Məhkəmə qərarları › İş №3(007)-1402/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1402/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1402/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 3-cü ərazi X9 İdarəsinin X9 şöbəsinin böyük inspektoru X2, həmin orqanın nümayəndəsi-X9 şöbəsinin inspektoru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndələri X1 və X3 iştirakları ilə, "xxxx" QSC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 19 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, 19 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus “Lukoyl” yanacaq doldurma məntəqəsində keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001 bənd 10.4, YTQ 03-2002 bənd 3.1, tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 3-cü ərazi X9 İdarəsinin X9 şöbəsinin böyük inspektoru X6 protokolun məzmununa uyğun izahat vermiş, sualları cavablandırarkən göstərmişdir ki, “Lukoyl” yanacaq doldurma məntəqəsində keçirilən yanğın-texniki müayinəsi real olaraq keçirilmişdir, lakin yoxlamanın işində iştirak edən nümayəndə sənədləri imzalamaqdan imtina etmişdir. Yoxlama zamanı onlara hər hansı sənəd təqdim olunmamışdır, hansı ki, bunu özləri də nümayəndədən tələb etmişlər. Lakin hər hansı sənəd təqdim olunmamışdır. İnzibati xəta haqqında protokolu müdafiə edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidməti 3-cü ərazi X9 İdarəsinin nümayəndəsi X8 qeyd olunanları təsdiq etməklə yanaşı obyekt yüksək risk qrupu kateqoriyasına aid olduğundan yanğın təhlükəsizliyi qaydalarına əməl edilməli olduğunu göstərmiş və qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi X5 izahatında göstərmişdir ki, işdə olan 19 fevral 2024-cü il tarixli “Yanğın-texniki müayinə aktı”nın harada və hansı şəraitdə yazılması onlara məlum deyildir, yoxlamada iştirakları real olaraq təmin edilməmişdir. Yanacq doldurma məntəqələrində iki dəfə siqnalizasiya yoxlanmalıdır, balonlar dolu olmuşdur, bu barədə sənədlər vardır və məhkəməyə təqdim etmişlər. İldə iki dəfə yoxlama aparılmalıdır, lakin onlarda daha artıq, yəni 4 dəfə yoxlanılır. Təqdim etdikləri sübutlarla öz təsdiqini tapır ki, 19 fevral 2024-cü il tarixdə aparıldığı qeyd olunan yoxlamada hər hansı pozuntu aşkar oluna bilməzdi. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" QSC-nin nümayəndəsi X7 qeyd olunaları nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X9 Xidmətinin 3-cü ərazi X9 İdarəsinin 13 fevral 2024-cü il tarixli 1098 nömrəli qərarından və yoxlama suallarının siyahısından görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus “Lukoyl” yanacaq doldurma məntəqəsində 09 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; -X9 Xidmətinin 3-cü ərazi X9 İdarəsinin əməkdaşı tərəfindən 19 fevral 2024-cü il tarixdə tərtib edilmiş 1098 nömrəli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus “Lukoyl” yanacaq doldurma məntəqəsində həmin tarixdə keçirilən yoxlama zamanı aşağıda qeyd olunan qanun pozuntuları aşkar edilmişdir: Obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenilənməyib (YTQ 01.2001 bənd 10.1 – 10.4); Obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya sisteminə mütəxəssis tərəfindən baxış keçirilməmiş və akt tərtib edilməmişdir. (YTQ 01.2001 bənd 3.1). -Məhkəməyə təqdim edilmiş “Xidmətlərin göstərilməsinə dair” 03 fevral 2023-cü il tarixli 230016 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" QSC (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında 01 il müddətinə bağlanmışdır. Müqavilənin predmeti aşağıdakı qaydada müəyyən edilmişdir: “1.1. Bu Müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin tapşırığına əsasən obyektlərdə istismar olunan yanğınsöndürücü balonları və yanğından mühafizə siqnalizasiya sistemini təmir edib, onlara texniki qulluq göstərməyi öz öhdəsinə götürür. -Məhkəməyə təqdim edilmiş “Xidmətlərin göstərilməsinə dair” 07 yanvar 2024-cü il tarixli 240001 nömrəli müqavilənin surətindən görünür ki, həmin müqavilə "xxxx" QSC (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında 01 il müddətinə bağlanmışdır. Müqavilənin predmeti aşağıdakı qaydada müəyyən edilmişdir: “1.1. Bu Müqaviləyə əsasən “İcraçı” “Sifarişçi”nin tapşırığına əsasən obyektlərdə istismar olunan yanğınsöndürücü balonları və yanğından mühafizə siqnalizasiya sistemini təmir edib, onlara texniki qulluq göstərməyi və yanğından mühafizə avadanlıqlarının çatdırılmasını və quraşdırılmasını öz öhdəsinə götürür. -Məhkəməyə təqdim edilmiş aktların, o cümlədən 2023-cü il üzrə sonuncu - 18 dekabr 2023-cü il tarixli 04/2023 nömrəli və 2024-cü il üzrə 30 yanvar 2024-cü il tarixli 17 nömrəli aktların surətindən görünür ki, bağlanmış “Xidmətlərin göstərilməsinə dair” müqavilələrin şərtlərinə uyğun olaraq, "xxxx" QSC-nin Azərbaycan Respublikası ərazisində yerləşən müvafiq yanacaq doldurma məntəqələrində yanğındanxəbərvermə sisteminə rüblük servis xidmətləri göstərilmiş və yararlı vəziyyətə gətirilmişdir, sistemlər tam işlək vəziyyətdədir. Bundan başqa, "xxxx" QSC-də olan yanğınsöndürmə balonlarının saxlanma müddəti bitdiyindən həmin balonlar təkrar doldurulmaq üçün "xxxx" MMC-yə aparılmış və yararlı vəziyyətdə geri qaytarılmışdır. Azərbaycan Respublikasının “Yanğın təhlükəsizliyi haqqında” Qanununun 6-cı maddəsinə əsasən yanğın təhlükəsizliyi sahəsində müəssisələrin aşağıdakı vəzifələri vardır: 1) yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun müvafiq qurumlarının, habelə onların vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək; 2) yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək; 3) yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi tədbirlərini öyrətmək; 4) yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlərlə istifadə olunmasına yol verməmək; 5) yanğından mühafizə bölmələrini bu Qanunla və digər qanunvericilik aktları ilə nəzərdə tutulmuş qaydada yaratmaq və saxlamaq; 6) yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini və şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsiri olan şəxslərin aşkar edilməsində yanğından mühafizə və yanğın nəzarəti qurumlarına köməklik göstərmək; 7) müəssisələrin ərazisində yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğından mühafizə şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtgü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək; 8) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək; 9) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək; 10) yanğınlar, mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və girişlərin vəziyyətindəki dəyişikliklər barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, "xxxx" QSC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri yoxdur, əməlin hüquqa zidd olması ilə bağlı qənaətə gəlinməsi üçün əsaslar yoxdur. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə qeyd olunmalıdır ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsinin mənasına görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulması və ya yerinə yetirilməməsi – həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Məhkəmə tədqiqi zamanı isə aşağıdakı əsaslarla "xxxx" QSC-nin əməlində həmin inzibati xətanın törədilməsi ilə müşayiət olunan inzibati xəta tərkibi müəyyən edilməmişdir. Belə ki, tərtib olunmuş inzibati xəta haqqında protokola görə, 19 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" QSC-yə məxsus “Lukoyl” yanacaq doldurma məntəqəsində keçirilən yanğın-texniki müayinəsi zamanı YTQ 01-2001 bənd 10.4, YTQ 03-2002 bənd 3.1, tələblərinin pozulduğu müəyyən edilmişdir. Həmin pozuntuların isə aşağıdakılardan ibarət olması qeyd edilmişdir: Obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenilənməmişdir (YTQ 01.2001 bənd 10.1 – 10.4); Obyektdə mövcud olan yanğın xəbərverici siqnalizasiya sisteminə mütəxəssis tərəfindən baxış keçirilməmiş və akt tərtib edilməmişdir. (YTQ 01.2001 bənd 3.1). Hansı ki, hüquqi şəxsin nümayəndələri tərəfindən təqdim olunan sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, "xxxx" QSC (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında “Xidmətlərin göstərilməsinə dair” 03 fevral 2023-cü il tarixli 230016 nömrəli və 07 yanvar 2024-cü il tarixli 240001 nömrəli müqavilələr bağlanmışdır, müqaviləyə əsasən isə “İcraçı” tərəfindən müvafiq xidmətlər göstərilmişdir. Yəni, 2023-cü il üzrə sonuncu - 18 dekabr 2023-cü il tarixli 04/2023 nömrəli və 2024-cü il üzrə 30 yanvar 2024-cü il tarixli 17 nömrəli aktlarla təsdiq olunur ki, müqavilələrin şərtlərinə uyğun olaraq, "xxxx" QSC-nin Azərbaycan Respublikası ərazisində yerləşən müvafiq yanacaq doldurma məntəqələrində yanğındanxəbərvermə sisteminə rüblük servis xidmətləri göstərilmiş və yararlı vəziyyətə gətirilmişdir, sistemlər tam işlək vəziyyətdədir. Bundan başqa, "xxxx" QSC-də olan yanğınsöndürmə balonlarının saxlanma müddəti bitdiyindən həmin balonlar təkrar doldurulmaq üçün "xxxx" MMC-yə aparılmış və yararlı vəziyyətdə geri qaytarılmışdır. 19 fevral 2024-cü il tarixli yanğın-texniki müayinə aktında və inzibati xəta haqqında protokolda "xxxx" QSC-nin nümayəndəsinin protokolu və digər sənədləri imzalamaqdan imtina etdiyi göstərilsə də, həmin imtinanı edən şəxsin şəxsiyyəti, səlahiyyəti müəyyənləşdirilməmiş, inzibati araşdırma səthi aparılmışdır. Əks halda, hazırda məhkəməyə təqdim olunan sənədlər inzibati araşdırmanın predmeti olsa, hüquqi şəxsin inzibati qaydada məsuliyyətə cəlb olunması üçün əsaslar olmazdı. Baxmayaraq ki, inzibati xəta törətmiş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, bu sübutetmə bilavasitə inzibati orqanın üzərinə düşür, inzibati orqandan fərqli olaraq "xxxx" QSC tərəfindən təqdim olunan sübutların tədqiqi ilə işin yuxarıda göstərilən faktiki halları ilə müəyyən edilmişdir ki, 19 fevral 2024-cü il tarixdə aparılan yanğın-texniki müayinəsindən daha əvvəldən obyektdə mövcud olan odsöndürən balonların tərkibi yenilənmiş vəziyyətdə olmuş, yanğın xəbərverici siqnalizasiya sisteminə isə mütəxəssis tərəfindən baxış keçirilmiş, rüblük servis xidmətləri göstərilmiş və yararlı vəziyyətə gətirilmiş, sistemlər tam işlək vəziyyətdə olmuşdur. Ona görə məhkəmə hesab edir ki, "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməli və hüquqi şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 53, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" QSC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından, iş üzrə icraata xitam verilsin və inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar