Məhkəmə qərarları › İş №3(007)-1371/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1371/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1371/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İ.Süleymanov küçəsi, ev 155C-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 11 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 11 mart 2021-ci il tarixdə saat 13:38-də idarə etdiyi “Hyundai Santa FE minik” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İnzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmış, 19 aprel 2021-ci il tarixli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs şikayəti qismən təmin edilərək həmin qərar ləğv olunmuş, iş yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının təşkili ilə bağlı zəruri tədbirlər görülərək rəsmi məktub yazılmaqla, telefonlar vasitəsilə zəng edilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1 və həmin orqanın nümayəndəsi işin baxılmasında iştirak etmək üçün gəlməmiş, müvafiq sübutlarını təqdim etməmişlər. Belə olan halda məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 10 mart 2021-ci il tarixdə saat 23:30 radələrində gecə vaxtı idarə etdiyi “Hyundau Santa FE“ markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Heydər Əliyev prospektində hərəkət edərkən, qarşısında gedən tanımadığı bir avtomobilin yanına yaxınlaşıb bilmədiyi halda onunla eyni sürətdə hərəkət etmişdir. Təxminən 20-30 saniyədən sonra yenidən həmin avtomobilin sağından, sonra sol zolağa keçmişdir. Daha sonra həmin avtomobil onu sağ zolaqla ötüb keçib getmiş, sonra o, həmin avtomobili sol zolaqla keçmişdir. Yəni, bu halla iki dəfə hərəkət etmişlər. Sonra Nizami rayon YPX-nin inspektoru X1 onu saxlayaraq İXM-nin 511.1-ci maddəsilə yol hərəkət qaydasını pozduğunu demiş, ondan sürücülük vəsiqəsini istəmişdir. O isə vəsiqəsinin üstündə olmadığını demişdir. İnspektor qanunu pozaraq avtomobilini cərimə meydançasına aparmışdır. Qeyd edilən xəta 10 mart 2021-ci il tarixdə saat 23.30 radələrində olsa da, protokolda 11 mart 2021-ci il tarixdə saat 13:38-də olduğu qeyd edilmişdir. Halbuki 13:38 günorta vaxtıdır, amma görüntülərdən də gecə olduğu görünür. İnspektor onun sağdan ötmə etmə etməsini avtoxuliqanlıq kimi qeydə almışdır. Əslində o, sağdan ötmə edib, daha sonra sola keçib qəfil tormozlayıb təhlükə yaratsaydı, daha sonra səs salaraq qəfildən sürətlənib insanların dincliyini pozsaydı, ardınca qırmızıda keçsəydi və s. hərəkətlər etsəydi, bu, avtoxuliqanlıq olacaqdı. Yalnız sağdan ötüb sürəti artırarsa, avtoxuliqan kimi deyil, manevr qaydalarını pozan kimi qeydə alınmalı idi. Hətta, əgər o, svetoforda bir az bərk tərpənsəydi, arxadan gələn avtomobil onu ötsəydi, o, yenidən sürəti artırıb onu ötsəydi, burada da onu avtoxuliqan kimi rəsmiləşdirə bilməzdilər. Əslində ötmə, manevr zamanı sərt hərəkətlərin edilməsini YPX əməkdaşları avtoxuliqan kimi rəsmiləşdirirlər. Buna görə də o, avtoxuliqan kimi rəsmiləşməyini qəbul etmir və bunu qanunsuz bir qərar kimi qəbul edir. İşin hallarını və apelyasiya məhkəməsinin qərarında qeyd edilənləri nəzərə alaraq, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində videogörüntülərə ilkin məhkəmə baxışı və apelyasiya baxışı zamanı baxış keçirilsə də, hazırda işə baxılarkən həmin görüntülər işdə aşkar olunmamış, tələb edilməsinə baxmayaraq isə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan məhkəmə iclasında müvafiq nümayəndəsi tərəfindən təmsil ediləməməklə yanaşı görüntüləri də təkrar təqdim etməmişdir. Apelyasiya məhkəməsinin hazırkı iş üzrə 02 iyun 2021-ci il tarixli qərarından görünür ki, şikayət üzrə apelyasiya baxışı zamanı videogörüntülər təkrarən tədqiq edilməklə, videogörüntülərdə hər hansı tarix və vaxtın əks etdirilmədiyi, inzibati xəta haqqında protokol tərtib olunmuş nəqliyyat vasitəsinin hərəkətdə olarkən bir neçə dəfə zolaq dəyişməklə manevr etdiyi müəyyən edilmişdir. Həmçinin, video fayl keyfiyyətsiz olduğundan ehtimal olunan yol hərəkət qaydasının günün gecə və ya gündüz vaxtında törədilməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin dispozisiyasından görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuş, inzibati xətanın obyektiv tərəfi göstərilən 3 əlamətlə xarakterizə edilmişdir: 1) aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə; 2) mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə; 3) mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması. Əməlin Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hamısı mövcud olmalıdır. İş materialları ilə müəyyən olunur ki, videogörüntüyə əsasən Şəxs 11 mart 2021-ci il tarixdə idarə etdiyi “Hyundai Santa FE” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etməsinin öz təsdiqini tapdığını göstərilsə də, həmin qayda pozuntularının məhz nələrdən ibarət olması və mütəmadiliyinin nədə ifadə olunmasını (İXM-nin 511-ci maddəsinə dəyişikliklər nəzərə alınmaqla) göstərməmişdir. Məhkəmə apelyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə hüquqi mövqeyini əsas götürməklə və işin faktiki müəyyən olunmuş hallarını nəzərə almaqla, belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş, həmin maddə ilə inzibati xətanın obyektiv tərəfini xarakterizə edən - aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi; eləcə də mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilməsi öz təsdiqini tapmır, buna dair müvafiq sübutlar aşkar edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs 11 mart 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, 11 mart 2021-ci il tarixdə saat 13:38-də idarə etdiyi “Hyundai Santa FE minik” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən hərəkəti istiqamətində bir neçə zolaq dəyişməklə manevr etməsi avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Şəxs həmin vaxt avtomobillə hərəkəti zamanı manevr qaydalarını pozmuşdur, hansı ki, bu hal Şəxs özü tərəfindən etiraf edilir, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür, inzibati xətanın baş verdiyi konkret tarix və vaxt müəyyən edilməklə əmələ hüquqi qiymət verilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar