Məhkəmə qərarları › İş №3(007)-1370/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1370/2021

21.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1370/2021 21.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi – Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ massivi 147 ünvanında yaşayan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən Şəxs 11.03.2021-ci il tarixdə saat 15:37 radələrində idarə etdiyi “X1” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospekti ilə hərəkət edərkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etmişdir. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru, polis serjantı Nümayəndə tərəfindən 11.03.2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, 10.03.2021-ci il tarixdə axşam saat 11-12 radələrində idarə etdiyi “X1” minik markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən bir dəfə sağa, bir müddət sonra isə sol tərəfə zolaqları keçərək manevr qaydalarını pozmuşdur. Nizami RPİnin DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılmış və ona avtoxuliqanlıq etdiyi bildirilmişdir. O, razılaşmayaraq heç bir avtoxuliqanlıq etmədiyini bildirmişdir. Onun barəsində əsassız olaraq İXM-nin 511.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişlər. İnzibati xəta haqqında protokolda guya hadisənin 11.03.2021-ci il tarixdə baş verdiyi qeyd edilmişdir. 11.03.2021-ci il tarixdə ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törətməmiş, 10.03.2021-ci il tarixdə isə o, manevr qaydalarını pozmuş, avtoxuliqanlıq etməmişdir. Məhkəmədən göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami RPİ-nin X2 Şöbəsinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə Bakı şəhəri Nizami RPİ-nin X2 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan məhkəmə baxışında tədqiq edilmiş: - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1370/21 saylı, 19.04.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsi və barəsində 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1083/2021 saylı, 04.05.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 1 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılıb araşdırılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin tələblərinin pozulması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsinin tələbinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.1. aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə; 511.1.2. mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə; 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş qərəzli hərəkətlərə yol verməsi öz təsdiqini tapmır. Bundan başqa iş materiallarına əlavə olunmuş videogörüntüdən axşam saatları olduğu görünür, inzibati xəta haqqında protokolda isə inzibati xətanın 11.03.2021-ci il tarixdə saat 15:37-də baş verdiyi göstərilmişdir. Beləliklə, məhkəmə iclasında Şəxs 11.03.2021-ci il tarixdə saat 15:37-də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən inzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi vardır, yəni həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: xx.xx.1991-ci il tarixdə Ağdam rayonunun Şotlanlı kəndində anadan olmuş, Ağdam rayonu, Şotlanlı kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ massivi 147 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar