Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1417/2024 13.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Mətanət İsfəndiyar qızının sədrliyi, məhkəmə iclasının katibi Dadaşova Emina Bəhruz qızının katibliyi,dan şikayət veri barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X2, qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 18 fevral 2024-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin inzibati xəta haqqında protokol əsasında Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. X5 Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 18 fevral 2024-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi “Opel Astra” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 9 küçəsi ilə Babək prospekti istiqamətində hərəkətdə olarkən Neftçilər ərazisinə getmək üçün dönməyə qanunla icazə verilmiş yol axtarmış, bir qədər sonra isə yerdə qırıq xətlər görmüş və ondan öndə hərəkətdə olan avtomobillərin də həmin yerdən geriyə dönmə etdiyini görərək, həmin yerdən geriyə dönmüşdür. Bu zaman Bakı şəhər BPİ DYPİ-nin yol patrul xidmətinin inspektoru onun idarə etdiyi avtomobili saxlayaraq bildirmişdir ki, geriyə dönmə qadağandır. O, polis əməkdaşına yerdə qırıq xətt olduğunu, geriyə dönməni qadağan edən nişanın olmadığını, həmçinin, digər avtomobillərin də həmin yerdən geriyə dönmə əməliyyatı etdiklərini bildirsə də, yol patrul xidmətinin inspektoru onun sözlərinə məhəl qoymamış, barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. O, barəsində tərtib edilmiş protokol ilə razı olmayaraq həmin ərazinin video görüntüsünə baxış keçirilməsini və işin hallarının araşdırılmasını tələb etsə də, Bakı şəhər BPİ X13 İdarəsinin polis kapitanı X4 heç bir araşdırma aparmamış və 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla o, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. “Yol hərəkəti haqqında” Qanunun 83-cü maddəsinin 2-ci bəndində qeyd edilir ki, yollarda hərəkət təhlükəsizliyinin təmin edilməsinə nəzarət Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən stasionar və digər postlarda, eləcə də xüsusi avadanlığı olan nəqliyyat vasitələrində və ya xüsusi texniki vasitələrin tətbiqi ilə həyata keçirilir. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Lakin onun inzibati xəta törətdiyini sübut edən heç bir görüntü yoxdur. Qeyd olunanları nəzərə alaraq, Bakı şəhər BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərarından şikayət verilmiş Bakı şəhər Baş Polis İdarəsi X13 İdarəsinin nümayəndəsi X6 bildirmişdir ki, barəsində qərar çıxarılmış X5 18 fevral 2024-cü il tarixində, saat 17:08 radələrində idarə etdiyi “Opel Astra” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməyərək yolda qadağan olunmuş yerdən geriyə dönmə əməliyyatı etmişdir. Bu zaman ərazidə xidmət aparan Bakı şəhəri Baş Polis İdarəsinin X13 İdarəsinin YPX inspektoru, polis baş serjantı X7 tərəfindən sürücü saxlanılmış, xətanın mahiyyəti izah edilərək X5 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Bundan sonra işin halları hərtərəfli araşdırılaraq Bakı şəhər X13 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərarla X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X2 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, inzibati xəta hadisəsi YPX-nin avtomobilində olan kamera vasitəsi ilə bilavasitə aşkar olunmuşdur. Hazırda kamera görüntülərini məhkəməyə təqdim edə bilmir, belə ki, həmin kamera görüntülərinin götürülməsi uzun müddət tələb edir. Bakı şəhər BPİ X13 İdarəsinin 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X5 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsini və qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər BPİ X13 İdarəsinin polis kapitanı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 18 fevral 2024-cü il tarixdə, saat 17:08 radələrində Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev 9 küçəsində “Opel Astra” minik markalı, **-GF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən yol nişanlarının tələblərinə riayət etməmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 40 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 75.0, 75.0.1, 75.0.6 və 75.0.7-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Qərarından şikayət verilmiş Bakı şəhər BPİ X13 İdarəsi məhkəməyə, X2 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən əməlində inzibati xətanın olubolmamasının, inzibati xəta törədən şəxsin təqsirinin və işin düzgün həlli üçün əhəmiyyətli olan halların müəyyən edilməsi üçün hal şahidlərinin iştirakının təmin edilməsinə və yol hərəkəti qaydalarını pozma hallarını qeydə alan cihazların görüntülərinə istinad edilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Bakı şəhər BPİ X13 İdarəsinin polis kapitanı X4 isə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün əsaslana bildiyi sübutları əldə etməli, onları işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə qiymətləndirməli, bu zaman şəxsin təqsirli olmasına dair yaranmış şübhələri onun xeyrinə həll etməli olduğu halda, qeyd edilən halları ümumiyyətlə müəyyən etmədən X2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli olması qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından şikayət qismən təmin edilməli, X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2024cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Bakı şəhər BPİ X13 İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ X13 İdarəsi tərəfindən qəbul edilmiş 27 fevral 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər BPİ X13 İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Mətanət Hacıyeva
Məhkəmə qərarları › İş №3(007)-1417/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1417/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver