Məhkəmə qərarları › İş №3(007)-1387/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1387/2022

10.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1387/2022 10.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X2, zərərçəkmiş şəxs X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, orta təhsilli, heç yerdə işləməyən, Bakı şəhəri, Nərimanov rayonu, Böyükşor qəsəbəsi, PUA 38 ünvanda qeydiyyatda olan, Şəxs, barəsində Bakı şəhər Nizami rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: İnzibati xəta haqqında iş üzrə icraat materiallarından və Bakı şəhər Nizami RPİ-nin TŞ-nin təhqiqatçısı polis mayoru X10 tərəfindən HK-1/244 saylı material üzrə qəbul edilmiş 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, 22 aprel 2022-ci il tarixdə saat 20 radələrində Şəxs sürücülük hüququ olmadan idarə etdiyi “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə, X1 hüququ olmadan idarə etdiyi “Toyota-Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X6 tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin köməkçi yolu ilə “Koroğlu” Metrostansiyası istiqamətinə doğru sağ hərəkət zolağı ilə hərəkət edərkən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, məhkəmə iclasında izahat vermiş Bakı şəhər Nizami rayon DYPŞ-nin polis kapitanı X6 göstərmişdir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00-da “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektinin köməkçi yolu ilə “Koroğlu” Metrostansiyası istiqamətinə doğru sağ hərəkət zolağı ilə hərəkət edərkən, X3 idarə etdiyi “Toyota-Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə nəticəsində R.A.Yusubov sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül bədən xəsarəti almışdır. Faktla bağlı sürücülər Şəxs və R.A.Yusubov barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında izahat vermiş zərərçəkmiş şəxs X7 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində idarə etdiyi “Toyota-Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobillə Q.Qarayev Metrostansiyası istiqamətindən, Bakı şəhəri, Q.Qarayev prospektinin köməkçi yolu ilə “Koroğlu” Metrostansiyası istiqamətinə doğru sol hərərkət zolağı ilə hərəkət etmiş, yolun “Lüks” restoranının qarşısından keçən hissəsində onunla eyni istiqamətdə sağ hərəkət zolağı ilə hərərkət edən “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobil yolun hərəkət hissəsində dayanmış avtomobili ötmək üçün qəflətən manevr edib onun hərəkət zolağına keçmiş, həmin vaxt aralarında təxminən 2-3 metr məsafə olduğu üçün sükanı sola çevirsə də, hərəkət zolağında, hərəkət axımını iki hissəyə ayıran daş bardürdan təxminən 3 metr sola doğru məsafədə toqquşma baş vermişdir. Zərbədən onun avtomobili soldakı bardüra dəydiyi üçün sağ təkəri sınmış və idarəetməni itirdiyi üçün yolun sağında parklanmış “Kia” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində bədən xəsarəti almışdır. Məhkəmə iclasında izahat vermiş Şəxs göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 20:00 radələrində idarə “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobillə 30 km/saat sürətlə Q.Qarayev Metrostansiyası istiqamətindən, Bakı şəhəri, Q.Qarayev prospektinin köməkçi yolu ilə “Koroğlu” Metrostansiyası istiqamətinə doğru sağ hərəkət zolağı, yolun sağ kənarında parklanmış avtomobillərin yanından keçərək hərəkət etmiş, yolun “Lüks” restoranının qarşısından keçən hissəsində parklanmış avtomobillərin yanında digər nəqliyyat vasitəsi dayandığı üçün sürəti 10 km/saat həddin azaltmış və həmin avtomobili ötmək üçün sola manevr edib sol zolağa çıxdıqda onunla eyni istiqamətdə sol zolaqla hərərkət edən “Toyota-Prius” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomobilin gəlməsinə fikir verməmiş və həmin avtomobillə soldan birinci zolaqda toqquşmuşdur. Zərbədən həmin avtomobil soldakı bardüra dəyib idarəetməni itirərək yolun sağında parklanmış “Kia” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Hadisə nəticəsində xəsarət almamış və törətdiyi əməldən səmimi peşmandır. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraat materiallarını araşdırıb, tərəflərin izahatını dinləyərək qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/1058 saylı rəyindən görünür ki, “KİA-K5” markalı ** BY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 5-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 xx.xx.2022-ci il tarixli 306 saylı rəyindən görünür ki, X4 hərəkət məhdudluğu ilə müşayiət olunan sağ çiyin qurşağının şişkinlik halında əzilməsi, sağ körpücük sümüyü proyeksiyası nahiyəsinin sıyrığı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınmaları mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İnzibati işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2/13380 saylı protokoldan görünür ki, sürücü Şəxs ayıq vəziyyətdə olmuşdur. İnzibati işdə olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs sürücülük vəsiqəsi verilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh növü tətbiq edərkən, törətdiyi xətanın xarakterini, şəxsiyyətini, təqsirlilik dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında dörd yüz manat məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs nəzərdə tutulmuşdur. Məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən iş üzrə icraatı rədd edən hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində cərimə ilə tənbeh edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar