Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1414/2021 27.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi-Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx xxxx 1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, M.Ə.Sabir küçəsi, ev 61-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 20 aprel 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola görə, Şəxs 20 aprel 2021-ci il tarixdə saat 18:12-də idarə etdiyi “Volkswagen T 5 Multivan minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən, avtoxuliqanlıq, yəni ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nin YPX inspektoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 20 aprel 2021-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Volkswagen T 5 Multivan minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobillə H.Əliyev prospektində hərəkət etdiyi vaxt YPX əməkdaşı tərəfindən saxlanılmışdır. Saxlanılmasının səbəbi avtoxuliqanlıq etməsi ilə izah edilmişdir. Lakin o, bununla razılaşmamışdır. İlk növbədə ona görə ki, H.Əliyev prospektində həmin vaxt hərəkətini əks etdirən videogörüntü mövcuddur, videogörüntüdən məlum olur ki, yolda kifayət qədər avtomobil sıxlığı var, o isə avtomobillərin sıxlığında, öz axarı ilə hərəkətini davam etdirir, ola bilər ki, bir və ya iki dəfə məcburi yerdəyişmə olmuşdur ki, bu zaman hər hansı qəza şəraiti olmamış, digər nəqliyyat vasitələrinin hərəkətinə mane olacaq pozuntu baş verməmişdir, onun hərəkətindən kimsə narazı qalmamış, narahatçılığı pozulmamış, şikayət etməmişdir. Digər yandan isə hərəkəti zamanı avtomobilində ailə üzvləri olmuşdur, avtoxuliqanlıq onun yaşına yaraşmamaqla bərabər ailə üzvləri yanında olduğu vaxt bu hərəkəti ümumiyyətlə etməzdi. YPX əməkdaşları onun avtoxuliqanlıq etməsinə dair hər hansı sübut təqdim edə bilməmişlər. Barəsindəki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xətanın törədildiyini təsdiq edəcək sübut qismində bir ədəd CD disk iş materiallarına əlavə edilmişdir. Həmin diskdə olan videogörüntüdən görünür ki, “Volkswagen T 5 Multivan minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti istiqamətində iki dəfə zolaq dəyişməklə manevr etmiş, bu zaman dönmə işıqlarından istifadə etmişdir, törədilməsi ehtimal edilən inzibati xəta zamanı ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi halları müəyyən edilməmişdir, inzibati xəta haqqında protokol tərtib edilərkən yalnız avtomobilin bu zolaq dəyişməklə manevr etməsi qərəzli avtoxuliqanlıq hərəkəti kimi qiymətləndirilmişdir. İnzibati xətalar qanunvericiliyinə görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir, həmin maddənin tələbinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Maddənin mənasından göründüyü kimi, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanın və əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması; cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verilməsi avtoxuliqanlıqla bağlı inzibati xətanı xarakterizə edir və əməli xarakterizə edən həmin əlamətlərin mövcudluğu mütləqdir. Hansı ki, baxılan işdə Şəxs tərəfindən qeyd olunan əlamətlərlə xarakterizə olunan inzibati xətaya yol verilməsi inzibati araşdırma zamanı müəyyən edilməmiş, bu barədə sübutlar müəyyən edilərək götürülməmiş, məhkəmə iclasında da öz təsdiqini tapmamışdır. “Volkswagen T 5 Multivan minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin öz hərəkəti istiqamətində iki dəfə zolaq dəyişməklə manevr etməsi isə, ayrılıqda “yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər” kimi xarakterizə oluna bilməz, həmin hərəkətlər nəticə etibarı ilə ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmamış, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta hadisəsinin törədilib-törədilməməsi, inzibati xəta törətmiş şəxs və sair hallar müəyyən edilməlidir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla da, müəyyən olunur ki, Şəxs 20 aprel 2021-ci il tarixdə saat 18:12-də idarə etdiyi “Volkswagen T 5 Multivan minik” markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, H.Əliyev prospektində hərəkətdə olarkən hərəkəti istiqamətində iki dəfə zolaq dəyişməklə manevr etməsi avtoxuliqanlıq kimi qiymətləndirilə bilməz, onun əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından, iş üzrə icraata xitam verilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, Şəxs 20 aprel 2021-ci il tarixdə Bakı şəhəri, H.Əliyev prospektində avtomobili idarə edərkən manevr qaydalarını pozmuşdur, hansı ki, həmin əməl Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin təsiri altına düşür və əmələ hüquqi qiymət verilməlidir. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxılması səlahiyyəti müvafiq daxili işlər orqanlarına aid edilmişdir. Ona görə məhkəmə hesab edir ki, Şəxs barəsində sözügedən maddə ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-nə göndərilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olduğu və məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla əmək haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53.0.2, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə inzibati qərar qəbul edilməsi məsələsinin həlli üçün həmin hissədə materiallar Bakı şəhəri Nizami RPİ-nin X4 Şöbəsinə göndərilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi Vəkil “xxxx” ASC-nin “Qara Qarayev” filialı, kod 200145, VÖEN **********, m/h-AZ37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab - AZ33AİİB********************, VÖEN - ********** hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı Vəkil Bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1414/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1414/2021
27.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver