Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1370/2020 02.09.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Ələsgərova Aytac Hikmət qızının katibliyi, Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, tərcüməçi X3, tələbkar Kenan Ozkulucunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Murat Aşıroğlunun və onun müdafiəçisi – Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1968-ci ildə Türkiyə Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Murat Aşıroğlunun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən borclu Murat Aşıroğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini icra etməsinə dair xəbərdarlıq edilməsinə baxmayaraq icra sənədini icra etməmişdir. Bu barədə Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 tərəfindən xx.xx.2020-ci il tarixdə MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Uğur Basadan və Murat Aşıroğludan müştərək qaydada 20000 manat məbləğində pul vəsaitinin alınaraq Kenan Ozkulucuya ödənilməsi qət edilmişdir. İcra sənədi icraata qəbul edildikdən sonra icraata başlamaq haqqında qərar və bildiriş borcluya göndərilmişdir. Murat Aşıroğlu icra sənədini icra etməkdən qərəzli boyun qaçırır. Məhkəmədən Murat Aşıroğlunun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Murat Aşıroğlu izahat verərək bildirmişdir ki, o, icra sənədini icra etməkdən boyun qaçırmır. Ölkədə olan pandemiya ilə əlaqədar işi bağlandığından icra sənədi üzrə borcu ödəyə bilməmişdir. İcra sənədi üzrə bu vaxta qədər tələbkara digər borclu 10000 manat, o isə 1500 manat ödəmiş, hal-hazırda qalan borcundan 200 manat ödəyir. Hazırda heç bir yerdə işləmir, borcunu birdəfəyə ödəməyə maddi imkanı yoxdur. Satıb tələbkara olan borcunu ödəyə biləcək heç bir əmlakı yoxdur. Ayın 20-nə kimi borcundan 1000-1500 manat, qalan borcunu isə hissə-hissə ödəyəcəkdir. Məhkəmədən barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar Kenan Ozkulucu izahat verərək bildirmişdir ki, borclu icra sənədini icra etməkdən qəsdən boyun qaçırır. Borclu 2014-cü il tarixdən müxtəlif bəhanələrlə borcu ödəməkdən yayınmışdır. Murat yaşadığı ünvanı tez-tez dəyişdiyi üçün icra vərəqəsi də bir icra şöbəsindən digərinə göndərilir. Evlidir, himayəsində iki azyaşlı uşağı var, uşaqlarına qayınatası, qayınanası baxır. Murat yanvar ayında pulu ödəyəcəyinə söz vermiş, lakin heç nə ödəməmişdir. Muratdan borcunu ödəməsini tələb edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, Uğur Basadan və Murat Aşıroğludan müştərək qaydada 20000 (iyirmi min) manat məbləğində pul vəsaitinin alınaraq Kenan Ozkulucuya ödənilməsi qət edilmişdir. - icraata başlamaq haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, həmin tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. - tələbin könüllü icrası haqqında xx.xx.2019-cu il tarixli bildirişdən görünür ki, borclu Murat Aşıroğluna Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədində göstərilən tələbi icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etməsə icranın məcburi qaydada təmin ediləcəyi barədə xəbərdar olunmuşdur. Məhkəmə proses iştirakçılarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Murat Aşıroğlu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Murat Aşıroğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə ödənişlər etmişdir. Pandemiya ilə əlaqədar iş yeri bağlandığından icra sənədini icra edə bilməmişdir. Borclu məhkəmə iclasında tələbkara 200 manat ödəmiş və qalan borcu hissə-hissə ödəyəcəyinə söz vermişdir. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, Murat Aşıroğlunun əməlində qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasından qərəzli boyun qaçırma kimi əlamətlər yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə dair sübutlar təqdim edilmədiyindən və bununla da Murat Aşıroğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanmış icraata xitam verilməlidir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Bu mənada hazırkı qərarda gəlinmiş nəticə borclu Murat Aşıroğlunu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7654/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinin qalan hissədə icrasından azad etmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Məhkəmə hesab edir ki, vəkilin işlə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 2 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 №-li qərarına əsasən hüquqi yardım haqqı 6 (altı) manat miqdarında nəzərə alınmaqla 12 manat (2x6) məbləğində əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə müdafiəçi Vəkil dövlət büdcəsi hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1968-ci ildə Türkiyə Respublikasında anadan olmuş, ünvan 1 ünvanında yaşayan Murat Aşıroğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Murat Aşıroğluna 2 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil 12 (on iki)manat əmək haqqı Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1370/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1370/2020
02.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver