Məhkəmə qərarları › İş №3(007)-1374/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1374/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1374/2024 12.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, 9-cu Sıra küçəsi ev 80B-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 333-1.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 26 dekabr 2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 14 dekabr 2023-cü il tarixdə saat 17:26-da “Toyota Prius (Hibrid) minik” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 322.0.2 və 333-1.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polis şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir, məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 14 dekabr 2023-cü il tarixdə törətdiyi xətaya görə məhkəmənin qərarı ilə 15 gün müddətinə həbs olunmuş və cəzasını çəkmişdir. Hesab edir ki, təkrarən barəsində tənbeh tətbiq oluna bilməz. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, vətəndaş X1 14 dekabr 2023-cü il tarixdə saat 01:30-da DİN-nin 102 zəng mərkəzinə məlumat və eyni tarixdə Bakı şəhəri Nizami RPİ-nin 23-cü polis bölməsinə ərizə verərək, içində sənədlər, sosial kart, geyim əşyası və arvadına məxsus qızıl-zinət əşyaları olan çantanı “Toyota Prius (Hibrid) minik” markalı **-UY-*** dövlət qeydiyyat nişanlı taksidə unutması barədə məlumat vermişdir. Həmin məlumat əsasında avtomobilin sürücüsü Şəxs 23-cü polis bölməsinə dəvət olunmuş, polis bölməsində qeyd olunan hadisə ilə bağlı söhbət zamanı Şəxs hərəkət və davranışında narkotik vasitələrin təsiri altında olması barədə əsaslı şübhələr yaranmış, ona görə o, narkoloji müayinədən keçirilmişdir. Respublika Narkoloji Mərkəzində keçirilən tibbi müayinə zamanı Şəxs narkotik və psixotrop maddə istifadə etməsi nəticəsində sərxoş olması müəyyən edilmiş və bu barədə 14 dekabr 2023-cü il tarixli 1/7332 nömrəli tibbi müayinə protokolu verilmişdir. 23-cü polis bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 15 dekabr 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol əsasında işə baxan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 3(007)-6263/2023 nömrəli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib, barəsində 15 gün müddətinə inzibati həbs növündə tənbeh tətbiq olunmuş, inzibati həbsin başlanğıcı 14 dekabr 2023cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası İXM-nin 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Buna baxmayaraq, Şəxs narkotik və psixotrop maddə istifadə etməsi nəticəsində sərxoş olması barədə 14 dekabr 2023-cü il tarixli 1/7332 nömrəli tibbi müayinə protokol əsasında Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmasına baxmayaraq, həmin sənəd təkrarən sübut kimi təqdim edilməklə, eyni şəxsə münasibətdə “nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə” Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə də inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, Şəxs 23-cü polis bölməsində olarkən onun hərəkət və davranışında narkotik vasitələrin təsiri altında olması barədə əsaslı şübhələr yaranaraq narkoloji müayinədən keçirilməyə təqdim olunsa da, onun İXM-nin 333-1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətdiyi göstərilmişdir, yəni o, həmin vaxt nəqliyyat vasitəsinin idarəçiliyində olmamış, həmin anda saxlanılmamışdır. Bundan başqa, inzibati icraat zamanı bir çox pozuntulara yol verilmişdir, belə ki, inzibati xəta haqqında protokolda xətanın baş verdiyi, xətanın mahiyyəti göstərilməmiş, Şəxs məhkəmənin qərarı ilə əvvəli 14 dekabr 2023-cü il tarixdən hesablanan və 29 dekabr 2023-cü il tarixdə sona çatmalı olan 15 günlük inzibati həbsdə olduğu halda, inzibati xəta haqqında protokolda onun hüquq və vəzifələrinin izah edildiyi, lakin həmin şəxsin protokolu imzalamaqdan imtina etdiyi göstərilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmaqla 14 dekabr 2023-cü il tarixdə törətdiyi eyni fakt üzrə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğundan, tərtib edilmiş inzibati protokol əsasında o, Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə və tənbehə məruz qala bilməz, ona görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmişdir və həmin inzibati xətalar içərisində İXM-nin 322.0.2-ci maddəsi nəzərdə tutulmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” 02 sentyabr 2020-ci il tarixli qərarına əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması ayrı-ayrı orqanların səlahiyyətinə aid olduqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli orqanlar tərəfindən hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsi eyni və ya müxtəlif vaxtlarda törədilən və baxılması eyni orqanın səlahiyyətinə aid edilmiş inzibati xətaların məcmusunun yaranmasının ümumi qaydasını müəyyən edir və onların hansı zamanda (eyni və ya müxtəlif vaxtlarda) törədilməsindən asılı olmayaraq eyni orqan tərəfindən tərtib olunmuş inzibati xətaya dair protokollar əsasında eyni vaxtda baxılmasını nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduqda, ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməsini nəzərdə tutur. Göründüyü kimi, İXM-nin 322.0.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işə baxılması rayon-şəhər məhkəmələrinin səlahiyyətinə aid deyildir, Şəxs barəsində həmin maddə ilə inzibati tənbeh məhkəmə tərəfindən tətbiq oluna bilməz, bu hal İXM-nin 34.1 və 34.3-cü maddələrinin tələblərinə zidddir. Ona görə məhkəmə hesab edir ki, şəxsin barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş orqana göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə olmaqla 14 dekabr 2023cü il tarixdə törətdiyi xətaya dair eyni fakt üzrə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə barəsində inzibati tənbeh etmək haqqında hakimin qərarı olduğundan, onun barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə olan iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 322.0.2-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar