Məhkəmə qərarları › İş №3(007)-1374/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1374/2021

26.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1374/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclas katibi Həsənova Vəfa Oruc qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar evi 644K ünvanında qeydiyyatda olan (FİN xxxxxxx) Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala əsasən 16.03.2021-ci il tarixdə saat təxminən 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Məshəti küçəsinin kəsişməsində X3 idarə etdiyi “Opel Astra” markalı, dövlət qeydiyyat nişanı **-BF-*** olan avtomobillə Şəxs idarə etdiyi “Saipa Saina EX” markalı, dövlət qeydiyyat nişanı **-PU-*** olan avtomobil toqquşmuş, nəticədə “Opel” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Xaliq qızı xəsarət alaraq 3 saylı ŞKX-na müraciət etmişlər. Bu barədə Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin polis mayoru R.Ə.Rəhimov tərəfindən 09.04.2021-ci il tarixdə İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 16.03.2021-ci il tarixdə saat təxminən 22:15 radələrində etibarnamə ilə idarə etdiyi “Saipa” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R Rüstəmov küçəsi ilə Q.Qarayev prospekti istiqamətində 40- 50 km/saat sürətlə hərəkətdə olan zaman R.Rüstəmov küçəsi ilə Məshəti küçəsinin kəsişməsində olan dairədən qəflətən “Opel” markalı avtomobilin “yol verin” nişanının tələbinə məhəl qoymadan onun hərəkət yoluna çıxaraq düzünə Məshəti küçəsi istiqamətində hərəkət etdiyini görmüşdür. O, dərhal idarə etdiyi avtomobilin əyləcinə basmış, buna baxmayaraq idarə etdiyi avtomobillə “Opel” markalı avtomobilin arasında məsafə az olduğundan idarə etdiyi avtomobilin qabaq hissəsi “Opel” markalı avtomobilin sağ yan orta hissəsi ilə toqquşmuşdur. “Opel” markalı avtomobildə olan sərnişinlər xəsarət aldıqları üçün hadisə yerinə təcili yardım stansiyasının əməkdaşları və polis əməkdaşları gəlmişlər. Yol-nəqliyyat hadisəsi “Opel” markalı avtomobilin sürücüsünün “yol verin” nişanının tələbinə məhəl qoymayaraq onun hərəkət yoluna çıxması nəticəsində baş vermişdir. Ekspert rəyi ilə razı deyildir, baş vermiş yol-nəqliyyat hadisəsində onun heç bir günahı yoxdur. Məhkəmə iclasında Bakı şəhəri Nizami RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X1 bildirmişdir ki, 16.03.2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı “Saipa” markalı avtomobilin sürücüsünün hərəkəti üçün təhlükə “Opel” markalı avtomobilin yol ayrıcına daxil olduğu andan yaranmışdır. Hadisə yerinə baxış keçirilərək hadisə yerinin sxemi çəkilmiş, hər iki tərəfin izahatları alınaraq materiallar rəy verilməsi üçün ekspertizaya göndərilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yol-nəqliyyat hadisələrinin ekspertizaları şöbəsinin eksperti X4 bildirmişdir ki, 29.03.2021-ci il tarixli, 8/642 saylı rəyi müdafiə edir. Təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən rəy vermişdir. “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Saipa Saina EX” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Bakı şəhəri Nizami rayon Polis İdarəsinin nümayəndəsi və zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 1/706 saylı, 17.03.2021ci il tarixli aktdan görünür ki, 17.03.2021-ci il tarixdə saat 00:35-də müayinə olunan Şəxs ayıq olduğu müəyyən edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 17.03.2021-ci il tarixli, 219 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs2 bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun yuxarı 1/3-nin bayır səthinin hematoması, sol əlin İİİ barmağın əsas-orta falanqaların arxa səthinin şişkinlik halında əzilməsi, döş qəfəsinin ön səthinin sol yarısının şişkinlik halında əzilməsi olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 16.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mükündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir . - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 17.03.2021-ci il tarixli, 220 saylı rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ gicgah nahiyəsinin əzilmiş yarası və şişkinlik halında əzilməsi, alnın sol yarısının şişkinlik halında əzilməsi, sağ budun bayır səthinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni 16.03.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 29.03.2021-ci il tarixli, 8/642 saylı rəyinin nəticə hissəsindən görünür ki, təhqiqat tərəfindən təqdim olunan məlumatlara əsasən “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 “Yol verin” üstünlük yol nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Saipa Saina EX” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - AF seriyalı, 306074 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası DİN BDYPİ Qİİ/ 8 Səyyar Asan xidmət mərkəzi tərəfindən 08.08.2019-cu il tarixdə 08.08.2029-cu il tarixədək etibarlı olan “B,C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 3(007)-1374/2021 saylı, 03.05.2021-ci il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və onun barəsində 200 manat məbləğində cərimə tətbiq edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 3(103)-1558/21 saylı, 02.07.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə təqsirli bilinib 200 manat məbləğində cərimə edilməsinə dair 03 may 2021-ci il tarixli, 3(007)-1374/21 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Videogörüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs 16.03.2021-ci il tarixdə saat təxminən 22:15 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Məshəti küçəsinin kəsişməsində idarə etdiyi “Saipa Saina EX” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq X3 idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 16.03.2021-ci il tarixdə saat təxminən 22:15 radələrində idarə etdiyi “Saipa Saina EX” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi ilə Məshəti küçəsinin kəsişməsində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq X3 idarə etdiyi “Opel Astra” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması və nəticədə “Opel Astra” markalı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Xaliq qızına sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməsi proses iştirakçılarının izahatları, ekspert rəyləri və iş üzrə araşdırılmış digər sübutlarla təsdiq edilmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə işin faktiki hallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdiyi xüsusatlara qiymət verərək hesab edir ki, Şəxs izahatında göstərdiyi hallar özünümüdafiə xarakteri daşıyır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə hesab edir ki, aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağlar evi 644K ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində cərimə edilsin. İş üzrə aparılmış tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar