Məhkəmə qərarları › İş №3(007)-1422/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1422/2022

29.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1422/2022 29.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi ev 70-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin DYPŞ-dən daxil olmuş 30 mart 2022-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs 30 mart 2022-ci il tarixə keçən gecə saat 00:10-da idarə etdiyi “Renault Tondar minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neftçilər” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə hərəkət edib, yolun Nəsimi küçəsi ilə kəsişməsindəki işıqforun əlavə bölməsinin yaşıl siqnalı qırmızı siqnala keçdikdə hərəkətini 10-15 km/saat sürətlə davam etdirərək Nəsimi küçəsinə manevr edib işıqforun qırmızı siqnalında yolayrıcına daxil olmuş, həmin vaxt əks istiqamətdən, “Q.Qarayev” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Neftçilər” metrostansiyası istiqamətinə doğru sağdan birinci hərəkət zolağı ilə hərəkətdə olan X2 idarə etdiyi, düzünə hərəkət edərək işıqforun yaşıl siqnalında stop xəttini keçərək yolayrıcına daxil olmuş “Renault Megane minik” markalı **- NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolayrıcında qarşı-qarşıya toqquşmuş, zərbənin təsirindən “Renault Tondar minik” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə çevrilib arxasınca hərəkət edərək sürətini dayanma həddinə çatdırmış X1 idarə etdiyi “Mercedes” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə idarə etdiyi avtomobildə sərnişin qimində olan Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 30 mart 2022-ci il tarixə keçən gecə saat təxminən 00:10-da idarə etdiyi “Renault-Tondar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neftçilər” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pprospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətinə doğru soldan birinci hərəkət zolağı ilə hərəkət edib yolun Nəsimi küçəsi ilə kəsişməsindəki işıqforun qırmızı siqnalında avtomobili saxlamışdır. Nəsimi küçəsinə dönməsi üçün nəzərdə tutulmuş işıqforun əlavə bölməsinin yaşıl siqnalı yandıqda yerində bir az ləngimiş, onunla eyni istiqamətdə arxasınca hərəkət edən “Mercedes” markalı avtomobil ona işarə etdiyi üçün hərəkətə başlamışdır. Artıq yol kəsişməsinə daxil olmağına az qalmış işıqforun əlavə bölməsinin yaşıl siqnalı sönüb əsas yolla hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun yaşıl siqnalı yanmışdır. Əks istiqamətdən orta zolaqla hərəkət edən nəqliyyat vasitəsi surətini aldığı üçün düşünmüşdür ki, yol kəsişməsini keçə bilər və sola manevr edib təxminən 10-15 km/saat sürətlə yolunu davam edib yol kəsişməsinə işıqforun onun üçün qırmızı siqnalında daxil olmuşdur. Bu vaxt əks istiqamətdən sağdan birinci zolaqla hərəkət edərək onun üçün işıqforun yaşıl siqnalında keçən “Renault” markalı **-NJ-*** dövlət qeyydiyyat nişanlı avtomobillə onun hərəkət zolağında, yol kəsişməsində toqquşmuşdur. Zərbədən avtomobili fırlanıb arxasında dayanmış “Mercedes” markalı **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə çırpılmışdır. Hadisə nəticəsində özü və avtomobilində sərnişin kimi olan qonşusu Təhmin xəsarət almışlar. Zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Əməlindən səmimi peşmandır. Qeyd etdiklərinin nəzərə alınaraq, barəsində cərimə təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, 30 mart 2022-ci il tarixə keçən gecə saat təxminən 00:10-da qonşusu Şəxs idarə etdiyi “Renault” markalı **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Neftçilər” metrostansiyası istiqamətindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti ilə “Q.Qarayev” metrostansiyası istiqamətinə doğru hərəkət etmişlər. Teymur soldan birinci hərəkət zolağı ilə hərəkət edib yolun Nəsimi küçəsi ilə kəsişməsindəki işıqforun qırmızı siqnalında avtomobili saxlamışdır. Həmin vaxt o, sərnişin kimi qabaq oturacaqda oturmuşdur. Nəsimi küçəsinə dönmək üçün nəzərdə tutulan işıqforun əlavə bölməsinin yaşıl siqnalı yandıqda Teymur yerində bir az ləngimişdir. O, Teymura sürməsini bildirmiş, eyni zamanda onlarla eyni istiqamətdə arxalarınca hərəkət edən “Mercedes” markalı avtomobil siqnal verib işarə etdiyi üçün Teymur hərəkətə başlamışdır. Artıq yol kəsişməsinə daxil olmalarına az qalmış işıqforun əlavə bölməsinin yaşıl siqnalı sönüb əsas yolla hərəkət edən nəqliyyat vasitələri üçün işıqforun yaşıl siqnalı yanmışdır. Əks istiqamətdən orta zolaqla hərəkət edən nəqliyyat vasitəsi surətini almış, Teymur sola manevr edib yol kəsişməsinə işıqforun onlar üçün qırmızı siqnalında daxil olmuşdur. Bu vaxt əks istiqamətdən sağdan birinci zolaqla hərəkət edərək Teymur üçün işıqforun yaşıl siqnalında keçən “Renault” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin avtomobilin hərəkət zolağında, yol kəsişməsində toqquşmuşlar. Zərbədən Teymurun avtomobili fırlanıb arxalarında dayanmış “Mercedes” markalı **-SO- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissəsinə çırpılmışdır. Hadisə nəticəsində o, yüngül xəsarət almışdır. Buna görə gedib Sabunçu tibb mərkəzindən müayinədən keçmişdir. Baş vermiş hadisəyə görə Şəxs qarşı şikayəti və tələbi yoxdur. İşdə olan canlı şəxsin ekspertizasına dair 07 aprel 2022-ci il tarixli 228 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs aşkar olunmuş - sağ əlin və sol saidin axa səthlərinin sıyrıqları, alt dodağın iç səthinin qansızma ilə müşayiət olunan əzilmiş yarası, sol dirsək oynağının əzilməsi; sol diz oynağının əzilməsi - bərk küt əşyanın (əşyaların) təsirindən törənə bilərdi, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı alınması istisna olunmur, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 18 may 2022-ci il tarixli 8/877 nömrəli rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Renault-Tondar” markalı **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. “Renault- Megane” markalı **-NJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını alması ilə əlaqədar hərəkətlərinin tədqiq etmək mümkün deyildir. İşdə olan 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsindən ötrü toplanmış material Nizami Rayon Məhkəməsinə təqdim edilməsi üçün Nizami RPİ-nin DYPŞ-nə göndərilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən səmimi peşmançılıq çəkməsini. zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halın isə olmamasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində həmin Məcəllənin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, inzibati xəta törədən Şəxs fiziki şəxs olduğundan, iş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş pul vəsaiti dövlət hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. İş üzrə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsinə sərf edilmiş 128 manat pul vəsaiti dövlət hesabına dövlət xəzinədarlığı agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar