Məhkəmə qərarları › İş №3(007)-1386/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1386/2024

13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1386/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Qədirli Nigar Aftandil qızının sədrliyi, məhkəmə iclasının katibi Dadıyev Fərahim Balaş oğlunun katibliyi ilə, Şəxs MMC-nin (VÖEN **********) barəsində Azərbaycan Respublikası İXM-nin 485.1, 491.1 və 492.1-ci maddələri ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş 05 fevral 2024-cü il tarixli, 00100-00308/24 nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 33EAG52/47ABE305 nömrə nişanlı avtomaşınla idxal olunan brutto çəkisi 22200 kq olan “Mandarin-satsuma” adlı yükə dair Şəxs MMC tərəfindən verilmiş **********7265 sorğu nömrəli qısa idxal bəyannaməsində alıcı şirkətin adı düzgün olaraq Şəxs MMC göstərilsə də, idxal bəyannaməsində digər sənədlərdə əlavə edilən ixrac bəyannaməsinin üzərində olan QR kodun oxunması zamanı alıcının "xxxx" MMC olması aşkar edilmiş, daha sonra Şəxs MMC-nin xx.xx.2023-cü il tarixli müraciətinə əsasən həmin mallar MMC-yə məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu, 57 ünvanında yerləşən “Meyvəli” bazarındakı anbara boşaldılmış, AA918059, AA918060, AA918061 və AA918062 nömrəli stikerlərlə gömrük təminat atributu təminat altına alınmış, araşdırma zamanı anbara baxış keçirilərkən isə həmin stikerlərin anbarın üzərində olmadığı, həmçinin dəyəri milli valyutaya nisbətdə 8963.25 manat təşkil edən “Mandarin satsuma” kimi bəyan olunan malların anbarda olmadığı müəyyən edilmişdir. Barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs MMC-nin nümayəndəsinə və protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı Baş Gömrük İdarəsinin rəisinin ünvanına tərtib edilmiş 22 dekabr 2023-cü il tarixli və 05 fevral 2024-cü il tarixli raportlardan və işdə olan digər sənədlərdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilən qaydada inzibati xətaya yol verilmişdir. Məhkəmə işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 485.1, 491.1 və 492.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 485.1, 491.1 və 492.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə fiziki şəxslər iyirmi manatdan əlli manatadək məbləğdə, vəzifəli şəxslər yetmiş manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 491.1-ci maddəsinə əsasən bu Məcəllənin 491.2ci və 491.3-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti altında olan mallar və ya nəqliyyat vasitələri ilə qanunvericiliklə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər pozulmaqla qanunsuz əməliyyatlar aparılması, o cümlədən həmin şərtlər və məhdudiyyətlər pozulmaqla onlardan istifadə edilməsi, vəziyyətinin dəyişdirilməsi və ya onlar üzərində sərəncam verilməsinə görə inzibati xətanın bilavasitə obyekti olan malların və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 492.1-ci maddəsinə əsasən gömrük təminatının, yəni mallara və ya nəqliyyat vasitələrinə müvafiq icra hakimiyyəti orqanının tətbiq etdiyi plomb, möhür və digər eyniləşdirmə vasitələrinin həmin orqanın icazəsi olmadan dəyişdirilməsinə, qəsdən məhv edilməsinə, qırılmasına, zədələnməsinə və ya itirilməsinə görə - fiziki şəxslər dörd yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, həmin Məcəllənin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə inzibati xəta törətmiş şəxs törədilmiş inzibati xətalardan daha ciddi xətaya görə müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 491.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 115- 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 485.1, 491.1 və 492.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, İXM-nin 34.3-cü maddəsinə əsasən İXM-nin 491.1-ci maddəsi ilə inzibati xətanın bilavasitə obyekti olmuş 8963.25 manat dəyərində malların 30 (otuz) faizi, 2688.98 (iki min altı yüz səksən səkkiz manat doxsan səkkiz qəpik) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nigar Qədirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar