Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1389/2021 13.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Ermənistan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Əfəndiyev küçəsi, ev 41-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 05 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 05 aprel 2021-ci il tarixdə saat 10:25-də idarə etdiyi “VAZ 21074 minik” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. İnzibati xəta haqqında işə Bakı şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən baxılmış, 21 aprel 2021-ci il tarixli qərarla Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla 500 manat məbləğində cərimə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli qərarı ilə Şəxs şikayəti qismən təmin edilərək həmin qərar ləğv olunmuş, iş yenidən baxılması üçün rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının təşkili ilə bağlı zəruri tədbirlər görülərək rəsmi məktub yazılmaqla və telefon vasitəsilə zəng edilməklə inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1 və həmin orqanın nümayəndəsi işin baxılmasında iştirak etmək üçün gəlməmiş, müvafiq sübutlarını təqdim etməmişlər. Belə olan halda məhkəmə həmin şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, 05 aprel 2021-ci il tarixdə səhər saatlarında işə gedərkən idarə etdiyi “VAZ 21074“ markalı ** HK *** dövlət qeydiyyat nişanlı avtomobillə Heydət Əliyev prospektində hərəkət etdiyi vaxt, üç hərəkət istiqamətli yolun sol tərəfində hərəkət edən “Prado“ markalı avtomobilə ötmə əməliyyatı keçirmək üçün avtomobilin işıqları ilə işarə verəsə də, həmin avtomobilin sürücüsü 90 km/saatla hərəkətin nəzərdə tutulduğu yol zolağında nəzərdə tutulmuş göstəricidən aşağı sürətdə hərəkət etdiyindən qəza vəziyyəti yaratmış, buna görə o, məcbur olaraq yolun sağ zolağına keçmiş və yolunu davam etdirmişdir. Hansı ki, onun həmin hərəkətlərində ictimai qaydanı və əhalinin dinciliyini nümayişkəranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər edilməmişdir. Bu hallar pozuntu kimi qeydə alınsa belə, manevr qaydalarının pozulması kimi qəbul edilməli idi. Bütün bu halların müxtəlif yerlərdə görüntüləri olmasına baxmayaraq DYP əməkdaşı uzaqdan olan və hadisəni dəqiq göstərməyən görüntünü təqdim etmişdir. İşin hallarını və apelyasiya məhkəməsinin qərarında qeyd edilənləri nəzərə alaraq, barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində videogörüntülərə apelyasiya baxışı zamanı baxış keçirilmiş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın pozulmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinin dispozisiyasından görünür ki, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuş, inzibati xətanın obyektiv tərəfi göstərilən 3 əlamətlə xarakterizə edilmişdir: 1) aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə görə; 2) mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsinə görə; 3) mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması. Əməlin Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə əhatə olunması üçün şəxsin hərəkətlərində bu inzibati xətanın obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hamısı mövcud olmalıdır. Şəxs 05 aprel 2021-ci il tarixdə idarə etdiyi “VAZ 21074 minik” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində yol hərəkəti qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməklə avtoxuliqanlıq etməsinin isə, məhz nələrdən ibarət olması və mütəmadiliyinin nədə ifadə olunması (İXM-nin 511-ci maddəsinə dəyişikliklər nəzərə alınmaqla) müəyyən olunmur. Məhkəmə apelyasiya instansiyası məhkəməsinin hazırkı işlə bağlı mövqeyini əsas götürməklə və işin faktiki müəyyən olunmuş hallarını nəzərə almaqla, belə qənaətə gəlir ki, Şəxs tərəfindən İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulmuş, həmin maddə ilə inzibati xətanın obyektiv tərəfini xarakterizə edən - aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi; mexaniki nəqliyyat vasitəsinin bir və ya daha çox təkərinin yolun səthindən qaldırmaqla idarə edilməsi; eləcə də mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması hallarına yol verilməsi öz təsdiqini tapmır, buna dair müvafiq sübutlar aşkar edilməmiş və məhkəməyə də təqdim edilməmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs 05 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol əsasında, 05 aprel 2021-ci il tarixdə saat 10:25-də idarə etdiyi “VAZ 21074 minik” markalı ** EK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən hərəkəti istiqamətində bir neçə zolaq dəyişməklə manevr etməsi avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Şəxs həmin vaxt avtomobillə hərəkəti zamanı manevr qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür və ona hüquqi qiymət verilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin dövlət yol polisi şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1389/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1389/2021
13.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver