Məhkəmə qərarları › İş №3(007)-1399/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1399/2021

03.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1399/2021 03.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, X1, 31 dekabr 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə barəsində, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin inspektoru X2 tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X4 10 aprel 2021-ci il tarixdə Nizami rayonu, Məshəti ünvan 2 ünvanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən (10 aprel 2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokol əsasında) qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Həmin qərardan X4 məhkəməyə şikayət verərək, barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. M.M.Hacıyev şikayəti onunla əsaslandırmışdır ki, 10 aprel 2021 -ci il tarixdə Bakı şəhərində yerləşən Xudafərin restoranında (foto qoşmada əlavə olunub) 3 dostu ilə birgə nahar edərkən, təxminən saat 15:00 radələrində Bakı şəhər, Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsinin əməkdaşları restorana gəlmiş, həmin restoranda karantin qaydalarının pozulduğunu iddia edərək, bu səbəbdən onu cərimələyəcəklərini bildirmişlər. O, polis əməkdaşlarına bunun əsassız olduğunu, restoranda olan digər şəxsləri tanımadığını, məqsədinin yalnız dostları ilə nahar etmək olduğunu bildirmişdir. Restoran tərəfindən bütün karantin qaydaları qorunmuş, masalar arasında ara məsafəsi saxlanılmış və böyük masalarda cəmi 3 4 nəfərin oturmasına icazə verilmişdir. Polis əməkdaşı israrla onu günahkar çıxarmağa çalışaraq şəxsiyyətinə dair məlumatları təqdim etməyini istəmiş və barəsində cərimə tərtib olunacağını bildirmişdir. Həmin əməkdaşları tərəfindən heç bir inzabati pozuntuya yol verilmədiyinə inandırmağa çalışmış, lakin bunların heç bir nəticəsi olmamışdır. Ona şəxsi məlumatlarını verməyəcəyi təqdirdə barəsində daha ağır cəzanın tərtib olunacağı bildirilmişdir. Bundan sonra məcburiyyət qarşısında şəxsiyyətinə dair məlumatları həmin əməkdaşa təqdim etmişdir. Həmin əməkdaş barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib ediləcəyini bildirərək, onun həmin restorandan kənarlaşmağını tələb etmişdir. Bu zaman o, qanunun tələbinə uyğun olaraq həmin protokolun yerində tərtib olunmalı oluduğunu və protokolun ona təqdim edilməli olduğunu bildirsə də polis əməkdaşı məhəl qoymayaraq onu restorandan kənarlaşdırmışdır. Restorandan kənarlaşdıqdan xeyli müddət sonra EXP ******* nömrəli protokol tərtib olunaraq AR İXM-nin 211.1-ci maddəsi ilə 200 manat məbləğində cərimə olunduğu barədə sms bildirişi gəlmişdir. Təxminən 4 saat sonra isə həmin protokol üzrə qərar qüvvəyə mindiyi barədə növbəti sms bildirişi gəlmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və müddəti barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və X1 iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və inzibati xəta haqqında iş üzrə icraat materiallarını əlaqəli şəkildə tədqiq edərək qeyd edir ki, X1 barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsinə əsaslar olmadığına görə şikayət rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24cü Polis Bölməsinin inspektoru X2 tərəfindən tərtib edilmiş 10 aprel 2021-ci il tarixli EXP № ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında, Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 manat məbləğində cərimə ilə tənbeh olunmuşdur. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 barəsində qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirərək, 10 aprel 2021-ci il tarixdə “Xudafərin” restoranında dostları ilə nahar edərkən, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimin qaydalarını pozmadığını iddia etsə də, onun bu iddasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və məhkəmə zamanı da belə bir sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə 29.05.2020-ci il tarixli, 189 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməlidir: 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla); 1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə 06.07.2020-ci il tarixli, 237 nömrəli qərarının 2-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılmalıdır; qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafələr isə 2 metrdən az olmamalıdır; hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları göstərilməlidir. Nazirlər Kabineti yanında Operativ Qərargahın 19 mart 2021-ci tarixli qərarı ilə, “Koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 2-ci madəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən X1 barəsində qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, M.M.Hacıyevin formal mülahizələrinə əsaslanaraq, faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan inzibati xəta haqqında 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı qərarın ləğv edilməsi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin qanunçuluq, qanun qarşısında bərabərlik, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinin əhəmiyyətli dərəcədə pozulmasına şərait yaradılması yolverilməzdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi X3 tərəfindən X1 barəsində qəbul edilmiş 10 aprel 2021-ci il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar