Məhkəmə qərarları › İş №3(007)-1398/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1398/2022

13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1398/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 25 saylı vəkil bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxxxx 1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi ev 59, mənzil 37-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon icra şöbəsindən daxil olmuş 13 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs, ondan 23164 ABŞ dolları pulun qətnamənin icra edildiyi günə olan manat məzənnəsi ilə tutularaq Zərərçəkmiş şəxs verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(007)-496/2021 nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, borcluya məxsus avtomobilin hərracda 17.000 manat məbləğində qiymətləndirilməsi nəticəsində tələbkarın avtomobili həmin məbləğin əvəzi qismində qəbul etməsindən sonra icra sənədi üzrə qalan borc məbləğini tələbkara ödəməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami rayon icra şöbəsinin böyük icra məmuru X2 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərarı və bildirişi poçtla borclunun ünvanına göndərmişdir, bunu təsdiq edən poçt reyestri icra şöbəsində vardır, təqdim edə bilər, lakin çatdırılma ilə bağlı dəqiq məlum deyil. Borclu icra şöbəsində verdiyi izahatında icra işi ilə tanış olmaq istədiyini bildirmişdir, halbuki, borclu ilə telefonla danışmışlar, onun iş barədə məlumatı olmuşdur. Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, icra sənədi üzrə icraata başlama haqqında qərarı və tələbin könüllü icrası ilə bağlı bildirişi almamış, icra məmurunun çağırışlarından xəbərsiz olmuşdur. Polis tərəfindən axtarılmasını da bilməmiş, 10 iyun 2022-ci il tarixdə bu barədə bildikdən sonra qətnaməni rəsmi qaydada əldə etmək üçün məhkəməyə ərizə ilə müraciət etmiş, 11 iyun 2022-ci il tarixdə icra şöbəsinə getsə də qeyri-iş günü olmuş, ona görə 13 iyun 2022-ci il tarixdə icra şöbəsinə gedərək ilk dəfə izahat vermişdir. Adına qeydiyyatda olan avtomobilin satılmasından məlumatsız olmuşdur, avtomobil faktiki olaraq tələbkarda olmuşdur. Qətnaməni rəsmi surətdə əldə etdikdən sonra ondan apellyasiya şikayəti verəcək və sübut edəcəkdir ki, onun tələbkara borcu yoxdur. Bununla yanaşı onun tələbkara hər hansı ödəniş etməyə maddi imkanı yoxdur, həyat yoldaşı cəzaçəkmə müəssisəsində cəza çəkir, azyaşlı uşaqları onun himayəsindədirlər. İşin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli 2(007)-496/2021 nömrəli icra sənədinə əsasən borclu Şəxs 23164 ABŞ dolları pul qətnamənin icra edildiyi günə olan manat məzənnəsi ilə tutularaq ona verilməlidir. Borclunun adına olan avtomobilin hərracda satış dəyəri 17.000 manat müəyyən edildikdən sonra ona edilmiş təklif əsasında avtomobili həmin məbləğdə pulun əvəzi olaraq qəbul etmişdir. Lakin sonradan görülən tədbirlərə baxmayaraq borclu qalıq borcu ödəməmiş, yayınmışdır. Avtomobilin hərracda qiymətləndirilməsindən və borcunun bir hissəsinin əvəzi kimi onu qəbul etməsindən borclunun məlumatı olmuşdur. Avtomobil onda olsa da faktiki olaraq istifadə etməmişdir. Borclu icra sənədinin icrasını təmin etmədiyinə görə barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında verilən izahatlar və məhkəmə araşdırması zamanı tədqiq olunmuş materiallarla müəyyən edilmişdir ki, 10 fevral 2021-ci il tarixli 2(007)-496/2021 nömrəli icra sənədi 02 aprel 2021-ci il tarixdə verilmiş, 05 aprel 2021-ci il tarixdə icra sənədi üzrə icraata başlanılmışdır. Həmin vaxtdan etibarən 13 iyun 2022-ci il tarixədək olan müddətdə məcburi icra tədbirləri həyata keçirilmiş, borclu Şəxs məcburi gətirilməsinə, özünün və əmlakının axtarılmasına dair qərarlar qəbul edilmişdir. Yalnız 10 iyun 2022-ci il tarixdə borclunun yeri müəyyən edildikdən sonra, 13 iyun 2022-ci il tarixdə icra şöbəsinə gələlək icra sənədinə münasibətinə dair izahat vermiş, dərhal da həmin şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib olunmaqla baxılması üçün məhkəməyə göndərilmişdir. İcra məmuru borclunun icra sənədinin mövcudluğundan məlumatlı olduğunu qeyd etsə də, buna dair sübutlar mövcud olmamaqla nəzərə alınmalıdır ki, qeyd olunduğu kimi borclunun icra sənədinə münasibəti ilə bağlı izahatı alınmamış, icranı təmin etmək üçün könüllü vaxt verilməmiş, icra sənədinin icrası təmin edilmədiyi halda məsuliyyəti barədə xəbərdar edilməmiş və bu kimi digər icra hərəkətləri həyata keçirilməmişdir. Şəxs əməlində inzibati xəta tərkibi olmadığı halda, onun icra sənədini üzürsüz səbəbdən icra etməməsi səbəbi ilə Bakı şəhəri Nizami rayon icra şöbəsinin icra məmuru tərəfindən barəsində əsassız olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Halbuki, həmin maddənin tələbinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur. Göründüyü kimi, həmin maddədə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etmir. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda sözügedən maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilməmişdir. Belə olan halda, borclunun inzibati məsuliyyətə cəlb edilməsi üçün əsaslar mövcud olmamaqla yanaşı, borclu qətnamənin icrasını həyata keçirməli olan icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən yayınmamışdır, onun hərəkətləri icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin üzürsüz səbəbdən yerinə yetirilməməsi kimi qiymətləndirilməməlidir, o cümlədən borclunun icra məmurunun qanuni tələblərini yerinə yetirməməsi, bunda qərəzli olması ilə bağlı icra məmurunun özü də konkret sübut təqdim edə bilməmişdir. Şəxs inzibati xətanın törədilməsində təqsirli hesab edilməsi və inzibati xəta tərkibinin əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) sübuta yetirilmədiyindən, ümumiyyətlə, onun əməlində inzibati xəta tərkibi olmadığından, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törətmiş şəxsin izahatında göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, həmin şəxsdən pul vəsaitinin tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır, qətnamə əsasında verilmiş icra sənədi icra şöbəsinin icraatındadır, qanunvericilikdə qətnamədən apellyasiya və ya kassasiya şikayəti verildiyi hallarda icra sənədi üzrə icraatın dayandırılması nəzərdə tutulmuşdur, gələcəkdə qətnamədən apellyasiya şikayəti veriləcəyi ehtimalı hazırkı inzibati işin icraatının dayandırılmasına və ya xitam verilməsinə əsas vermir. Belə olan halda, məhkəmə yalnız yuxarıda müəyyən edildiyi qaydada işin icraatına xitam verilməli olduğu barədə qənaətini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. İnzibati xəta törətmiş şəxsin müqavilə əsasında vəkili işdə iştirak etdiyindən onun göstərdiyi hüquqi xidmətlərə görə dövlət hesabından əmək haqqının aydırlması məsələsinin müzakirəsi üçün əsaslar qalmır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar