Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1368/2025 19.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 27 fevral 2025-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 04 sentyabr 2024-cü il tarixdə saat 01:00 radələrində idarə etdiyi “VAZ 21093 minik” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Nizami rayonu Q.Qarayev prospekti ilə hərəkət edib sola, Ə.Vəliyev küçəsinin kəsişməsinə dönərkən yolayrıcını keçmə qaydalarını pozmaqla “Kia Forte minik” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq onunla toqquşmuş, nəticədə “Kia” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlə yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin nümayəndəsi və Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər, məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə gecə saat 01 radələrində idarə etdiyi “VAZ 2109” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nizami rayonu Q.Qarayev prospektində “Ruslan 93” adlı marketin marketin qarşısında sol istiqamətə dönmə əməliyyatı edən zaman “Kia” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Amma qəza zamanı o, zərərçəkmiş qadın görməmişdir. Orada ancaq kişiləri görmüş, onlardan da dəfələrlə soruşmudur ki, kimsə xəsarət alıb, ya yox? Yol polisi də gəlmiş, demişdir ki, heç nə olmayıb, kiməsə zərər dəyməyib. Həmin vaxt zərərçəkmiş şəxsi görmədiyi üçün etiraz edir. Necə bilə bilər ki, hadisə vaxtı orada zərərçəkmiş olub. Dayısı sonradan hadisə yerinə gəlmiş, lakin o da hadisə zamanı xəsarət alan olduğunu bilməmişdir. Demir ki, polis qurma qurub, bəlkə də digər sürücü qurma qurub. Amma o, kiməsə xəsarət yetirməmişdir. Özü tələbədir, Qərbi Kaspi Universitetinin 4-cü kurs tələbəsidir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştrak etmədiyindən ilkin araşdırma zamanı verdiyi izahatı məhkəmə iclasında elan olunaraq tədqiq edilmişdir. Hansı ki, o, həmin izahatında göstərmişdir ki, 04 sentyabr 2024-cü il tarixdə saat təxminən 00:20 radələrində Nizami rayonu Q.Qarayev prospektində 113 saylı sərnişin avtobusu dayanacağına yaxınlaşmış, artıq gec olduğundan avtobus olmadığına görə məcbur qalıb manatlıq taksiyə ön oturacağa əyləşmişdir. Həmin an arxa oturacaqda da 3 nəfər insan olmuşdur. Onun gedəcəyi ünvan Bülbülə qəsəbəsi olmuş, öncədən əl çantasından 5 manat pulu çıxarıb əlində saxlamışdır ki, evə çatandə sürücüyə versin və qalığını əl çantasına qoysun. Avtomobili idarə edən sürücü “Ruslan 93” marketinin qarşısında öz yolu ilə hərəkətdə olarkən qarşı tərəfdən körpünün üzərindən düşən naməlum markalı və dövlət qeydiyyat nişanını bilmədiyi 2 avtomobil sola dönmə qadağan olunsa da, sola dönmə edərkən onun içərisində olduğu avtomobilin yoluna çıxdıqları anda toqquşma baş vermişdir. Zərərçəkmiş şəxs hadisədən sonra, 04 sentyabr 2024-cü il tarixdə 24 saylı şəhər poliklinikasına müraciət etmiş və onda müvafiq bədən xəsarətləri aşkarlanmışdır. İşdə olan canlı şəxsin ekspertizasına dair 01 oktyabr 2024-cü il tarixli 795 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs sağ alın nahiyəsinin şişkinlik halında əzilməsi, hər iki dizin qançırları olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İşdə olan 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, HK/1-556 nömrəli araşdırma materialı üzrə baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, onun əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb edilməsi üçün materialın Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə işdə iştirak edən şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə qeyd edir ki, inzibati xəta törətmiş şəxsin izahatında irəli sürdüyü dəlillər ilkin araşdırma zamanı toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur, hər hansı əsası yoxdur. Qeyd edildiyi kimi, Zərərçəkmiş şəxs hadisə zamanı “Kia Forte minik” markalı **-YL-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş olmuş, hadisə yerində olan şəxslər onu digər taksi avtomobili ilə yaşadığı ünvana yola salmışlar, Zərərçəkmiş şəxs bundan sonra bədənində olan ağrılara görə, 04 sentyabr 2024-cü il tarixdə 24 saylı şəhər poliklinikasına müraciət etmiş və onda müvafiq bədən xəsarətləri aşkarlanmışdır. Canlı şəxsin ekspertizasına dair 01 oktyabr 2024-cü il tarixli 795 nömrəli rəylə Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər almasını müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən vurulmuş zərərin ödənilməsi ilə bağlı tələb irəli sürülməmişdir, lakin zərərçəkmiş şəxslə bununla bağlı razılıq əldə edilməmişdir, ona görə həmin şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia verə bilmək hüququ zərərçəkmiş şəxsə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1368/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1368/2025
19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver