Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1392/2021 21.10.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, Seyfullayeva Şəbnəm Əfqan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 nümayəndəsi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Vəkil qərarından şikayət verilmiş orqan - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin nümayəndəsi X3 iştirakı ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 13 mart 2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən və ona məxsus olan ‘‘Boranı” restoranında müştərilər arasında sosial məsafənin pozulması ilə əlaqədar epidemiya əleyhinə rejimin, sanitariya- gigiyena və karantin rejimlərinin qaydalarını pozulması əsası ilə barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsin əməkdaşı tərəfindən 13.03.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, nəticədə isə həmin inzibati xəta haqqında protokola əsasən 30 mart 2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək AR İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000,00 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd olunan qərar əsassız və qanunsuz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Onun fəaliyyət göstərdiyi “Boranı” restoranda Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə müəyyən edilmiş tələblərə tam əməl edilmiş, yəni qida qəbul zalında masaların və oturacaqların sayı xeyli sayda azaldılmış, masaların arasında 2 metrlik, həmçinin eyni masa arxasında oturacaqların arasında olan 1 metrlik məsafə gözlənilmiş, həm masalar, həm də ki, masa ətrafı oturacaqlar qeyd olunan məsafə nəzərə alınmaqla düzülmüşdür. Bununla yanaşı, restoranın müştərilər üçün görünən bir çox yerlərində “ara məsafəsi gözlə” yazıları vurulmuş və restorana daxil olan müştərilər tərəfindən isə qeyd olunan qaydalara əməl edilmədikdə, onlara bununla bağlı müvafiq xəbərdarlıq edilmişdir. Yuxarıda qeyd olunan qaydanın tələbləri tərəfindən o halda pozulmuş hesab oluna bilərdi ki, o, fəaliyyət göstərdiyi restoranda masaların və eyni masa arxasında oturacaqların arasında olan məsafələri nəzərə almasın. Əgər o, fəaliyyət göstərdiyi restoranda yuxarıda qeyd olunan məsafələrə əməl etmişsə, lakin müəyyən müştərilər restoranda oturduqdan sonra pandemiya şəraitinə laqeyd münasibət bəsləyərək və restoranın personalı tərəfindən edilən xəbərdarlığa belə məhəl qoymayaraq öz istəklərinə uyğun müəyyən dəyişikliklər edirlərsə (misal üçün şəkil çəkdirmək üçün rəfiqəsinin yanına keçməsi, stulu çəkərək öz həyat yoldaşına yaxın oturması, azyaşlı uşaqların öz valideynlərinin yanına yaxınlaşması və sairə bu kimi) bu halda onun bir sahibkar kimi heç bir günahı yoxdur və o, məsuliyyət daşıya bilməz. Qeyd olunan hallar isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsin əməkdaşı tərəfindən qeydə alındığı fotoşəkillərdən açıq-aşkar görünür. Belə ki, fotoşəkillərə diqqətlə baxış keçirilsə görmək olar ki, masa arxasında oturacaqlar və masa üstündə qoyulmuş qabqacaq restoranın personalı tərəfindən masa arasında məsafəyə uyğun olaraq qoyulsa da müştərilər özbaşına hərəkət edərək şəkil çəkdirmək, bir-biri ilə söhbət etmək və ya menyu üzrə yeməkləri sifariş vermək üçün yerlərini dəyişmişlər və sosial ara məsafəsini pozaraq yanbayan oturmuşlar. Belə olan halda isə müştərilər şəxsən Qaydaların tələblərini pozduğu üçün onlar barəsində inzibati xəta haqqında protokollar tərtib edilməli və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməlidir. Sözügedən Qaydalardan da görünür ki, ictimai iaşə obyektinin sahibi yalnız Qaydalarda masaların və eyni masa arxasında oturacaqların arasında olan məsafələrin gözlənilməsinə əməl etməlidir ki, bu tələblərə əməl etdiyi halda isə müştərilərin Qaydaların tələblərinə zidd davranışlarına görə məsuliyyət cəlb edilə bilməz. Eyni zamanda, bildirir ki, iş materiallarında olan fotoşəkillərin inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi qəbul edilməsi inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsin əməkdaşı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərkən hadisə yerindən inzibati xətanın törədilməsini təsdiq etmək üçün fotoşəkillər çəkilsə də, həmin fotoşəkilləri çəkən aparat, onun modeli, tipi, markası və ya digər xüsusiyyətləri barədə heç bir məlumat qeyd edilməmiş, protokolda yalnız fotoşəkillər sözünün qeyd edilməsi ilə kifayətlənmişlər. Fotoşəkillər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsin əməkdaşının işlətdiyi mobil telefon cihazı ilə qeydə alındığından və bu mobil telefon cihazı yuxarıda qeyd olunan normaların tələblərinə uyğun olaraq xüsusi texniki vasitə hesab edilmədiyi üçün onunla çəkilmiş fotoşəkillər də inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Çünki həmin mobil telefon cihazı inzibati xətalar qanunvericiliyinin tələblərinə uyğun olaraq xüsusi texniki vasitə hesab olunmağı üçün müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazı olmalıdırlar ki, qeyd olunanların isə heç biri mövcud deyildir. Həmçinin qeyd olunmaldır ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsin əməkdaşı tərəfindən sübut kimi qəbul edilən fotoşəkillərə isə nəzər yetirilsə görmək olur ki, həmin fotoşəkillərin üzərində xətanın törədilməsi tarixi və saatı qeyd edilməmiş və bu hal da onu deməyə əsas verir ki, sözügedən fotoşəkillərin məhz xətanın törədildiyi, yəni inzibati xəta protokolunun tərtib edildiyi gündə çəkildiyi şübhə altındadır. Belə olan təqdirdə isə həmin fotoşəkillərin inzibati xətanın törədilməsini təsdiq edən sübut kimi qəbul edilməsi qanunvericilik baxımından yol verilməzdir və kobud qanun pozuntusudur. Bundan əlavə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüququ şəxsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarını kobud şəkildə pozmuşdur. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 2.1-ci maddəsinə görə bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5- 7.10-cu, 8-ci, 11.1 -ci. 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir. Sadalanan normalardan göründüyü kimi, sözügedən Qanun müvafiq maddələr istisna olmaqla vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilməsə də, bütün digər növ yoxlamalara, o cümlədən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması sahəsində aparılan yoxlamaya da şamil edilir. Başqa sözlə deyilsə, epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərinin qaydalarını pozulması sahəsində aparılan yoxlama məhz “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilməlidir ki,. yoxlamanın aparılması haqqında qərarın qəbul edilməsi məsələsi də yalnız həmin Qanunun 17-ci maddəsi ilə tənzimlənməlidir. Qeyd olunan normada yoxlamanın yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan qərar əsasında aparılması imperativ qaydada müəyyən edilmişdir. Eyni zamanda, yoxlamanın aparılması haqqında qərarda nələrin göstərilməsi qeyd edilmişdir ki, onlara da qərarın nömrəsi və tarixi, yoxlayıcı orqanın adı (birgə yoxlama aparılan zaman digər yoxlayıcı orqanların da adları göstərilməlidir), yoxlanılacaq sahibkarın adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, yoxlama sahibkarın təsərrüfat obyektində (obyektlərində) aparıldıqda onun (onların) ünvanı, yoxlamanın növü, sonuncu yoxlamanın növü və başa çatma tarixi, yoxlamanın müddəti (başlama və basa çatma tarixləri göstərilməklə), yoxlayıcının (yoxlayıcıların) soyadı, adı, atasının adı və vəzifəsi və plandankənar (növbədənkənar) yoxlama zamanı bu Qanunun 16.1-ci maddəsində göstərilmiş müvafiq hala istinad və yoxlama suallarının siyahısından yoxlanılacaq sualların nömrələri aiddir. Qeyd olunan Qanunun 3.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sözügedən Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Qeyd olunanlardan göründüyü kimi, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması sahəsində yoxlama müvafiq qərar qəbul edilməklə və yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmaqla aparılmalıdır. Lakin təəsüflər olsun ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Gigiyena və X1 hüquqi şəxsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması sahəsində yoxlama apararkən qeyd olunan normaların tələblərini kobud surətdə pozaraq yoxlamanı ümumiyyətlə müvafiq məlumat reyestrində qeydiyyata almamış və yoxlamanın keçirilməsi haqqında qərar qəbul etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X2 nümayəndəsi Vəkil şikayətin məzmununa uyğun izahat verərək məhkəmədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin nümayəndəsi X5 bildirmişdir ki, 13.03.2021-ci il tarixdə “Boranı” restoranında Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi fotoşəkillərlə və digər sənədlərlə tamamilə sübut olunmuşdur. “Boranı” restoranında aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşı tərəfindən ‘‘Boranı” restoranında sahibkarlıq sahəsində yoxlama aparılmamış, sadəcə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarının pozulması yoxlanılmış, bununla da Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə üzərinə qoyulmuş vəzifələri icra etmişdir. Məhkəmədən göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etmişdir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanitariya-Epidemioloji Xidmətin nümyəndəsi R.S.Abbasov tərəfindən tərtib edilmiş 13.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 13.03.2021-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “Boranı” restoranında qida qəbulu zalında oturacaqlar arası məsafə eyni masa arxasında 1 metr, masalararası 2 metrdən az olması faktı aşkar olunmuşdur. Nəzarət cədvəlləri tərtib olunmamışdır. Nəticədə sahibkar X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 4000 manat məbləğində cərimə edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş 29.04.2021-ci il tarixli, 05/S-34-13 nömrəli məktubdan görünür ki, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərinə əməl edilməsinin yoxlanılması məqsədilə dövlət orqanları tərəfindən sahibkarlıq subyektlərində yoxlama tədbirlərinin həyata keçirilməsi ilə bağlı müraciətə baxılmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununun 13-cü maddəsinə uyğun olaraq yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların Azərbaycan Respublikası vahid məlumat reyestri”ndə yerləşdirilməsi üçün Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə şamil edilir. Eyni zamanda Qanunun 3cü maddəsinə görə isə Reyestrdə qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur və bu cür yoxlamaların gedişində aşkar edilmiş Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. - fotoşəkillərdən görünür ki, ünvan 1 ünvanında yerləşən “Boranı” restoranında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Sözügedən Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşları tərəfindən “Boranı” adlı restoranda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması sahəsində aparılan yoxlama Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin vahid məlumat reyestrində qeydiyyata alınmamışdır. Qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin əməkdaşları tərəfindən “Boranı” adlı restoranda epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması sahəsində aparılan yoxlamanın hüquqi nəticəsi yoxdur və yoxlamanın nəticəsində aşkar edilmiş inzibati xəta ilə əlaqədar sahibkar X2 barəsində inzibati tənbeh tədbiri tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5- 1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 tərəfindən verilmiş şikayət təmin edilməli, onun barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi PHŞ-nin baş direktoru S.Həsənova tərəfindən qəbul edilmiş 30.03.2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1392/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1392/2021
21.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver