Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1415/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili - Vəkil iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi 93 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddələsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 10 mart 2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən 10 mart 2025-ci il tarixdə Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı Şəxs sidik nümunəsində istehlak etdiyi narkotik vasitə MET (+), THC (+) və AMP (+) aşkar edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİnin 24-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X3 protokolun məzmununa uyğun izahat vermiş və Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, Şahlar adlı şəxs xx.xx.2025-ci il tarixdə 24-cü PŞ-nə onun əsgərlikdə yerinin dəyişdirilməsi ilə bağlı dostu Heydərəli Rəhimovun vasitəsi ilə tanıdığı Şəxs 1500 manat pul verməsinə və Şəxs onu aldatmasına dair müraciət etmiş, bunun əsasında Şəxs polis şöbəsinə gətirilmişdir. Bu zaman Şəxs ümumi hərəkətlərinə və danışıqlarına əsasən onun müayinəyə ehtiyacı olduğu anlaşılmış və bununla bağlı o, narkoloji müayinədən keçirilmişdir. Narkoloji müayinə zamanı aktda Şəxs sidik nümunəsində amfetamin və metamfetamin aşkar olunduğuna görə tərəflərindən İXM-nin 206-cı maddəsi ilə protokol tərtib edilərək məhkəməyə müraciət edilmişdir. Həmçinin o, hüquqlarına dair bildiriş, izahatını verməyi analiz nəticəsində çıxan aktda əks etdirilən narkotik vasitələr ilə bağlı məlumatlandırılmış, o isə özünü 24-cü PŞ-də normal şəkildə aparmayaraq qərəzli şəkildə sənədlərə imza etməkdən imtina etmişdir. Vətəndaşın ümumi davranışları onun şöbə daxilində özünü kobud və qeyri-səmimi aparması, hər hansı hərəkəti ilə mübahisə yaratmağı onun cəmiyyət üçün təhlükəli olduğunu göstərir. O, əlavə olaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatında bildirdiklərinə cavab olaraq bildirdi ki, Şəxs birinci dəfə də istintaqda olmuş və istintaqda ifadəsini vermişdir. Polis orqanında Şəxs onun içkisinə dərman atılmasını və tibbi müayinə zamanı ona əlavə dərman vasitələrinin verilməsini bildirməsi absurd bir məsələdir. Belə ki, hər yerdə kamera olmuşdur. Onun aktda narkotik istifadə etməsi qeyd olunmuş, şəxsin özünün də bildirməsi ilə həmin içkinin oğlunun gətirməsi öz təsdiqini tapmış, onun narkotik vasitədən istifadə etməsi ilə bağlı inzibati işi, həmçinin CM-nin 127, 221-ci maddələri ilə bağlı məhkumluğu da olmuşdur. Özü də etiraf edir ki, keçən il marixuana istifadə etmişdir. Maraqlıdır ki, izahat verməkdən, protokollara imza etməkdən imtina edən adama müayinə vaxtı 4 ədəd tablet verilir və buna görə onun qanında narkotik tərkibli maddələr müəyyən olunur. Narkoloji müayinəyə gedəndə ona orada su və sidikqovucu dərman verilə bilərdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, özünü təqsirli bilmir, onun barəsində qeyd olunanlar doğruyu əks etdirmir. O, Şahlar adlı hərbçidən 1500 manat pul almış, həmin adam ondan həmin pulu istəmiş, imkanı olmadığı üçün pulu qaytara bilməmişdir. Həmin məsələyə görə onu şöbəyə gətirmişlər. Ona polis şöbəsində olan zaman oğlunun alıb gətirdiyi, lakin onun əlindən alınan içkinin (fantanın) ağzı açıq olmuşdur. Ona müayinədə 4 ədəd fərqli dərman vermişlər. O, aktda qeyd edilən narkotik vasitələri istifadə etməmişdir. Bu günə kimi marixuanadan başqa narkotikdən istifadə etməmiş, onu da axırıncı dəfə keçən il qəbul etmiş, ondan sonra da qəbul etməmişdir. Barəsində İXM-nin 206-cı maddəsi ilə inzibati iş olmuş, 15 gün həbs cəzası təyin edilmiş, bundan sonra məcburi müalicə keçmədən öz iradəsi ilə narkotik vasitə istifadə etməmişdir. O, həmçinin bildirdi ki, 3 övladı var, yetkinlik yaşına çatmış iki övladı onun himayəsində, kiçik övladı isə anasının himayəsindədir. Barəsində 2006-cı ildə CM-nin 127-ci maddəsi ilə məhkumluğu olmuş, 2010-cu ildə CM-nin 221-ci maddəsi ilə məhkum olunmuş, 2012-ci ildə azad olunmuş, ondan sonra tutulmamışdır. Qeyd olunanların nəzərə alınaraq barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X5 X4 X2 xx.xx.2025-ci il tarixli, 1408 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin maddənin “Qeyd”inin 1-ci hissəsinə əsasən satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi az miqdarda narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu maddədə nəzərdə tutulan hərəkətlərə görə inzibati məsuliyyətdən azad edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış, Respublika Narkoloji Mərkəzində tibbi müayinə zamanı Şəxs sidik nümunəsində istehlak etdiyi narkotik vasitə MET (+), THC (+) və AMP (+) aşkar edilmişdir, ona görə həmin şəxsin maddənin qeydində nəzərdə tutulduğu qaydada inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə iclasında Şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(125)- 1824/2024 saylı qərarı ilə İXM-nin 206-cı maddəsi üzrə inzibati xətaya görə inzibati tənbeh aldığı halda eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs 08 mart 2025-ci il tarixdə, saat 18:40-da inzibati qaydada tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin Məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Məhkəmə iş üzrə Ambulator məcburi-X2 rəyini nəzərə alaraq, habelə istinad olunan maddi hüquq normasının tələbinə əsasən hesab edir ki, Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilməli, o, inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 08 mart 2025-ci il tarixdən, saat 18:40-dan hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, qərar həmin hissədə inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra edilsin, inzibati həbs müddətinin başa çatdığı gün Şəxs inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili Vəkil 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №3(007)-1415/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1415/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver