Məhkəmə qərarları › İş №3(007)-1388/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1388/2022

16.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1388/2022 16.08.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 09 iyun 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs MMC 61600.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 09 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin məbləğdə vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 10 iyun 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X2 protokola dair yazılı etiraz vermiş, etirazını onunla əsaslandırmışdır ki, MMC-nin barəsindəki inzibati xəta haqqında protokolla razı deyillər və aşağıda qeyd edilənlərə əsasən belə hesab edirlər ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, X1 Qida Elektronik Sanayi və Dış Ticaret ltd Şirkəti (bundan sonra satıcı) ilə Şəxs MMC (bundan sonra alıcı) arasında 08 iyun 2020-ci ildə satınalma müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən X1 Qida Elektronik Sanayi və Dış Ticaret ltd Şirkəti Şəxs MMCyə 235125 ABŞ dolları dəyərində məhsul satmağı, Şəxs MMC isə həmin məhsulun dəyərini ödəməyi öz öhdələrinə götürmüşlər. Razılaşmaya əsasən Şəxs MMC müqavilə bağlandıqdan sonra satıcının hesabına 235125 ABŞ dolları məbləğində pul vəsaitini ödəməli, satıcı isə həmin vəsaitin müqabilində alıcıya müqavilədə nəzərdə tutulan məhsulu Bakı şəhərində çatdırmalı idi. (08 iyun 2020-ci il tarixli “İnvoice”də də CİP Baku göstərilməsi bunu sübut edir.) Şəxs MMC müqavilə bağlandıqdan sonra müqavilədə nəzərdə tutulan məbləği iki dəfəyə - 08 iyun 2020-ci ildə 149550 ABŞ dolları, 09 iyun 2020-ci ildə isə 61600 ABŞ dolları olmaqla satıcının hesabına köçürmüş, lakin həmin dövrdən artıq 2 il müddətin keçməsinə baxmayaraq satıcı həmin məhsulu alıcıya təhvil verməmişdir. Həmin müqavilə üzrə onlara təhvil verilməli olan məhsula maraqları artıq qalmadığından Şəxs MMC satıcı X1 Qida Elektronik Sanayi və Dış Ticaret ltd Şirkətinə qarşı məhkəmədə iddia qaldırmaq üçün ona bildiriş göndərilmiş və mediasiyaya müraciət edilmişdir. İşin mediasiyada həll edilməsi 6 saylı Mediasiya Təşkilatı tərəfindən 23 iyul 2022-ci il tarixə təyin edilmiş tərəflər mediasiyaya dəvət edilmişlər. Lakin Azərbaycan Respublikasının Mərkəzi Bankı inzibati xəta haqqında protokolda 09 iyun 2020-ci il tarixli 6 nömrəli ödəniş tapşırığına əsaslanaraq Şəxs MMC tərəfindən 61600 ABŞ dolları məbləğində vəsaitin xaricə köçürülməsinə və 2 il müddət keçsə də malların ölkəyə idxal edilməməsinə istinad etmişdir. Göründüyü kimi hazırki inzibati xəta haqqında icraata xitam verilməsi üçün iki əsas mövcuddur. Birinci əsas odur ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi yoxdur. Yəni Şəxs MMC avans yolu ilə ödəmiş valyuta vəsaitinin müqabilində almalı olduğu malı ala bilməmiş, bu isə onun iradəsindən asılı olmamış, satıcı həmin malı ölkəyə göndərməli olduğu halda bunu etməmiş, bunun nəticəsində Şəxs MMC-yə külli miqdarda zərər dəymişdir. Hal-hazırda həmin malın ölkəyə çatdırılmaması satıcının təqsirindən baş vermiş, bu halda Şəxs MMC-nin təqsiri olmamışdır. Bu baxımdan Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinə bilməz. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İkinci əsas odur ki, inzibati xəta haqqında protokolun özündə də qeyd edilib ki, xəta 10 iyun 2022-ci il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Göründüyü kimi əgər inzibati xəta hələ 09 iyun 2022-ci il tarixdə törədilməmişdirsə, bu zaman hüquqi şəxs barəsində törədilməyən inzibati xətaya görə 09 iyun 2022-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilə bilməzdi. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda qeyd edilən 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Hesab edirlər ki, Şəxs MMC-nin əməlində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şəxs MMC barəsində tərtib edilmiş 09 iyun 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokola əsasən başlanmış icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş 09 iyun 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşə baxılmasının yeri və müddəti vaxtında bildirilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi və ya vəkili, habelə inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə etirazı iş materialları ilə birlikdə tədqiq edib, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 09 iyun 2020-ci il tarixdə 61600.00 ABŞ dolları məbləğində pul vəsaiti ilə bağlı köçürülmənin aparıldığı tarixdən 2 il daxilində həmin məbləğdə vəsait hesabına alınan müvafiq malların ölkəyə idxalını, habelə idxal olunan xidmətlərin göstərilməsinin və ya qabaqcadan ödənilmiş vəsaitin geri qaytarılmasını təsdiq edən sənədlərin müvəkkil banka təqdim edilməməsi, bununla da, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın müvafiq tələblərinin pozulması əsası ilə Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1 və 430.4-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 19 dekabr 2019-cu il tarixli Qərarında göstərilmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas, vəsaitin xaricdə fəaliyyət göstərən hüquqi şəxsə köçürülməsi anı ilə deyil, bu ödənişin aparıldığı gündən Qaydaların 4.3.1.3-cü bəndində müəyyən edilmiş müddətdə malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsinin və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədin banka təqdim olunmaması ilə şərtləndirilmişdir. Bu halda avans ödənişi edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində mallar (xidmətlər) idxal edilmədikdə və ya valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. Baxılan iş üzrə icraatın əsasını təşkil edən EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən 61600.00 ABŞ dolları məbləğində olan vəsaitin bank hesabından 09 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq, həmin məbləğdə vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlərin banka təqdim edilməməsi, qabaqcadan ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə müşayiət olunan xəta 10 iyun 2022-ci il tarixdə törədilsə də, həmin xətaya görə inzibati xəta haqqında protokol xətanın törədilməsi ehtimal edilən tarixdən bir gün əvvəl, 09 iyun 2022-ci il tarixdə tərtib edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi törədilmədiyindən, 09 iyun 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında MMC-nin barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə tərtib olunmuş 09 iyun 2022-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar