Məhkəmə qərarları › İş №3(007)-1398/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1398/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1398/2023 06.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 368,370,372, mənzil 84-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 06 mart 2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarında 2,130 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib saxlayaraq üzərində daşımış, 04 mart 2023-cü il tarixdə saat 14:05 radələrində Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələri qanunsuz üzərində saxlaması və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, 101A ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq Nizami RPİ-nin 24-cü polis şöbəsinə aparılmış, orada üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarının sağ yan cibində saxladığı həmin çəkidə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X4 protokolun məzmununa uyğun izahat verərək, protokol üzrə qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 04 mart 2023-cü il tarixdə saat təxminən 14:05 radələrində Nizami rayonu, Babək prospektində piyada hərəkət edərkən, iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, narkotik vasitələri üzərində gəzdirməkdə şübhəli olduğunu bildirib onu 24-cü polis şöbəsinə dəvət etmişlər, o, etiraz etməyib polislərlə birlikdə getmişdir. 24-cü polis şöbəsində üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və üzərində qanunsuz hər hansı əşya, maddə, sənəd və s. olduğu halda təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt o, əynindəki şalvarın sağ yan cibində saxladığı bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, suala cavab olaraq bildirmişdir ki, həmin bükümün içərisində qurudulmuş marixuana vardır, marixuananı bir gün əvvəl Nizami rayonu ərazisində tanımadığı şəxsdən 10 manata almış və üzərində saxlamışdır. Həmin marixuana ondan götürülmüş və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Bundan əvvəl o, narkotik vasitədən istifadə etməmişdir, narkotik maddə aludəçisi deyildir, aldığı həmin marixuananı isə sonradan istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. İlk dəfədir ki, inzibati məsuliyyətə cəlb edilir, əməlindən səmimi peşmandır, bir daha belə əməllərə yol verməyəcəkdir. Qeyd etdiklərini və himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun 05 mart 2023-cü il tarixli qərarından görünür ki, Məhkəmə Ekspertiza Mərkəzinin 04 mart 2023-cü il tarixli 7/334 nömrəli rəyinə əsasən Şəxs üzərindən aşkar edilmiş təmiz çəkisi 2,130 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”na əsasən narkotik vasitə olan qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir, lakin Şəxs aşkar olunaraq götürülmüş 2,130 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarında olduğundan cinayət məsuliyyəti yaratmır. Qeyd olunanlara əsasən toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən inzibati tənbeh tədbirinin görülməsi üçün material Nizami rayon polis idarəsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə-üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs narkotik vasitəni könüllü surətdə təhvil verməmişdir, polis əməkdaşları tərəfindən 04 mart 2023-cü il tarixdə saxlanılaraq üzərinə baxış keçirilərkən qeyd olunan maddə aşkar olunmuşdur, ona görə həmin şəxsin istinad olunan maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini və hiayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə qeyd edir ki, 05 mart 2023-cü il tarixdə inzibati qaydada tutulmuş Şəxs inzibati cərimə növündə tənbeh tətbiq edilməli olduğundan, o, məhkəmə iclas zalında dərhal azad edilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, İXM-nin 37-ci maddəsinin tələbinə uyğun olaraq, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan narkotik vasitənin ekspertiza tədqiqatından sonra qalmış hissəsi məhv edilməli, inzibati xəta törədən fiziki şəxs olduğundan iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Bundan başqa vəkilin 3 iş saatı müddətində göstərdiyi hüquqi yardıma görə Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hər saat üçün 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. İnzibati qaydada tutulmuş Şəxs məhkəmə iclas zalında dərhal azad edilsin. Maddi sübut qismində tanınaraq materialla birlikdə məhkəməyə təqdim edilən, ekspertiza tədqiqatından sonra 2,110 qram qalmış narkotik vasitə-qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar