Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-14/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Qara Qarayev prospektində əlavə yolla özünə məxsus “Mersedes” avtomobili ilə hərəkət edərkən təxminən saat 11:14 radələrində YPX onu saxlamış və Bakı şəhər DYPİ-nin yol patrul xidmətinin inspektoru X5 tərəfindən barəsində İXP ******* saylı protokol tərtib olunmuşdur. Protokolda onun İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 100 manat cərimə edilməsi haqqında tənbeh növü tətbiq edilmişdir. O, bu protokolun tərtib olunmasına etiraz etsə də, inspektor razılaşmamış və protokola aşağıdakı yazını əlavə etmişdir: “3.1. Giriş qadağandır”, yol nişanının tələblərinin pozulması, birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etmə. Protokola etirazını bildirdiyi üçün şikayətinə onun iştirakı olmadan xx.xx.2021-ci il tarixdə baxılaraq heç bir qanuni istinad göstərmədən və öz versiyalarını sübuta yetirmədən barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.4-cü maddələrinin tələblərini pozmaqla 100 manat məbləğində cərimə edilməsi ilə bağlı TP4740239 saylı qərar çıxarılmışdır. O, bu protokolun tərtib olunmasına etiraz etmişdir. İnzibati Xətalar Məcəlləsinin 125.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilir. Həmçinin bu məktub ona göndərilmədən Daxili İşlər Nazirliyinin elektron kabinetində “qərarsız” olaraq yerləşdirilmişdir. Onun etirazı, haqqında çıxarlan qərarın hüquqi əsaslarının olmamasıdır. Belə ki, o, qeyd edilən ərazidə 10 ildən çoxdur ki, yaşayır. Demək olar ki, həmin yoldan tez-tez istifadə edir. O, bilərəkdən qayda pozuntusu etməmişdir, həmişəki kimi həmin yoldan istifadə edərkən böyük yük maşınlarının arxasında gizlənən DYP əməkdaşı onun üzərinə qəfl gələrək saxlamışdır. Çox izah etsə də, o, bununla razılaşmamışdır. Göründüyü kimi bu maddənin tələbləri pozulmuş deyildir. Çünki o, bu qayda pozuntusunu bilərəkdən etməmişdir. Bunun üçün təqsiri sübut olunmalıdır. İXP ******* saylı protokolla Bakı şəhəri DYPİ tərəfindən çıxarılmış xx.xx.2021cı i tarixli, TP4740239 saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş və şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi X4 izahatında göstərmişdir ki, X1 özünün göstərdiyi kimi, o, inzibati xətaya yol verdiyini etiraf edir, lakin o, hesab edir ki, qayda pozuntusunu bilərəkdən etməmişdir. Bu isə, onu inzibati məsuliyyətdən azad etmir. İnzibati araşdırma zamanı müəyyən edilmişdir ki, X3 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozmuş, eləcə də birtərəfli hərəkət yolunda əksinə hərəkət etməyə yol vermişdir. Şikayətin hər hansı əsası yoxdur, qəbul edilmiş qərar qanuni və əsaslıdır. Şikayətin təmin olunmamasını, mübahisələndirilən 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin YPX inspektoru tərəfindən tərtib olunmuş 29 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 29 noyabr 2021-ci il tarixdə saat 11:14-də “Mercedes C220 minik” markalı **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Q.Qarayev prospekti-əlavə yolda idarə edərkən 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozduğuna və birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.4-cü maddələri ilə protokol tərtib edilmişdir. -Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından görünür ki, X3 29 noyabr 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.4-cü maddələri ilə 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-altmış manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə-yüz manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin İ hissəsinin 1 və 2-ci hissələrinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Həmin Qanunun 64-cü maddəsinin İ hissəsinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Q.Qarayev prospekti-əlavə yolda 3.1 “Giriş qadağandır” yol nişanının tələblərini pozaraq avtomobilini birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdirmişdir, bununla da yol hərəkəti haqqında qanunun tələblərini pozmuşdur ki, bu da inzibati məsuliyyətə səbəb olmuşdur. X1 şikayətində qeyd etdiyi, qayda pozuntusunu bilərəkdən etməməsi, həmin yoldan tez-tez istifadə etməsi onun inzibati məsuliyyətdən azad olunmasına əsas vermir, şikayətin təmin olunması üçün qanuni əsaslar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 327.2 və 327.4-cü maddələri ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ-nin Baş Dövlət Yol Polisi İdarəsinin 30 noyabr 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təamin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-14/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-14/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver