Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1413/2022 13.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X1, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X4 iştirakları ilə, 10 fevral 1995-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Zəngilan rayonunun Rəzdərə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Q.Nəbi küçəsi, ev 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 13 iyun 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 15 may 2022-ci il tarixdə saat 21:30 radələrində müvafiq hüququ olmadan idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə hərəkət edib həmin küçənin R.Teymurov küçəsi ilə kəsişməsində “yol ver” nişanının tələbini pozub yolayrıcına daxil olaraq R.Teymurov küçəsindən həmin yolayrıcına daxil olan, "xxxx" MMC-yə məxsus olmaqla X3 etibarnamə əsasında idarə etdiyi **-AZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 minik” markalı avtomobillə toqquşmuş, yol hərəkəti qaydalarını pozması nəticəsində zərərçəkmiş hüquqi şəxsə maddi zərər vurulmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru X6 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 15 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində dostu Sənan Əlizadə ilə Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsində olduqları vaxt Sənan günorta saatlarında iki bakal pivə içdiyini bildirərək ondan avtomobili idarə etməsini istəmişdir. O, etiraz etməyərək Sənana məxsus "xxxx" markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmişdir. Sənan “Qara Qarayev” metrostansiyasının yaxınlığında tanış adamla görüşəcəyindən həmin istiqamətə getmişlər. İdarə etdiyi həmin avtomobillə Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi ilə R.Teymurov küçəsi istiqamətində təxminən 40-50 km/saat sürətlə hərəkət etdiyi vaxt Ş.Mirzəyev küçəsində “yol ver” nişanını görmədiyi üçün yol ayrıcına daxil olmuş, soldan avtomobil gəlmədiyini görərək hərəkətini davam etdirmək istəmiş, bu zaman R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində hərəkətdə olan “Mersedes” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən toqquşmuşdur. Onun iş üzrə maddi ziyanı ödəmək fikri var, lakin “Mercedes” markalı avtomobilə dəymiş maddi ziyan həddindən artıq şişirdilməklə yanaşı ziyanın məbləği müxtəlif məbləğlərdə bildirilmişdir, ona görə məbləğ dəqiq müəyyən edilməlidir. İlk dəfə inzibati məsuliyyətə cəlb edildiyini, əməlindən səmimi peşman olduğunu nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 izahatında göstərmişdir ki, **-AZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 minik” markalı avtomobil mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olmaqla etibarnamə əsasında idarə edilməsi üçün X5 verilmişdir. 15 may 2022-ci il tarixdə saat təxminən 21 radələrində Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçələrinin kəsişməsində Şəxs müvafiq hüququ olmadan idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobillə törətdiyi yol-nəqliyyat hadisəsi zamanı MMC-yə məxsus **-AZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 minik” markalı avtomobilə maddi zərər vurulmuşdur. Maddi ziyanın məbləği 53400 manat məbləğindədir, 5000 manat hissəsi sığorta tərəfindən ayrılmışdır, qalan məbləğin ödənilməsini tələb edirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərmişdir ki, 15 may 2022-ci il tarixdə saat təxminən 21:30 radələrində o, etibarnamə ilə idarə etdiyi **-AZ- *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 minik” markalı avtomobillə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsi istiqamətində 60 km/saat sürətlə hərəkətdə olan zaman R.Teymurov küçəsi ilə Ş.Mirzəyev küçəsinin kəsişməsində **-OG- *** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin sürücüsü Ş.Mirzəyev küçəsində “yol ver” nişanının tələbini pozaraq onun hərəkətdə olduğu yola çıxaraq qabaq hissəsi ilə idarə etdiyi avtomobilin arxa sağ qanad və təkər hissəsindən toqquşmuşdur. Nəticədə o, idarəetməni itirmiş, avtomobili fırlanaraq yolun sağ kənarında olan səkiyə dəyərək dayanmışdır. Hadisə zamanı xəsarət aldığı üçün DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, hadisə yerinə polis əməkdaşları gələrək hadisəni rəsmiləşdirmişlər, sonra o, müayinə olunmaq üçün X14 getmiş, həkimlər ona ilkin tibbi yardım göstərərək evə buraxmışlar. **-OG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin sürücüsü Şəxs avtomobili idarə etməyə hüququ olmamış, hadisə zamanı isə gəldiyi sürətlə onun avtomobilini vurmuşdur. Həmin şəxsdən şikayətçidir. İşdə olan canlı şəxsin ekspertizasına dair 27 may 2022-ci il tarixli 374 nömrəli rəydən görünür ki, X3 məhkəmə-tibbi müayinəsi zamanı xəsarət aşkar edilmədiyindən, eləcə də şəxsin adına tərtib edilmiş tibbi sənəddə “Sağ əl, sol dizin yumşaq toxumalarının əzilməsi” diaqnozu qoyulsa da həmin xəsarətin hər hansı bir obyektiv əlamətləri göstərilmədiyindən, R.R.İsmayılovun xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarət alıb-alması barədə fikir söyləmək mümkün olmur. İşdə olan "xxxx" MMC-nin 31 may 2022-ci il tarixli 54 nömrəli məktubundan görünür ki, 15 may 2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, R.Teymurov küçəsində Şəxs idarə etdiyi **-OG-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı avtomobilin "xxxx" MMC-nin mülkiyyətində olan **-AZ-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz G63 minik” markalı avtomobillə toqquşması nəticəsində "xxxx" MMC-yə 17000 manat məbləğində maddi ziyan vurulmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 01 iyun 2022-ci il tarixli qərardan görünür ki, HK1-295 saylı araşdırma materialı üzrə baş vermiş yolnəqliyyat hadisəsi ilə əlaqədar sürücü Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət işi başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün material Nizami RPİ-nin DYPŞ-nin vasitəsi ilə Nizami Rayon Məhkəməsinə göndərilmiş, X8 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın sürəti Nizami RPİ-nin DYPŞ-nə göndərilmiş, "xxxx" MMC-yə dəymiş ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib və inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta (nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi) nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması-həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halın olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 62.1-ci maddəsinə əsasən inzibati xəta nəticəsində mənəvi, fiziki və ya maddi zərər dəymiş şəxs zərər çəkmiş şəxs sayılır. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyət nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərər çəkmiş şəxsə maddi zərər vurulması halında yaranır. Hansı ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, verilmiş tibbi rəyə əsasən X3 məhkəmə-tibbi müayinəsi zamanı ona nəinki yüngül bədən xəsarəti yetirilməmişdir, ümumiyyətlə onda xəsarət aşkar edilməmişdir. Həmin şəxsin idarə etdiyi avtomobil isə mülkiyyət hüququ əsasında "xxxx" MMC-yə məxsus olduğundan və onun yanız avtomobili idarə etmək hüququ olduğundan maddi zərər də hüquqi şəxsə vurulmuş hesab olunur. Odur ki, qeyd olunanlar baxımından məhkəmə hesab edir ki, X10 iş üzrə zərərçəkmiş şəxs hesab oluna bilməz. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Məhkəmədə işə baxılarkən müəyyən olunmuşdur ki, iş üzrə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı mübahisə vardır, ona görə məhkəmə hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin mülki icraat qaydasında belə tələb irəli sürmək hüququ izah edilməlidir. Hansı ki, təhqiqatçı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərkən də həmin zərərçəkmiş şəxsə belə hüququ izah edilmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X9 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Vurulmuş maddi zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüququ zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1413/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1413/2022
13.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver