Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1409/2024 28.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PBnin polis sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi- Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1997-ci il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, İnzibati bina, ev 127-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, UPD qəsəbəsi, Qafqaz küçəsi ev 47-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 28 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs 11 fevral 2024-cü il tarixdə saat 12:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında Zərərçəkmiş şəxs taksi fəaliyyəti göstərdiyi nəqliyyat vasitəsindən düşərkən gediş haqqı olan 7 manat pulu ödəmək üçün üzərində nağd pul olmadığını bildirmiş, bir saatdan sonra həmin məbləğlə birlikdə ödəniş kartına ödəyəcəyi adı ilə aldadıb Zərərçəkmiş şəxs 70 manat nağd pul da almış, lakin cəmi 77 manat pul vəsaitini ödəməyib zərərçəkmiş şəxsə xırda talama yolu ilə 77 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin polis sahə rəisi X4 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, Şəxs dəfələrlə eyni xarakterli xətalara yol verdiyinə görə tənbeh olunmuşdur, ona görə həmin şəxsin şəklini göstərən kimi zərərçəkmiş şəxs onu tanıyaraq ona qarşı dələduzluq edən şəxs olduğunu təsdiq etmişdir. Bundan başqa onun əlaqə vasitəsi kimi zərərçəkmiş şəxsə verdiyi mobil telefon nömrəsinin də Şəxs məxsus olması yoxlama zamanı öz təsdiqini tapmışdır. Görülmüş tədbirlərlə Şəxs 27 fevral 2024cü il tarixdə müəyyən olunaraq saxlanılmış, barəsində tutma protokolu tərtib edilmişdir. İzahatı alınarkən isə əməlini səmimi etiraf etmişdir. Lakin həmin şəxs zərərçəkmişə dəymiş zərəri ödəməmişdir. Qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs onun dostunun dostdur. İşə girmək üçün sağlamlıq arayışı almaq məqsədi ilə ona pul lazım olmuşdur. Ona görə Coşqundan 77 manat pul götürmüş, lakin pulu söz vediyi vaxtda qaytara bilməmişdir, hazırda da ziyanı ödəməmişdir. Qohumu bunun üçün zərərçəkmişlə görüşəcəkdir. Qeyd etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə baxılması üçün nəzərdə tutulan müddəti nəzərə almaqla onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş, onun təhqiqat zamanı verdiyi izahatı elan olunaraq tədqiq edilmişdir. Belə ki, Zərərçəkmiş şəxs həmin izahatında göstərmişdir ki, taksi kimi fəaliyyət göstərir, 11 fevral 2024-cü il tarixdə sifariş əsasında Əsəd adlı müştərini Balaxanı idman kompleksinin qarşısından Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığına aparmışdır. Həmin vaxt saat 12:15 radələri olmuşdur. Əsəd ona yol haqqı olaraq 7 manat ödəməli olmuşdur. Əsəd ödəniş mələğini plastik kart hesabına atacağını bildirmiş, daha sonra ona nağd 70 manat verməsini, bir saata cəmi 77 manat pulu onun kartına atacağını demişdir. O da inanıb 70 manat nağd pulu Əsədə vermişdir. Lakin söz verdiyi vaxtda Əsəd pulu göndərmədikdə onun verdiyi mobil telefon nömrəsinə zənglər etmiş, Əsəd hər dəfə onu aldatmış, pulu ödəməmişdir. Buna görə həmin şəxsin barəsində şikayət etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nin təhqiqatçısının 22 fevral 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs aldadaraq ona məxsus 77 manat pulu ələ keçirmiş şəxsin müəyyən edilərək barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 23-cü PB-nə təqdim edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 27 fevral 2024-cü il tarixli raportdan görünür ki, sözügedən material üzrə xırda talama əməlini törətmiş Şəxs müəyyən edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan ödənilməmiş və onunla barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi məsuliyyəti ağırlaşdıran hal hesab olunur. İş materialları ilə müəyyən olunur ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli 3(007)-6082/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 02 ay müddətinə inzibati həbs növündə tənbeh, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 3(005)-414/2023 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 200 saat müddətinə ictimai işlər növündə tənbeh tətbiq edilmişdir. Ona görə məhkəmə həmin halı Şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 28 fevral 2024-cü il tarixdə saat 11:40-da tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 28 fevral 2024-cü il saat 11:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 23-cü PB-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X3 müvafiq hesablaşma hesabı üzərindən 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1409/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1409/2024
28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver