Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1417/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X1, qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, X1 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, 2020-ci ilin mart ayında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə AR DİN BDYP əməkdaşı tərəfindən tərtib olunmuş İXP3745779 saylı, 25.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında inzibati protokol üzrə qəbul olunmuş TP ******* qərardan şikayət vermişdir. Lakin Yasamal Rayon Məhkəməsinin 05.04.2021-ci il tarixli 3(004)-893/2021 saylı qərardadı ilə şikayəti geri qaytarılmış və qərardadda göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra AR İXM-nin 129.1.3-cü maddəsinin şərh olunmasına dair AR Konstitusiya Məhkəməsi Plenumunun 04.11.2020-ci il tarixli qərarında müəyyən edilmiş ərazi üzrə məhkəmə aidiyyəti qaydalarına əməl etməklə məhkəməyə şikayət vermək hüququ izah olunmuşdur. Sözügedən qərardad ona poçt vasitəsilə 14.04.2021-ci il tarixdə ünvanına çatdırılmışdır. İnzibati protokol 25.01.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində yazılmışdır. Hal-hazırda həmin AR DİN BDYP əməkdaşı tərəfindən tərtib olunmuş İXP3745779 saylı, 25.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında inzibati protokol üzrə qəbul olunmuş TP ******* qərardan şikayət vermək hüququndan istifadə edərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. AR DİN Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyü YPX inspektoru X5 tərəfindən 25.01.2021-ci il tarixində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol və buna dair TP ******* saylı inzibati xəta haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati cərimə edilmişdir. Həmin inzibati qərardan narazı qalaraq ilk növbədə yuxarı səlahiyyətli inzibati orqana yazılı şəkildə şikayət etmişdir. Lakin şikayəti üzrə inzibati icraat üzrə birtərəfli qaydada aparılmış araşdırma nəticəsində qəbul olunmuş qərar barədə ona məlumat olaraq AR DİN Bakı şəhər BPİ DYPİ-nin 04.03.2021-ci il tarixli 046- 8517T-4221 saylı məktubu rəsmi qaydada 17.03.2021-ci il tarixində saat 06:00-da elektron poçt vasitəsi ilə e-mail ünvanına göndərilmişdir. Hesab edir ki, qeyd olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı 29.01.2021-ci il tarixli inzibati qərarı qərəzli, qanunsuz, ədalətsiz və tam əsassız olduğuna görə məhkəmə qaydasında baxılmalı və inzibati xəta haqqında iş üzrə qərar ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmalıdır. Buna görə hal-hazırda AR Konstitusiyasında təsbit olunmuş hüququndan istifadə edərək, sözügedən inzibati qərardan aidiyyəti üzrə birinci instansiya məhkəməsinə şikayətlə müraciət etmək qərarına gəlmişdir. O, özü sürücü olaraq “offroad”la məşğul olur. 25.01.2021-ci il tarixdə Bakı səhəri, Nizami rayonu, Babək prospekti ilə Əlişir Nəvai küçəsinin kəsişməsində yol vərəqəsi ilə idarə etdiyi **-AR-*** dövlət nömrə nişanlı Hyundai Tucson markalı avtomobillə heç bir projektor işığından istifadə etməyərək hərəkətdə olan zaman DYP əməkdaşı X5 tərəfindən idarə etdiyi YPX avtomobili ilə saxla əmri vermişdir. Polisin qanuni saxla əmrinə tabe olub avtomobili saxlamışdır. YPX inspektoru avtomobilə əlavə avadanlıq quraşdırmasını bildirərək inzibati xətaya yol verdiyini və buna görə barəsində inzibati protokol tərtib edəcəyini bildirmişdir. Əlavə elədiyi şəkildə də göründüyü kimi avtomobilin yuxarı hissəsinə projektor işiqlar (axtarıcı işiqlar) quraşdırılmışdır. Buna etiraz etməyinə baxmayaraq və Yol hərəkəti haqqında AR Qanununa 1 saylı əlavədə öz əksini tapan avtomobil istismarını qadağan edəcək amillər olmadığı halda YPX inspektoru qeyri qanuni şəkildə avtomaşında əlavə avadanlıq olduğunu iddia edib barəsində AR İXM 342.2.2-ci maddəsi ilə protokol tərtib edib avtomobilin istisamarını qadağan edən amillər varmış kimi avtomobili mühafizə olunan duracağa yerləşdirmişdir və işıqların sökülməyəcəyi halda avtomobilin buraxılmayacağını ona bildirmişdir. O isə, məcburi şəkildə işıqları sökərək avtomobili duracaqdan çıxarmışdır. Lakin inzibati protokolla və qərarla razılaşmayaraq aidiyyəti üzrə yuxarı vəzifəli şəxsə şikayət etmişdir. Belə ki, Yol hərəkəti haqqında AR Qanununun 73-cü maddəsində xarici işıq cihazlarının istifadə qaydaları öz əksini tapmışdır. Burda projektor işıqların quraşdırılmasını qadağan edən heç bir müddəa yoxdur. Bu tip işıqların yaşayış yerlərində istifadəsi və qarşıdan nəqliyyat vasitəsi gəldiyi halda istifadəsi qadağan edilir. Quraşdırmaya dair heç bir qadağa göstərilməyib normalarda. O da bu qeyd elədiyi hallara heç bir şəkildə yol verməmişdir. YPX əməkdaşı qərəzli şəkildə iddia elədiyi qanun pozuntusunu dəstəkləyən heç bir huquqi normativ akt olmadığı halda barəsində protokol tərtib etmişdir. Tərtib olunan protokola və avtomobilin durcağa yerləşdirilməsinə görə xeyli vaxtını almışdır. Protokol elektron kabinetinə yerləşdirilən zaman prokoldan şikayət etmişdir. 29.01.2021-ci il tarixdə şikayətinə baxılmadan protokol barəsində qərar verilmişdir. Eyni gün protokoldan təkrar şikayət etmişdir. Müxtəlif tarixlərdə DİN 102 cağrı xidmətinə zənglə müraciət etmişdir. İyirmi iş günü müddətində şikayətinə cavab veriləcəyi bildirilmişdir. 09.03.2021-ci il tarixdə cəza məbləğinin üstünə dəbbə məbləği hesablanmağa başlamışdır. DYP əməkdaşlarından iki dəfə ona zəng olunmuşdur. İbrahim müəllim olduğunu bildirən şəxs ona bildirmişdir ki, protokol qanunsuz tərtib edilib və xitam veriləcək. Narahat olmamağını tövsiyə etmişdir. Bir müddət sonra başqa bir DYP əməkdaşı tərəfindən ona zəng olunmuşdur. İşə baxılarkən gəlib-gələ bilməyəcəyi soruşulmuşdur. O, bildirmişdir ki, işi ilə əlaqədar Gəncə şəhərində yaşayır, gələ bilməyəcəkdir, işə operativ şəkildə baxılmasını xahiş etmişdir. İyirmi iş günü müddətində baxılmalı olan şikayətinə 17.03.2021-ci il tarixdə cavab verilmişdir. Elektron poçt vasitəsi ilə ona məktub ünvanlanmışdır. Bunun da ekran görüntüsünü və məktubun kopyasını məktuba əlavə edir. İlk baxışdan da açıq şəkildə məlum olur ki, şikayətinə qeyriciddi yanaşılmışdır. Avtomobilin dövlət nömrə nişanı belə düzgün qeyd olunmamışdır. Qərəzli, qeyri-qanuni və qeyri-operativ qərar verilmişdir. O da Azərbaycan Respublikasının bir vətəndaşı kimi qanunların aliliyinə inanır və dəstəkləyir. Bir vətəndaş kimi şikayətinə tam operativ şəkildə baxılmasını xahiş edir. O, bu qərarla razılaşmır. Hesab edir ki, barəsində 25.01.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında inzibati protokol üzrə qəbul olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərar qanunun tələblərinə zidd olaraq qəbul edilmiş, ümumiyyətlə inzibati protokolun tərtib edilməsi AR İXM tələblərini kobud şəkildə pozularaq yazılmışdır. Bununla bağlı özü üçün dəqiqləşdirmə və araşdırmalar aparmışdır, əldə etdiyim bir məqaləni məlumat üçün məhkəmənin diqqətinə çatdırmaq istəyir. Qanunvericiliyin ən çatışmayan cəhəti budur ki, müasir texnologiyalar və terminlər bu qanunverici aktlarda öz əksini tapmır. Onlardan biri də tüninq anlayışıdır. “Tüninq” sözü ingilis dilindən tərcümədə “ayarlamaq” deməkdir. Və bir neçə avtomobildə qeydiyyat şəhadətnaməsində “tüninq” və ya “offroad”a yığılıb sözünə rast gəlmişdir. Bəs indiki qanunla bu necə olmalıdır? “AvtoStop” radio verilişinin efirində onlarla sürücü işıq sistemi, qanadlar, spoyler və ya sükan başlığının dəyişdirilməsinə görə cərimələndiklərini və ya avtomobilin cərimə meydançasına getdiyini deyirlər. “Avtonəqliyyat vasitələrinin texniki təhlükəsizliyi haqqında” qaydalara əsasən avtomobilin ön işıqlarının tonlaşdırılması, rənglənməsi qadağandır. Bura həmçinin şəffaf plyonkalar da aiddir ki, onlar da müəyyən qədər işıq yayılmasını məhdudlaşdırır. Yol polisi inspektorlarının leksikonunda geniş yayılmış bir söz: “əlavə avadanlıq”dır. Yük avtomobillərində resorlar, minik avtomobillərinin damında yük yerindən tutmuş, əlavə quraşdırılmış istənilən əşyaya “əlavə avadanlıq” deyərək cərimələyirlər. Özü də nə az, nə çox, 150 manat. Qanun isə hansı hallarda avtomobili avadanlıqla təchiz etdikdə mütləq qeydiyyata alınması ilə bağlı inzibati reqlamenti önərir-Nəqliyyat vasitələrinin avadanlıqla təchiz olunmasına razılığın verilməsi-xidmətin inzibati qeqlamenti və bu reqlamentdə mütləq qeydiyyata alınma ilə bağlı bəndlər var. Yük avtomobillərinin şassilərinə bortlu, yükü özüboşaldan banların, çənlərin (o cümlədən təhlükəli maye çənlərinin) quraşdırılması və ya onların qarşılıqlı surətdə əvəz edilməsi, standart yəhərli qurğuların quraşdırılması və ya digər yük banları ilə qarşılıqlı surətdə əvəz edilməsi. Qoşquların, yarımqoşquların üzərində furqon banların çənlərin və digər xüsusi avadanlıqların quraşdırılması. Yük avtomobillərinə yük qaldırıcı bortların, bucurqadların, hidravlik kranların, betonqarışdırıcı qurğuların, beton nasoslarının və s. quraşdırılması. Avtomobillərin mühərriklərinin və banlarının dəyişdirilməsi. Bu növ yenidən quraşdırmalar əsasən istehsalçı zavodun və ya yol hərəkətinin təhlükəsizliyi üzrə Elmi tədqiqat institutunun (laboratoriyanın) rəylərinə uyğun olaraq aparılır (mühərriklərin gücləri, qabaritlər və digər texniki göstəricilər uyğun gəlirsə, təhlükəsizliyi təmin edirsə və s.). Kütləvi istehsalda olan yük, minik avtomobillərində və avtobuslarda (ban dəyişdirilmədən) xüsusi avadanlıqların quraşdırılması. Bu halda yenidən quraşdırılmış avtomobillər aşağıdakı hərəkət təhlükəsizliyi tələblərinə cavab verməlidir: tam kütlə və onun körpülər üzrə paylanması avtomobilin əsas texniki xarakteristikasında nəzərdə tutulan hədlərdən yuxarı olmamalıdır, xüsusi avadanlıqlar dayanıqlı, etibarlı bərkidilməlidir; minik avtomobillərində xüsusi avadanlıqların iti, xəsarət yetirə biləcək çıxıntıları olmamalıdır; minik avtomobillərində xüsusi avadanlıqlar idarəetmə sisteminə yaxın yerdə quraşdırılmamalı və arxa pəncərəni örtməməlidir. Yük avtomobillərinin şassilərinə emalatxana, poçt, sənaye və ərzaq malları, mebel və digər yüklər daşımaq üçün furqon banların quraşdırılması. Yük avtomobillərinin şassisinə sərnişin daşınması üçün nəzərdə tutulmuş furqon banların quraşdırılması. Yanacaq sistemi benzinlə işləyən avtomobillərin eyni zamanda qazla işləmək üçün və ya əksinə quraşdırılması. Vaqon tipli furqon avtomobillərin, avtobus banlı və ya şassisi olan xüsusi təyinatlı avtomobillərin avtobus kimi yenidən quraşdırılması. Nəqliyyat vasitələrinə əlavə yanacaq bakının quraşdırılması Nəqliyyat vasitələrinin işçi funksiyalarının dəyişdirilməsi zamanı X7, ərazi üzrə qeydiyyatimtahan bölməsindən və ya müayinə mərkəzindən avtomobilin texniki vəziyyəti barədə texniki baxış aktı tələb oluna bilər. Göründüyü kimi nə qanad, nə spoyler, nə sükan başlığı, nə offroad tipli avtomobillərin yığılması üçün əlavə qeydiyata və razılığa ehtiyac yoxdur. Ona görə qeydiyyat şəhadərnaməsində “tüninq”, “offroad” yazılması sadəcə əlavə işdir. Belə geniş yayılan bir nümunə var - “Maşınım M paketə yığılıb və texniki passporta M-ə yığılıb yazılmalıdır”. M - “Motorsport” deməkdir. Yəni idman modifikasiyalı. Mühərik və ban dəyişməyibsə və ya yuxarıda sadalanan dəyişiklik olmayıbsa, o zaman sürücü M, S, T və s yazdırmalı deyil. Sükan başlığı Fiat-dır, Hundai-dır, bunun da məsələyə aidiyyatı yoxdur. Çünki qanunda mexanizmin dəyişilməsinə qadağa var. Sükan başlığı mexanizm deyil. 2cisi sükanda əsas məqam lüft-dur. Onun aşağı həddi 10-u keçməyibsə, o zaman problem yoxdur, ümumiyyətlə avtomobilin istismarını qadağan edən texniki nasazlıqların siyahısı YHO 1 saylı əlavədə göstərilmişdir. Bu əlavədə göstərilən nazaslıqlar yaranmayıbsa, avtomobilə istehsalçının normaları səviyəsində dəyişiklik edə bilərsiniz”. Yol hərəkəti haqqında AR Qanununun 73-cü maddəsinə qeyd olunur ki, “Nəqliyyat vasitəsinin sürücüsü tərəfindən səs siqnalları və xarici işıq cihazlarından istifadə edilməsi” Təhlükənin və ya hərəkətdə olan maneələrin aradan qaldırılması məqsədilə nəqliyyat vasitələrinin sürücüləri fara işıqlarından, bu və ya digər istiqamətə dönmə işıq göstəricilərindən, səs siqnallarından və ya əl işarəsindən istifadə edirlər. Yuxarıda göstərilən vasitələrlə səs və işıq siqnallarının verilməsi, nəqliyyat vasitələrinin sürücülərini sürəti azaltmaq və yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün bütün digər zəruri tədbirləri görmək vəzifəsindən azad etmir. Sutkanın qaranlıq vaxtı və ya məhdudiyyətli görünmə şəraitində, habelə tunellərdə hərəkətdə olan nəqliyyat vasitələrində və qoşqularda işıq cihazları və işıq siqnalları aşağıdakı qaydada yandırılmalıdır: Projektor-faradan və axtarıcı-faradan yalnız yaşayış məntəqələrindən kənarda, qarşıdan nəqliyyat vasitələri gəlmədikdə istifadə etməyə icazə verilir. Yaşayış məntəqələrində belə faralardan yalnız operativ və xüsusi xidmət nəqliyyat vasitələrinin sürücüləri xidməti tapşırığı yerinə yetirərkən istifadə edə bilərlər. Düzdür, o, bir vətəndaş olaraq öz hüquq və vəzifələrini bilməlidir, lakin bilmədiyi halda dövlət məmuru bundan istifadə edərək, vətəndaşı əlverişsiz inzibati aktla üz-üzə qoymamalı, bundan sui-istifadə etməməlidir. O, heç bir projektor-faradan istifadə etməmişdir. Göründüyü kimi, təqsiri olmadığı və heç bir inzibati xəta törətmədiyi halda YPX inspektoru ona qarşı qərəzli şəkildə qanunsuz bir inzibati cərimə tətbiq etmişdir. Bundan başqa, yol hərəkəti qaydalarının pozulmasının aşkar olunması YPX əməkdaşı tərəfindən və ya elektron (video, foto və s.) qaydada xüsusi texniki vasitələrdə qeydə alınır. Əməkdaşın üzərində daim səs və ya video çəkiliş aparılmalıdır. Xahiş edir ki, bu sübutları qarşı tərəf məhkəməyə təqdim etsin. Belə ki, inzibati xətalara dair hadisənin baş verib-verilməməsinə dair sübutetmə inzibati orqanın üzərinə düşür. İddia olunan hərəkətlərdə inzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaların tərkib əlamətləri mövcud deyildir. AR İXM-də nəzərdə tutulmayan hərəkətə görə, barəsində AR DİN Bakı şəhər DYPİ Müşayiət-Eskort bölüyünün YPX inspektoru X5 tərəfindən əsassız olaraq 25.01.2021-ci il tarixində tərtib olunmuş İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qanunsuz qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilinəsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X3 şikayətin dəlillərini müdafiə edərək eyni məzmunlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, YPX əməkdaşı tərəfindən saxlanılarkən projektor işığından istifadə etməmişdir, istifadə etsə idi belə, bunu YPX ənəkdaşı görə bilməzdi, belə ki, o, avtomobilə arxadan yaxınlaşmışdır. Hesab edir ki, avtomobilinə quraşdırdığı projektor işığı əlavə avadanlıq sayıla bilməz. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarı barəsində şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayıb göstərmişdir ki, X1 şikayətində göstərilənlərin əsası yoxdur, inzibati xəta hadisəsi YPX inspektoru tərəfindən yerində, vizual olaraq aşkar edilmişdir. Şikayət vermiş şəxsin barəsində inzibati xəta haqqında protokol məhz normativ tələblərin pozularaq avtomobilə əlavə avadanlıq quraşdırılmasına görə tərtib olunmuşdur, bu əlavə avadanlıq olan projektor işığının həmin vaxt işlək vəziyyətdə olub-olmaması isə, iş üçün hər hansı əhəmiyyət kəsb etməməklə, protokolun tərtib edilməsi üçün əsas olmamışdır. Bundan başqa nəzərə alınmalıdır ki, avtomobilə əlavə avadanlıq qismində bandakı projektor işıqları ilə yanaşı avtomobilin ön qabaq hissəsinə də əlavə avadanlıq qismində dəmir sipər quraşdırılmışdır. Bu hallar, məhkəməyə təqdim edilmiş fotoşəkillərlə də öz təsdiqini tapır. X1 avtomobilinə əlavə avadanlıqları quraşdırması nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələblərin pozulması deməkdir və hərəkət iştirakçıları üçün təhlükə yaradır. X3 həmin avadanlıqları avtomobilindən özü sökməklə artıq inzibati xəta hadisəsini etiraf etmiş olmuşdur. Şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının MEB YPX inspektoru X5 protokolda və nümayəndənin izahatında göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, qərardan şikayət vermiş X3 onun tərəfindən saxlanılmışdır, səbəbi isə həmin şəxsin 25 yanvar 2021-ci il tarixdə saat 15:55-də “Hyundai Tucson minik” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Babək prospektində idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair normativ tələbləri pozmaqla, avadanlıq quraşdırması olmuşdur. Əlavə avadanlıq dedikdə, X3 avtomobilin banına projektor işıqlar, ön qabaq hissəsinə isə dəmir sipər quraşdırmışdır. Hansı ki, həmin qeyd edilənlər avtomobilin qabarit ölçülərindən kənara çıxmışdır. Avtomobilin saxlanılaraq duracağa yerləşdirilməsindən sonra X1 özü həmin əlavə avadanlıqları sökərək yığışdırmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin YPX inspektoru X5 tərəfindən tərtib olunmuş 25 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 25 yanvar 2021-ci il tarixdə saat 15:55-də “Hyundai Tucson minik” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X3 tərəfindən Bakı şəhəri, Babək prospektində Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir; -Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından görünür ki, X3 25 yanvar 2021-ci il tarixdə saat 15:55-də “Hyundai Tucson minik” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Babək prospektində idarə edərkən normativ tələbləri pozaraq avtomobilə avadanlıq quraşdırdığına görə 25 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə ilk növbədə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlayır və hüquqi qiymət verir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin 2-ci hissəsinin 3-cü bəndinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya nəqliyyat vasitələrinin texniki vəziyyətinə cavabdeh olan şəxslər texniki vəziyyəti dövlət standartlarının, yol hərəkəti qaydalarının tələblərinə uyğun gəlməyən, habelə müəyyənləşdirilmiş qaydada qeydə alınmamış, normativ tələblər pozulmaqla avadanlıq quraşdırılmış və ya avadanlığı dəyişdirilmiş və ya qanunla müəyyən edilmiş hallarda texniki baxışdan keçməmiş nəqliyyat vasitələrinin istismarına yol verməməlidirlər. Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin texniki vəziyyətinə dair normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə-yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X3 25 yanvar 2021-ci il tarixdə saat 15:55-də “Hyundai Tucson minik” markalı ** AR *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Babək prospektində idarə edərkən normativ tələbləri pozaraq avtomobilə avadanlıq quraşdırdığına görə barəsində 25 yanvar 2021-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarı ilə, qeyd olunan inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə 150 manat məbləğində inzibati cərimə edilmişdir. X3 qərardan verdiyi şikayətində və məhkəmə iclasında şikayətini əsaslandırarkən, yalnız avtomobilin banında quraşdırdığı projektor işıqlarına görə barəsində protokol tərtib edildiyini göstərsə də, məhkəmə iclasında müəyyən edilmişdir ki, şikayət vermiş şəxsin avtomobilinə projektor işıqları ilə yanaşı avtomobilin ön qabaq hissəsinə dəmir sipər də quraşdırılmışdır. Hansı ki, X3 həmin avadanlıqları quraşdırmaqla normativ tələbləri, yol hərəkəti haqqında qanunun və inzibati xətalar qanunvericiliyinin tələblərini pozmuşdur, onun şikayətində irəli sürülən dəlillər mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsas hesab oluna bilməz. İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin istinad olunan normalarına əsasən məhkəmə şikayətin dəlillərini əsassız hesab etməklə bərabər, belə qənaətə gəlir ki, hazırkı iş üzrə inzibati icraat zamanı qanunvericiliyin tələbləri pozulmamışdır, X1 Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsi barədə 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli qərarın ləğv edilməsi üçün Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsi ilə nəzərdə tutulan əsaslar müəyyən edilməmişdir, odur ki, X1 həmin qərardan şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1, Bakı şəhər Baş Polis İdarəsinin X10 İdarəsinin 29 yanvar 2021-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1417/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1417/2021
25.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver