Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1413/2024 27.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədli Sevinc Əbülfəz qızının katibliyi, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X4 iştirakı ilə, X1 inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 12 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin bölgə müdiri vəzifəsində çalışmış Şahid müraciəti əsasında xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsində MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Şahid xx.xx.2023-cü il tarixdə ərizə təqdim edərək işdən öz arzusu ilə çıxmağı xahiş etmişdir. xx.xx.2023-cü il tarixli "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış məktubda göstərilən müraciət əsassız hesab edilməlidir. Həmçinin xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə qərarında göstərilən qısaldılmış iş rejiminin tətbiq edilməməsi məsələsi ilə bağlı xx.xx.2024-cü il tarixli məktub qoşma cədvəli ilə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrinin pozulması halları olmamışdır. Belə ki, Şahid əmək məzuniyyətinə çıxması və ödənişlər ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. Lakin bu hallar nəzərə alınmamış, protokol və qərar qəbul edilmişdir. Qeyd edilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2024-cü il tarixdə MN seriyalı, ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşə baxılmasının yeri və vaxtı haqqında məlumat verilsə də, qərardan şikayət vermiş X2 məhkəmə iclaslarında iştirak etməmiş, ərizələrlə müraciət edərək şikayətində bildirdiyi xüsusatları təsdiq etdiyini, iş vəziyyəti ilə əlaqədar məhkəmə iclasında iştirak etmək imkanının məhdud olduğunu göstərmiş, işə onun iştirakı olmadan baxılaraq şikayətinin təmin olunmasını, barəsində şikayət verdiyi qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizələri iş materialları ilə birlikdə nəzərdən keçirib, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi X8 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, X5 daxil olmuş şikayət üzrə araşdırma ilə müəyyən edilmişdir ki, bayramdan bir gün əvvəl iş günü qısaldılmalı olduğu halda, Şahid iş günü qısaldılmamışdır. Məzuniyyətə çıxmasına üç gün qalmış isə məzuniyyət pulu ödənilməli olsa da, bu tələbə də əməl edilməmişdir. “ABB” bank çıxarışlarından da həmin məzuniyyət pullarının ödənilmədiyi görünür. Bundan başqa, işçi daha aşağı vəzifəyə keçirilərsə, bu zaman işçinin razılığı olmalıdır. İşçinin aşağı vəzifəyə keçirilməsi qanunsuzdur. Şikayətin əsassız olduğunu və qərarın qanuni əsaslarla qəbul olunduğunu nəzərə alaraq, şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, o, "xxxx" MMC-də işləyərkən Göyçay rayonunda əraziyə müdir keçmiş, 9 ay orada işləmişdir. Sonra onun ərazisini dəyişmişlər, Yevlax rayonunda işləmişdir. Departamentin onunla şəxsi qərəzliyi olmuş, səlahiyyətində olmayan işlərlə əlaqədar ondan şikayət etmişlər. Sonra şöbə müdiri onu çağırmış, əraziyə çıxmamasını demişdir. Bunun səbəbini soruşanda isə onu işdən kənarlaşdırdıqlarını demişlər. Sonra onu məzuniyyətə çıxarmışlar, bir neçə ay məzuniyyətdə qalmışdır. Daha sonra ona demişlər ki, mağaza müdiri işləsin, lakin o, razılaşmamış və öz ərizəsi əsasında işdən çıxmışdır. Buna görə "xxxx"i məhkəməyə verməmişdir. Məzuniyyətə çıxanda ona kart vasitəsi ilə ödəniş edilmişdir. Nə qədər ödəniş edildiyi yadında deyildir. Ona işdən çıxandan sonra 20 manat pul ödəmişlər. Onu 07 mart 2023-cü il tarixdə, bayram günündən bir gün əvvəl tam işlətmişlər, məzuniyyətdən 3 gün əvvəl isə ödəniş edilməmişdir. Ona hər ay 600 manat əmək haqqı vermişlər, bir də imza çəkib pul almış, ümumilikdə hər ay 1000 manat almışdır. Müqavilədə maaşı 670 manat olmuş, sonra 1100 manat etmişlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Şahid elektron müraciətindən görünür ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin “mailto:demx@sosial.gov.azElektron ünvan ” saytına yazılı müraciət edərək, onun "xxxx" MMC-də bölgə müdiri vəzifəsində çalışdığını, rəsmi səbəb olmadan işdən kənarlaşdırıldığını, keçib mağaza müdiri kimi işləməsinin təklif edildiyini, lakin onun razı olmadığını, işlədiyi əraziyə başqa bölgə müdiri təyin olunduğunu bildirmişdir; -"xxxx" MMC-nin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinə ünvanlanmış 19 yanvar 2024-cü il tarixli İR 358 nömrəli məktubunun surətindən görünür ki, həmin idarənin 21 dekabr 2023cü il tarixli 3-17-5/2-52626/2023 nömrəli məktubuna 11 yanvar 2024-cü il tarixli İR 0111 nömrəli məktub və müvafiq alt sənədləri göndərilmişdir. Göndərilmiş sənədlərin içərisində iş vaxtının uçot cədvəlində aşağıdakı texniki yanlışlıqlar olmuşdur. Müvafiq cədvəl şirkət daxili ERP sistemindən əldə edilir və sistem yenilənmələri baş verdiyi üçün bəzi hallarda bu kimi texniki xətalar müşahidə olunur. Qeyd olunanların üzrlü hesab olunması xahiş edilmişdir. ERP sistem xətası aradan qaldırıldığı üçün müvafiq məktuba düzgün məlumatları əks etdirən iş vaxtının uçotu cədvəli əlavə olunaraq göndərilir: mart 2023 - 7 mart tarixi bayramqabağı qısaldılmış iş günü olmasına baxmayaraq texniki xəta ilə bağlı tam gün (7 saat) göstərilmişdir. Lakin həmin gün hər hansı bir əlavə saat işə cəlb edilmə olmamış və real olaraq iş günü 1 saat qısaldılmışdır (6 saat); Aprel 2023 - cədvəlin sonunda texniki xəta ilə bağlı faktiki çalışma saatı toplam çalışma saatından 1 saat çox görsənir. Halbuki cədvəl üzrə çalışma saatlarını cəmlədikdə aylıq normanı vermiş olur; May-İyun-İyul 2023-cədvəlin sonunda texniki xəta ilə bağlı faktiki çalışma günü və faktiki çalışma saatları sıfır claraq görsənir. Halbuki cədvəl üzrə çalışma saatları mövcuddur və cəmlədikdə aylıq normanı vermiş olur. -Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 12 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X3 2023-cü ilin noyabr və fevral ayları üzrə əmək məzuniyyətinə görə orta əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələbləri pozulmuş, 07 mart 2023-cü il tarixdə iş gününün müddəti Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq qeyri-iş günü hesab edilən bayram günü qabağı 1 saat qısaldılmamış və buna uyğun əmək haqqı ödənilməmişdir. Nəticədə "xxxx" MMC-nin direktoru X2 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədildiyindən o, həmin maddə ilə 1000 manat məbləğində inzibati cərimə edilmişdir. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Hazırkı halda məhkəmə hesab edir ki, X2 tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz həmin vəzifəli şəxs, "xxxx" MMC-nin direktoru tərəfindən törədilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən yuxarıda istinad olunan, mübahisələndirilən qərarın qəbul edilməsinə, X3 2023-cü ilin noyabr və fevral ayları üzrə əmək məzuniyyətinə görə orta əmək haqqının ödənilməsində Əmək Məcəlləsinin 140.5-ci maddəsinin tələblərinin pozulması, 07 mart 2023-cü il tarixdə iş gününün müddəti Əmək Məcəlləsinin 108-ci maddəsinin tələbləri pozularaq qeyri-iş günü hesab edilən bayram günü qabağı 1 saat qısaldılmaması və buna uyğun əmək haqqı ödənilməməsi əsas olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 140-cı maddəsinin 5-ci bəndinə əsasən işçiyə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilir. Həmin Məcəllənin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, bu Məcəllənin 105-ci maddəsində göstərilən iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır. Törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə görə, işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsi – həmin maddədə nəzərdə tutulan inzibati məsuliyyətə səbəb olur və vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəməyə təqdim edilmiş sübutların, o cümlədən "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışın və "xxxx" MMC-nin bölgə müdiri Şahid 11 yanvar 2024-cü il tarixədək son 12 aylıq davamiyyət tabelinin tədqiqi, eyni zamanda məhkəmədə verilən izahatlarla müəyyən edilmişdir ki, Şahid "xxxx" MMC-nin bölgə müdiri vəzifəsində işləyərkən 2023cü il ərzində ona məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməmiş və 07 mart 2023-cü il tarixi bayramqabağı qısaldılmış iş günü olmasına baxmayaraq, iş günü bir saat qısaldılmamışdır. Nəzərə alınmalıdır ki, "xxxx" MMC-nin 19 yanvar 2024-cü il tarixli məktubunda həmin xataya yol verilməsi faktiki olaraq etiraf edilmişdir, bunun səbəbləri kimi qeyd olunan hallar (texniki xəta və s.) isə vəzifəli şəxsin özünü inzibati məsuliyyətdən yayındırmağa cəhd etməsi kimi qiymətləndirilməklə, nəzərə alınmamalıdır, həmin dəlillər işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur və müvafiq sübutlarla müşayiət edilmir. "xxxx" MMC-nin bölgə müdiri vəzifəsində işləmiş Şahid məzuniyyət vaxtı üçün orta əmək haqqının məzuniyyətin başlanmasına ən geci 3 gün qalmış ödənilməməsindən və iş günü hesab edilməyən bayram günü qabağı iş gününün müddətinin bir saat qısaldılmamasından ibarət hərəkətlərin riyazi hesablamalar nəticəsində yol verilən nöqsan kimi qəbul edilməsinə isə hər hansı hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış X1 haqqında 1000 manat miqdarında inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsi, maddənin sanksiyası həddində olmaqla həmin vəzifəli şəxsi qanunlara əməl etməsi ruhunda tərbiyələndirmək məqsədi daşıyır, həmçinin gələcəkdə bu xarakterli əməllərə yol verməsinin daha ağır tənbehlərə səbəb olacağı barədə ona edilmiş xəbərdarlıq hesab edilməli, bu əməldən nəticə çıxarması üçün yaddaqalan və təsirli şəraitin yaradılması kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-nin 135.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin Bakı şəhər idarəsinin 12 fevral 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1413/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1413/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver