Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1416/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X4, onun nümayəndəsi-Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil, qərarı barəsində şikayət verilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X1 və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən guya Nizami rayonu, R.Rüstəmov küçəsindəki “Qarabağ-Həkəri” kafesinin fəaliyyəti zamanı atmosferə atılan zərərli maddələrin qarşısını alan qurğunun quraşdırılmaması və nəticədə onun Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi səbəbindən barəsində 15.10.2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan sonra 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X5 tərəfindən adıçəkilən protokol əsasında 10.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərək onun guya Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 3500 manat məbləğində cərimə tətbiq edilməsi qərara alınmışdır. Hesab edir ki, 10.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunmaqla, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, o, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə “xxxx” MMC-nə məxsus və ünvan 1 ünvanında olan 100 kv.m sahəni icarəyə götürərək əhaliyə ictimai iaşə xidməti göstərməyi qərarlaşdırmışdır. İcarə müqaviləsi 13.02.2020-ci il tarixdə 3 illik müddətə bağlanmışdır. Fəaliyyətə başlamaq məqsədi ilə təmir işləri ilə yanaşı avadanlıqların alınmasına və digər bu kimi işlərə ümumilikdə 10.000 manata yaxın pul vəsaiti xərcləmiş, lakin mart ayında başlamış pandemiya ilə əlaqədar olaraq ictimai iaşə fəaliyyətinə məhdudiyyətlər qoyulduğundan fəaliyyət göstərə bilməmişdir. Bununla əlaqədar olaraq yay aylarında vergi orqanına müraciət edərək fəaliyyət göstərmədiyini və vergi orqanında fəaliyyətinin dayadırılması və nəzarət kassa aparatını qeydiyyatdan çıxararaq vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilməsini xahiş etmişdir. Vergi orqanı tərəfindən ona ünvanlanmış məktubda 22.09.2020-ci il tarixdən ona məxsus olan **********-16001 kodlu təsərrüfat subyektində quraşdırılmış Merkuri 112F markalı, 09504713 nömrəli nəzarət kassa aparatı qeydiyyatdan çıxarılması və vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilməsi qeyd edilmişdir. Göründüyü kimi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən onun barəsində tərtib edilmiş qərar qanunsuz və əsassız olmuşdur. Belə ki, qərar qəbul edilən tarixdə artıq onun vergi ödəyicisi kimi fəaliyyətinə xitam verilmişdir və qərarda qeyd edilən “Qarabağ-Həkəri” kafesi artıq fəaliyyət göstərmirdi. Yəni, inzibati xətanın obyekti artıq fəaliyyət göstərmirdi. Belə olan halda inzibati xəta pozuntusundan söhbət gedə bilməz. İnzibati xəta pozuntusunun mövcud olması üçün inzibati xəta hadisəsi olmalıdır. İnzibati xəta hadisəsinin baş verdiyi yer fəaliyyət göstərmədiyindən inzibati xəta pozuntusundan söhbət gedə bilməz. İnzibati Xətalar qanunvericiliyinin vəzifələri konkret olaraq Məcəllədə öz əksini tapmışdır. İnzibati məsuliyyətə o şəxs cəlb olunur ki, inzibati xətanın törədilməsində onun təqsiri olsun. Hazırkı iş üzrə icraat aparmış inzibati orqan tərəfindən ədalətlilik prinsipi pozulmuşdur. O, inzibati xətanı qəsdən törətmiş olsaydı, o zaman öz əməlinin hüquqa zidd xarakterini dərk etməli, onun zərərli nəticələrini qabaqcadan görməli və bunları arzu etməli, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməli idi. Eyni zamanda o, inzibati xətanı ehtiyatsızlıqdan törətsə idi, o zaman o öz əməlini zərəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görməli, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməli, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda onları görməməli idi. Yuxarıda sadaladığı işin hallarından aydın olur ki, hər iki hal (yəni əməlin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi) baş verməmişdir. Hesab edir ki, yuxarıda sadaladığı işin hallarına əsasən ona münasibətdə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi yaranmamışdır. Bu əsasdan barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparmamalı idi. Barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bundan başqa X7 yazılı vəsatət verərək, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 10.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddəti ondan asılı olmayan səbəblərdən ötürüldüyü üçün qanunvericilikdə müəyyən edilmiş şikayət vermə müddətinin ötürülməsi üzürlü hesab edilərək şikayət vermə müddəti bərpa edilməlidir. Belə ki, o, barəsindəki həmin qərarın ləğv edilməsi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, lakin həmin vaxt 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş qərarın ləğv ediləcəyi barədə ona söz verilməsi səbəbindən həmin iddiasını geri götürmüşdür. Ancaq qərar həmin İdarə tərəfindən ləğv edilmədiyindən yenidən iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmə tərəfindən məhkəmə aidiyyətinin pozulması səbəbindən iddia mümkünsüz sayılmış və ona qərarın ləğvi ilə bağlı ümumi məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edilən hallardan müəyyən olunur ki, o, hüquqi savadı və məlumatı olmaması, habelə qərarı qəbul edən orqanın ona qərarı məhkəmədən kənar həll ediləcəyi barədə vəd verməsi nəticəsində qərardan şikayət verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Qeyd olunanlara əsasən 10.11.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün ötürülmüş prossesual müddətin bərpa edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək, eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, fəaliyyətini dayandırdığı üçün kafenin əşyalarını satmaq fikrində olmuşdur. Ekologiyadan ona zəng gəlmişdir ki, 3 il əvvəl onlara akt yazılmışdır. O isə demişdir ki, işləmirlər, pandemiyadır, kafe bağlıdır. Ola bilsin ki, kafedə qazan yeməyi bişirilsin, amma başqa fəaliyyət göstərmirlər. İki gün sonra Ekologiyadan gəlmişlər, oturub çay içmişlər, onlara izah etmişdir ki, ondan əvvəl bu kafeni neçə nəfər işlətmişdir, onun heç bir günahı yoxdur. Məhkəməyə təqdim edilmiş fotoşəkillərdə görünən, kafedə oturan şəxslər qonşulardır, onlar orada otursalar da kafe fəaliyyət göstərmir. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X4 nümayəndəsi-Vəkil təmsil etdiyi şəxsin dəlillərini müdafiə etmiş, əlavə olaraq göstərmişdir ki, atmosferə atılan zərərli maddələrin hansı qurğu, ölçmə cihazı ilə ölçülməsi müəyyən deyil, bununla yanaşı ümumiyyətlə qərar qəbul edilən tarixdə X7 vergi ödəyicisi kimi artıq fəaliyyətinə xitam verilmiş, “Qarabağ-Həkəri” kafesi isə artıq fəaliyyət göstərməmiş olmuşdur. Akt 18 sentyabr 2020-ci il tarixdə yazılsa da, inzibati xəta haqqında protokol 15 oktyabr 2020-ci il tarixdə tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkillər isə sübut hesab oluna bilməz, onların hansı tarixdə çəkildiyi müəyyən deyil. Qərarın ləğv olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 şikayətin dəlilləri ilə razılaşmayıb izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən monitorinq keçirilmiş və nəticələrinə dair 18 sentyabr 2020-ci il tarixli 0182 nömrəli akt tərtib edilmişdir. Belə ki, ETSN-nin qaynar xətt xidmətinə 17 sentyabr 2020-ci il tarixdə şikayət daxil olmuşdur. Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi bina 34 ünvanının yaxınlığında monitorinq keçirilmiş, monitorinq zamanı şikayətin “Qarabağ-Həkəri” adlı iaşə obyekti ilə bağlı olduğu müəyyən edilmişdir. Obyektə baxış keçirilərkən qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı aşkarlanmışdır. Ölçmə işi obyekt fəaliyyətdə olarkən ətraf ərazilərdən qaz analizatoru vasitəsilə aparılmış, təyin edilən göstəricinin ətraf mühit üçün yol verilən hədd normalarından artıq olduğu müəyyən edilmişdir. Bununla da, X7 Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o, inzibati qaydada tənbeh edilmişdir. Monitorinq aktı 18 sentyabr 2020-ci il tarixdə tərtib edildiyi halda inzibati xəta haqqında protokolun 15 oktyabr 2020-ci il tarixdə tərtib edilməsinin səbəbi, barəsində inzibati icraat aparılan dəvət edilərək onun iştirakı ilə araşdırma aparılmasına nail olunması ilə bağlı olmuşdur. Qərar qanuni və əsaslı olduğundan qüvvədə saxlanılmasını, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin sektor müdiri Anar Tağıyev, Xidmətin baş mütəxəssisi Tural Əlimov və 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Rəvan Teymurov tərəfindən keçirilmiş monitorinqin nəticələrinə dair 18 sentyabr 2020-ci il tarixli 0182 nömrəli aktdan görünür ki, ETSN-nin qaynar xətt xidmətinə daxil olan 8122 nömrəli 17 sentyabr 2020-ci il tarixli şikayət müraciətinə əsasən Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi bina 34 ünvanının yaxınlığında monitorinq keçirilmişdir, monitorinq zamanı şikayətin “Qarabağ- Həkəri” adlı iaşə obyekti ilə bağlı olduğu müəyyən edilmişdir. Obyektə baxış keçirilərkən qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı aşkarlanmışdır. Ölçmə işi obyekt fəaliyyətdə olarkən 11 saylı RETSİ-nin nümayəndəsinin iştirakı ilə ətraf ərazilərdən ANKAT qaz analizatoru vasitəsilə aparılmışdır. Nəticə: CO-7,2 mq/m3 təşkil etmişdir. Qeyd: norma - CO - 5mq/m3-dir. Təyin edilən göstərici ətraf mühit üçün yol verilən hədd normalarından artıqdır; -Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi X8 tərəfindən tərtib olunmuş 15 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “Qaynar xətt” xidmətinə daxil olmuş müraciət araşdırılarkən 18 sentyabr 2020-ci il tarixdə axşam saatlarında Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yerləşən “Qarabağ-Həkəri” kafesinin fəaliyyəti zamanı manqal borusuna təmizləyici qurğu quraşdırılmadığı, zərərli maddələrin normadan artıq olduğu müəyyən olunmuşdur, bununla Azərbaycan Respublikası İXM-nin 233.1 və 237.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə X4 barəsində inzibati protokol tərtib edilmişdir; -Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, 15 oktyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən X7 Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 3500 manat məbləğində inzibati cərimə edilmişdir; -İcarəyə verən “xxxx” MMC-nin direktoru Aydın Hüseynov və icarəçi X7 arasında bğlanmış 13 fevral 2020-ci il tarixli 1-10 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyə verən ona məxsus ünvan 1 ünvanında öz fəaliyyətini 100 kv.m sahədə sərbəst həyata keçirmək üçün icarəçiyə icarəyə vermişdir. Müqavilə həmin tarixdə qüvvəyə minməklə 03 il müddətinə bağlanmışdır; -İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsinin X4 vergi orqanına təqdim etdiyi 22 sentyabr 2020-ci il tarixli ərizəsinə əsasən fəaliyyəti müvəqqəti olaraq 22 sentyabr 2020 - 22 sentyabr 2025-ci il tarixədək dayandırılmışdır. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Məhkəmə ilk növbədə qərardan şikayət vermiş X4 10 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün ötürülmüş prosessual müddətinə bərpasına dair vəsatətinə münasibətdə qeyd edir ki, barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin həmin qərardan şikayət vermək hüququ, daha əvvəl səhvən Bakı İnzibati Məhkəməsinə müraciət etməsi, həmin məhkəmədə ərizənin icraatının mümkünsüz hesab olunmasınadək işə baxılma müddətlərini və işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, vəsatət təmin olunmalı, X7 tərəfindən 10 noyabr 2020-ci il il tarixli inzibati xəta haqqında qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət üzürlü səbəbdən buraxılmış hesab edilərək ona münasibətdə bərpa edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. Azərbaycan Respublikası İXM-nin 237.2-ci maddəsinə əsasən ətraf mühitə buraxılan tullantıların təmizlənməsi və tullantılara nəzarət üçün qurulmuş qurğuların, avadanlığın, aparatların istismar qaydalarının pozulmasına və ya bunlardan istifadə edilməməsinə görə - fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisələndirilən inzibati xəta haqqında iş üzrə qərarın qəbul edilməsinə əsas, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən ETSN-nin qaynar xətt xidmətinə daxil olan 17 sentyabr 2020-ci il tarixli şikayət müraciətinə əsasən 18 sentyabr 2020-ci il tarixdə monitorinq keçirilməsi nəticəsində ünvan 2 ünvanında yerləşən “Qarabağ-Həkəri” adlı iaşə obyektində qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı aşkarlanmış, ölçmə işi zamanı müəyyən edilən göstəricinin ətraf mühit üçün yol verilən hədd normalarından artıq olduğu aşkar edilmişdir. Qeyd olunanlarla bağlı monitorinq aktı tərtib olunmuşdur. Qərardan şikayət vermiş şəxs X7 şikayətini əsaslandırarkən “Qarabağ-Həkəri” kafesində atmosferə atılan zərərli maddələrin hansı qurğu, ölçmə cihazı ilə ölçülməsinin müəyyən olunmaması barədə dəlil irəli sürsə də, həmin dəlil yuxarıda istinad edilən monitorinq aktı və işin faktiki müəyyən olunmuş halları ilə təkzib edilmişdir. Monitorinq zamanı obyektə baxış keçirilərkən qaz toz tutucu təmizləyici qurğunun quraşdırılmadığı aşkarlanmış və ölçmə işi zamanı obyekt fəaliyyətdə olarkən qaz analizatoru vasitəsilə aparılmış, təyin edilən göstəricinin ətraf mühit üçün yol verilən hədd normalarından artıq olduğu müəyyən edilmişdir. Bundan başqa inzibati qərar qəbul edilərkən qərardan şikayət vermiş X4 vergi ödəyicisi kimi artıq fəaliyyətinə xitam verildiyi, “Qarabağ-Həkəri” kafesinin isə artıq fəaliyyət göstərmədiyi barədə şikayət vermiş şəxsin irəli sürdüyü dəlillə bağlı məhkəmə qeyd edir ki, həmin fotoşəkillər qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsi tərəfindən təqdim edilməklə 18 sentyabr 2021-ci il tarixdə sözügedən kafedə aparılan monitorinq zamanı çəkilmişdir, həmin fotoşəkillərdən görünür ki, kafe fəaliyyət göstərir, kafenin həyətindəki stollar müştəri qəbulu üçün hazırlanmış formadadır, stol arxasında əyləşən şəxslər və kafedə müştərilərə xidmət üçün fəaliyyət göstərən xanım işçi müşahidə olunur. Bununla yanaşı X4 vergi orqanına təqdim etdiyi 22 sentyabr 2020-ci il tarixli ərizəsinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən onun fəaliyyəti müvəqqəti olaraq 22 sentyabr 2020 - 22 sentyabr 2025-ci il tarixədək dayandırılmışdır. Buradan da görünür ki, 18 sentyabr 2020-ci il tarixdə keçirilən monitorinq zamanı heç də qərardan şikayət vermiş şəxsin göstərdiyi kimi kafenin fəaliyyəti dayandırılmış olmamışdır. İnzibati qanunvericiliyin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 - 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, qanunvericiliyin qeyd olunan normalarına və işin faktiki hallarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X4 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 10 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə dairəsi müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir, odur ki, X4 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 10 noyabr 2020-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1416/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1416/2021
24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver