Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1379/2024 18.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala əsasən ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 09:10-da aparılan plandankənar yoxlama zamanı X1 keçmədən plastik cərrahiyyə fəaliyyəti ilə məşğul olması aşkar edilmişdir. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik X4 Nəzarət şöbəsinin mütəxəssisi A.T.Salmanov tərəfindən xx.xx.2024-cü il tarixdə, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Şəxs MMC nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin və Şəxs MMCnin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şəxs MMC-nin icraçı direktoru Sevda Əlizadə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, Səhiyyə Nazirliyi Analitik X4 Nəzarət Şöbəsinin mütəxəssisi X8 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsi ilə MN seriyalı ******* nömrəli, 05 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Sözügedən protokol üzrə başlanmış inzibati xəta haqqında işə baxılması üçün materiallar Azərbaycan Respublikası İXM-nin 18.5-ci və 114.3-cü maddəsinin tələblərinə əsasən Nazir müavini X5 tərəfindən imzalanmış 08 fevral 2024-cü il tarixli, 3-28/2-916/2024 nömrəli məktuba qoşma ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 3(007)-1379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə yuxarıda sözügedən inzibati xəta haqqında işin baxılması xx.xx.2024-cü il, saat 11:15-ə təyin edilmişdir. R.R.Rəhimov ümumi cərrahiyyə ixtisası üzrə sertifikasiyadan keçmiş və ona AH №047129 saylı, 05 sentyabr 2022-ci il tarixli sertifikasiya şəhadətnaməsi verilmişdir. Həmin şəhadətnamə xx.xx.2027-ci il tarixə qədər etibarlıdır. Qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən xx.xx.2024-cü il tarixli, KY242078407 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən klinikada xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli, 3- 28-1/3-2-85/2024 nömrəli qərardan görünür ki, Şəxs MMC-yə məxsus ünvan 3 ünvanında yerləşən obyektdə xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plandankənar (növbədənkənar) yoxlamanın aparılması qərara alınmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşlarının və Şəxs MMC-nin icraçı direktorunun iştirakları ilə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 58 saylı plandankənar (növbədənkənar) yoxlama aktından görünür ki, həmin tarixdə ünvan 4 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada kollektiv şikayət məktubu əsasında plandankənar (növbədənkənar) yoxlama keçirilmişdir. Kollektiv şikayət bir sıra cərrahların müxtəlif klinikalarda “plastik cərrahiyyə” işi üzrə qeyri-qanuni fəaliyyətinə əsaslanır. Bu klinikalar arasında Şəxs MMC-yə məxsus müəssisənin də, adı vurgulanmışdır. Təqdim edilən sənədlərdə 2 (iki) nəfər həkim-plastik cərrahlar X7 və X9 olduğu müəyyən edilmişdir. Yoxlamanın birinci sualı üzrə qeyd edilir ki, əmək müqaviləsinin bildiriş sənədinə əsasən “plastik cərrah” vəzifəsinə götürülmüş X9 ixtisasca “ümumi cərrah”-dır.Yoxlamanın ikinci sualı üzrə qeyd edilmişdir ki, nöqsan aşkarlanmadı. Yoxlamanın üçüncü süalı üzrə qeyd edilmişdir ki, həkim plastik cərrah X9 “ümumi cərrahiyyə” üzrə sertifikasiya şəhadətnaməsinə malik olsa da, plastik cərrahiyyə üzrə praktiki fəaliyyətinə dair dövlət sertifikasiya şəhadətnaməsindən keçməmişdir. Fəaliyyəti barədə təsdiqedici sənədi vardır. Fotoşəkillər çəkilmiş və iş materiallarına əlavə edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə tövsif olunmuşdur. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinə əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. İxtisaslarının təsdiq olunmasından sonra ixtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Həmin Qanunun 49-1-ci maddəsinə əsasən praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli, 108 nömrəli qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir. Həmin Qaydanın 5.1-ci bəndinə əsasən sertifikasiya imtahanının nəticələri əsasında Sertifikasiya Şurası sertifikasiyaya cəlb olunmuş hər bir tibb mütəxəssisi barədə müvafiq qərar qəbul edir. Həmin Qaydanın 6.1-ci bəndinə əsasən sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq məqsədi ilə ixtisasları üzrə növbəti imtahanlarda iştirak etmək üçün Nazirliyə müraciət edə bilərlər. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs MMC-yə məxsus ünvan 4 ünvanında yerləşən klinikada ümumi cərrah X2 keçmədən plastik cərrah kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Törədilmiş inzibati xətanın xarakterini və İXM-nin 31.3-cü maddəsində göstərilən digər halları nəzərə alaraq məhkəmə Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1379/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1379/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver