Məhkəmə qərarları › İş №3(007)-1368/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №3(007)-1368/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(007)-1368/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Mehdiyev Nəriman Hüseynqulu oğlu, X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati xəta haqqında qərarından verdiyi şikayəti nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X3 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayəti nəzərdən keçirib, hesab edirəm ki, şikayət məhkəmənin icraatına qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında protokola deyil, səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında qərarına yenidən baxılması nəzərdə tutulmuş və tənzimlənmişdir. Bunun üçün isə, barəsində şikayət verilmiş qərarın mövcud olması və onun şikayətlə birlikdə məhkəməyə təqdim edilməsi zəruridir. Hansı ki, şikayətə belə qərar əlavə edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs isə, protokola onun iştirakı ilə baxılması haqda müvafiq səlahiyyətli orqana (vəzifəli şəxsə) müraciət etmək, işin baxılmasında iştirak etmək, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş inzibati xəta haqqında qərarı rəsmi qaydada aldıqdan sonra isə, narazı qaldığı halda, qanunvericiliyin tələblərinə əməl etməklə yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya ümumi yurisdiksiyalı aidiyyəti rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququna malikdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Şikayətin məzmunu ilə müəyyən edilir ki, X3 mübahisələndirdiyi, lakin təqdim etmədiyi 26 noyabr 2020-ci il tarixli qərardan şikayəti 08 iyun 2022-ci il tarixdə vermişdir. X3 prosessual müddətin bərpası ilə bağlı vəsatət versə də, qərarın özü mövcud olmadığına görə şikayət icraata qəbul edilə bilmədiyindən vəsatətin müzakirəsi üçün əsaslar yoxdur. Eyni zamanda vəsatət verilərkən qərarın rəsmi qaydada əldə edildiyi tarixə və qanunla müəyyən edilmiş müddətdə şikayətin verilməsinin mümkünsüzlüyünə dair sübutlar da əlavə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən həmin maddədə imperativ formada sadalanmış digər məsələlərlə yanaşı həmçinin işin baxılmasının onun səlahiyyətinə aid olub-olmadığını, eləcə də işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq tərtib edilib-edilmədiyini həll etməlidir. Beləliklə, hesab edirəm ki, X1 hazırkı şikayəti geri qaytarılmalı, təkrarən şikayət verərkən mübahisələndirdiyi qərarı təqdim etməklə yanaşaı qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu təqdim etməli olduğu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilməlidir. Qeyd edilməlidir ki, inzibati xətalar haqqında işlər üzrə məhkəmə qərardadları məsələni mahiyyəti üzrə həll etmədiyi üçün, onlardan şikayət verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 106, 118, 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin 26 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Mübahisələndirdiyi qərarı təqdim etməklə yanaşı, həmin qərarı rəsmi qaydada hansı tarixdə aldığını təsdiq edən sübutunu, habelə qərarın rəsmi qaydada ona verildiyi vaxtdan şikayət verilməsi üçün nəzərdə tutulmuş on gün müddəti buraxdığı halda, bunun üzürlü səbəbini göstərməklə və müvafiq sübutunu təqdim etməklə, şikayətlə birlikdə, prosessual müddətin bərpasına dair aidiyyəti məhkəməyə vəsatət vermək hüququ X2 izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar