli qərardan görünür ki, HK1-100 saylı araşdırma materialı üzrə qərarın təsviri hissəsində göstərilənlərə əsasən, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DPYŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən zərərçəkmiş şəxs tərəfindən vurulmuş maddi zərərin ödənilməsi barədə tələb irəli sürülməmişdir, lakin müəyyən olunmuşdur ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 100 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ Zərərçəkmiş şəxs izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar