Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1404/2025 04.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərardan şikayət vermiş X3, Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi, həmin şöbənin YNH üzrə inspektoru X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 fevral 2025ci il tarixli, EQ seriyalı, 26134160 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 fevral 2025ci il tarixli, EQ seriyalı, 26134160 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixdə istifadəsində olan “Chevrolet Cruze” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yaşadığı binanın qarşısında - Nizami rayonu Elşən Süleymanov 126 ünvanında avtomobillərin park edilməsi üçün nişanlanmış, xətlənmiş yerdə park etmişdir. Lakin polis inspektoru tərəfindən ona İXM-nin 346.9-cu maddəsi ilə cərimə tətbiq edilmişdir. Xətlər çoxdan çəkilməsinə görə köhnəlmiş, ancaq gözlə görülə biləcək qədərdir. Hesab edir ki, İXM-nin 346.9-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmişdir və bunu sübut edən foto, videoları məhkəməyə təqdim edəcəkdir. Qeyd olunanlara əsasən, məhkəmə araşdırması aparmaqla, məhkəmə iclasında baxış keçirib hüquqi qiymət verərək, xx.xx.2025-ci il tarixli, EQ seriyalı, 26134160 nömrəli barəsində qanunsuz və əsassız qəbul olunmuş qərarının ləğv olunmasına dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X5 şikayətin dəlillərini müdafiə edib eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, həmin hissədə bir maşın sığacaq məsafədə dəmirlər yerləşdirillib. Yola paralel xətlər, zolaqlar, parklama üçün yer vardır. Ora səki deyildir. Ona sübut etsinlər ki, orada xətlər dəmirlərdən əvvəlki olmuşdur. Səkinin səkisi olmur. Onun qarşısında piyadaların getməsi üçün kifayət qədər yer vardır. Şikayətinin təmin edilməsini və barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Nizami rayon polis idarəsinin dövlət yol polisi şöbəsinin nümayəndəsi, həmin şöbənin YNH üzrə inspektoru X4 izahatında göstərmişdir ki, “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X1 rayonu Elşən Süleymanov küçəsi 126 ünvanında 16 fevral 2025-ci il tarixdə saat 14:45-də nəqliyyat vasitəsinin səkidə dayanmasına görə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Orada yaşayış yerinin zirzəmisinə səki birləşir. Xanımın maşını saxladığı yerdə dəmirlər basdırılmışıdr. Həmin yerdə maşın saxlamaq olmaz. Orada maşın saxlamış başqa şəxslərin barəsində də tədbir görülmüşdür. Real olan nədirsə, işarə nədirsə ona uyğun olaraq avtomobili park etməlidirlər. Ora səkidir, heç bir halda avtomobil saxlanıla bilməz. Özü şəxsən qeyd olunan yerə baxış keçirmiş və videogörüntü ilə qeydə almışdır. Şikayət əsassızdır. Nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 fevral 2025-ci il tarixli, EQ seriyalı, 26134160 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən X5 ünvan 3 ünvanında 16 fevral 2025-ci il tarixdə saat 14:45-də “Nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə” Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmçinin əməl inzibati hüquqpozmaya aid edildiyindən, onun törədilməsinə görə qanun inzibati qaydada tənbeh növünü nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 346.9-cu maddəsinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa, nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə altmış manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun: 36-cı maddəsinin İ hissəsinin 1-ci hissəsinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 1-ci maddəsinin 16-cı hissəsinə əsasən səki – yolun hərəkət hissəsinə bitişik olan və ya qazon vasitəsilə ondan ayrılmış, piyadaların hərəkəti üçün nəzərdə tutulan hissəsidir; 45-ci maddəsinin İ hissəsinə əsasən yaşayış zonası olan ərazidə piyadaların hərəkətinə həm səkilərdə, həm də yolun hərəkət hissəsində icazə verilir. Yaşayış zonasında piyadalara üstünlük verilir, lakin onlar nəqliyyat vasitələrinin hərəkəti üçün əsassız maneə yaratmamalıdırlar; 52-ci maddəsinin İV hissəsinin 9-cu bəndinə əsasən nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma qadağandır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X5 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun yuxarıda istinad olunan tələblərinə əməl etməyib, nizamlama vasitəsində başqa göstəriş nəzərdə tutulmadığı halda 16 fevral 2025-ci il tarixdə saat 14:45-də ünvan 3 ünvanında “Chevrolet Cruze minik” markalı, **-TV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini piyadaların hərəkəti üçün nəzərdə tutulan səkidə saxlamışdır ki, onun bu hərəkəti nəticə etibarı ilə Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın təsiri altına düşmüşdür. Həmin xətanın X5 tərəfindən törədilməsi və xətada həmin şəxsin təqsirinin olması inzibati araşdırma zamanı öz təsdiqini tapmış və sübuta yetirilmişdir. Nəzərə alınmalıdır ki, şikayət vermiş şəxsin “...nəqliyyat vasitəsinin park edildiyi yerin qarşısında piyadaların getməsi üçün kifayət qədər yerin olması...” kimi irəli sürdüyü dəlilin hüquqi əsası yoxdur, belə ki, qanunvericilik həmin məsələni “nizamlama vasitələrində başqa göstəriş nəzərdə tutulmamışdırsa - səkilərdə dayanma və ya durma qadağandır” kimi təsbit etmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanılaraq aparılmasına, inzibati xəta haqqında protokolun tərtib olunmasına mane olan hallar, o cümlədən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X3 Azərbaycan Respublikası İXM-nin 346.9-cu maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X3 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 16 fevral 2025ci il tarixli, EQ seriyalı, 26134160 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1404/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1404/2025
04.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver