Məhkəmə qərarları › İş №3(007)-1423/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1423/2021

01.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1423/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, qərardan şikayət vermiş X2 iştirakı ilə, X2 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərarından məhkəməyə şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun barəsində AR DİN-nin Bakı şəhəri Nizami rayonu 24-cü Polis Bölməsinin sahə rəisi X1 əsassız olaraq tərtib edilmiş 19 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən 18 mart 2021-ci il MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul etmişdir. Belə ki, təxminən 2 ildən artıqdır ki, Naxçıvan MR-dan Bakı şəhərinə dayısıgilə qonaq gəlmişdir. Bir neçə gün onlarda qaldıqdan sonra Naxçıvana qayıtmaq qərarına gəlmişdir. Ancaq maddi vəziyyəti yaxşı olmadığı üçün qayıtmağa yol pulu olmamışdır. Məcbur bir neçə gün də Bakı şəhərində qalmaq qərarına gəlmişdir. Bir müddət sonra Respublikada “COVİD-19” virusu ilə əlaqədar karantin rejimi başlamışdır. Bu səbəbdən də o, Naxçıvana gedə bilməmiş və uzun müddət Bakı şəhərində qalmalı olmuşdur. Belə ki, Bakı şəhərində qaldığı zaman ərzində özünə iş axtarsa da, tapa bilməmişdir. Ara-sıra çayxanalarda asudə vaxtını keçirmişdir. 18 mart 2021-ci il tarixdə saat 22:30 radələrində dostu Orxan adlı şəxslə Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 104 ünvanında yerləşən “Anar” çay evinə getmişdir. Çay evini Solmaz adlı xanım işlətmişdir. Çay evini işlədən Solmaz adlı xanım daimi müştərisi olduğu üçün onu yaxşı tanımışdır. Dostu ilə çay evinə daxil olan kimi, Solmaz xanım onu görmüş, 5 dəqiqəlik işinin olduğunu bildirmiş və oğurluq olmasın deyə ondan 5 dəqiqə çay evinə baxmağı xahiş etmişdir. O da çay evində çox adam olmadığına görə razılıq vermişdir. Solmaz xanım təzəcə getmişdi ki, çay evinə bir neçə polis əməkdaşı daxil olmuşdur. Polislər girən kimi çay evinə kimin baxdığını soruşmuşlar. Polislərin çay içmək istədiklərini düşünüb Solmaz xanım olmadığı üçün onlara yaxınlaşmış, polislərdən nə istədiklərini soruşmuşdur. Polislər bu zaman həmin çay evini onun işlətdiyini düşünərək ona pandemiya qaydalarını pozduğu üçün protokol tərtib edəcəklərini bildirmişlər. O, polislərə çay evini özü işlətmədiyini bildirmişdir. Polislər isə “səni indi başa salarıq” deyərək onu dərhal polis avtomobilinə mindirmişlər. Onu Bakı şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada ona çay evini özü işlətdiyini zorla boynuna qoymağa çalışsalar da, ona müxtəlif hədə-qorxular gəlsələr də, o, polislərin dediklərini yazmaqdan imtina etmişdir. Onlara özünün sadəcə bir müştəri olduğunu, nə çay evini işlədən, nədə ki, çay evində işləyən şəxs olmadığını bildirmişdir. Orada Elxan adlı polis əməkdaşı onu döymək istəyəndə, ona 3 dəfə ağır əməliyyat keçirtdiyini bildirmişdir. Polislər ona istədikləri yalanı zorla yazdıra bilmədiklərini gördükdə onu polis avtomobilinə mindirərək Bakı şəhəri, Xətai rayonu, 37-ci Polis Bölməsinə apararaq müvəqqəti saxlama məntəqəsinə salmışlar. 19 mart 2021-ci il tarixdə, yəni səhəri gün onu yenidən Bakı şəhər Baş Polis İdarəsinə aparmışlar. Orada ona yenidən müxtəlif hədə-qorxular gələrək guya ki, çay evində qəlyan satdığını yazmağını bildirmişlər. Həmçinin, əgər deyiləni yazmasa, onu “padvala” salmaqla hədələmişlər. Polislər ona bildirmişlər ki, əgər onların dediklərini yazsa, 100 manat cərimə olunacaq, əks təqdirdə onu “padvala” salmaqları ilə hədələmişlər. O, polislərin hədəqorxularından bezmiş, ailəsi ilə də uzun müddət əlaqə saxlaya bilməmişdir, cərimənin də onu aldadaraq cəmi 100 manat olduğunu bildirdikləri üçün ona dediklərini yazmış və bundan sonra ona 19 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edərək, azadlığa buraxmışlar. Ona tərtib olunan protokolu 19 mart 2021-ci il tarixdə yazmışlar, ancaq tarixini əvvəlcə 18.03.2021-ci il tarixi yazmışlar. Bu səbəbdən də protokolun tarixini qaralayaraq dəyişib “19.03.2021-ci il” etmişlər. Bir neçə gün ona tərtib olunan 19.03.2021-ci il tarixli MN ******* saylı protokolun qərarını ona göndərilməsini gözləmişdir, ancaq nə ona, nədə ki, rəsmi qeydiyyatda olduğu Naxçıvan MR, Şərur rayonu, Danyeri kəndinə həmin qərarı göndərməmişlər. Artıq uzun müddət keçdikdən sonra özü, ona tərtib olunan protokolun qərarını almaq üçün 26 aprel 2021-ci il tarixdə ona protokolu tərtib edən polis əməkdaşı Fəxrəddin Kazımova müraciət edərək qərarı istəmişdir. O, 26 aprel 2021-ci il tarixdə qərarın bir nüsxəsini ona vermişdir. O, 18 mart 2021-ci il tarixli MN ******* saylı qərarı oxuyanda görmüşdür ki, onu polislərin dediyi kimi 100 manat yox, qərarda yazılanlara əsasən 4000 manat cərimə etmişlər. O, artıq 2 ildir ki, heç bir yerdə işləmir. Sadə vətəndaşdır. 18 mart 2021-ci il tarixdə o, Solmaz adlı xanımın işlətdiyi çay evinə Solmaz xanımın xahişi ilə 5 dəqiqəlik nəzarət etmişdir. Polislər onun çay evini işlətmədiyini dedikdə, ona zorla və hədə-qorxu ilə 1 sutka polisdə saxladıqdan sonra guya ki, həmin çay evində qəlyan satdığını yazdırmışlar. Həmçinin protokolu 19.03.2021-ci il tarixdə yazsalar da, həmin protokoldan çıxarılan qərarın 18.03.2021-ci il tarixli olması həmin MN ******* saylı qərarın etibarsızlığı deməkdir. Polislərin onu Bakı şəhər Baş Polis İdarəsinə aparmaları, qanunsuz olaraq onu bir sutka orada saxlamaları, çay evinə heç bir aidiyyatı olmadığı halda ona hədə-qorxu ilə guya ki, onun çay evində qəlyan satmağını yazdırmaları, ona yazdıqları protokolun qərarının surətini qəsdən vaxtında göndərməmələri, protokolun yazılan tarixi ilə qərarın yazılan tarixi arasında olan uyğunsuzluq ona qarşı törədilən haqsızlıqdır. Düşünür ki, hüquqları pozulmuşdur. O, heç bir çay evi işlətmir, qəlyan satmır, işsizdir. Heç yerdə işləmədiyi halda onu 4000 manat cərimə etmələri ona qarşı törədilən qanunsuzluqdur. O, heç bir karantin qaydasını pozmamışdır. AR DiN-nin polis əməkdaşı X10 tərəfindən ona Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə 4000 manat cəriməni haqsız yerə yazılması ilə hüquqları pozulmuşdur. O, həmin inzibati xəta haqqında iş üzrə qərarla razı deyil. Düşünür ki, etirazı olmasına baxmayaraq qanunsuz çıxarılan qərarın hüquqi əsası yoxdur. Lakin bunun ücün təqsiri subut olunmalıdır. AR Daxili İşlər Nazirliyinin 18 mart 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını xahiş etmişdir. Bununla yanaşı X7 yazılı vəsatətlə məhkəməyə müraciət edərək, 24-cü Polis Şöbəsinin qərarını 26 aprel 2021-ci il tarixdə rəsmi qaydada əldə etdikdən sonra hazırda (27 aprel 2021-ci il) qərardan şikayət verdiyini göstərmiş, qərardan şikayət verməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında qərardan şikayət vermiş X7 şikayətin dəlillərini müdafiə edərək eyni məzminlu izahat vermiş, əlavə olaraq göstərmişdir ki, o, nəinki vəzifəli şəxs, ümumiyyətlə çayxananı işlədən şəxs olmamışdır, rəhbər şəxs olmadığına görə də tabeliyində hər hansı işçi işləməmiş, adına VÖEN qeydiyyata alınmamışdır. Polis Şöbəsində əməlini etiraf etməsinə dair izahat versə də, həmin izahatı “podval”a salınacağı hədəsinə və cəmi 100 manat cərimə olunacağı bildirildiyinə görə yazmışdır. Şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilən qərarı barəsində şikayət verilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə həmin nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə rəisi X6 protokolun məzmununa uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, X2 çay evində hansı əsasla işlətməsi, çay evində hansı vəzifəni daşıması, ümumiyyətlə çay evinin kimə məxsus olması barədə sənədləri tələb edib araşdırmamışlar. Məhkəmə iclasında qərardan şikayət vermiş şəxsin vəsatəti əsasında şahid qismində dindirilən X11 izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən “Anar” çay evini icarə müqaviləsi əsasında uzun müddətdir ki, işlədir. Çay evinin yerləşdiyi sahəyə dair obyektin sahibi ilə icarə müqaviləsi vardır. Həmin çay evinin X4 heç bir aidiyyəti yoxdur. 18 mart 2021-ci il tarixdə polislər çay evinə gəlmişlər, hər hansı araşdırma aparmadan və sənədləri yoxlamadan Maliki özləri ilə aparmışlar. Hansı ki, polislər gəlməzdən az əvvəl Malik çayxanaya gəlmiş, o, Maliki tanıdığı üçün təxminən 5 dəqiqə müddətində çayxanaya nəzarət etməsini xahiş etmiş və dərman almağa çıxmışdır. Bundan başqa çayxanada hər hansı karantin qaydası pozulmamışdır, polislər tərəfindən bu faktı təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, vəsatət və şikayəti iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, prosessual müddətin bərpasına dair vəsatət təmin edilməli, bununla yanaşı şikayət qismən təmin edilərək mübahisələndirilən qərar ləğv olunmalı, lakin hazırkı halda iş üzrə icraata xitam verilməsi üçün əsaslar müəyyən edilmədiyi üçün inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılmalı olduğundan materiallar aidiyyəti üzrə göndərilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin sahə rəisi X6 tərəfindən tərtib olunmuş 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X2 xüsusi karantin rejimi qaydalarını pozaraq, 18 mart 2021-ci il tarixdə saat 22:40 radələrində Nizami rayonu, Q.Qarayev prospekti 104 ünvanında “Anar” çay evində qəlyan satması ilə məşğul olması müəyyən edilmiş, buna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir; -Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin rəisi X10 tərəfindən qəbul olunmuş 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola baxılaraq Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə X7 barəsində 4000 manat cərimə tənbeh növü tətbiq edilmişdir; - 21 avqust 2003-cü il tarixdə verilmiş mülkiyyət hüququ haqqında 001228 nömrəli şəhadətnamənin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən fotoatelye X3 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır; - 25 noyabr 2017-ci il tarixdə bağlanmış icarə müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən obyekti 25 noyabr 2021-ci il tarixədək X9 icarəyə vermişdir; - 09 fevral 2021-ci il tarixdə Bakı şəhəri 30 nömrəli notariat ofisində bağlanmış icarə müqaviləsindən görünür ki, X8 Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən obyekti 09 fevral 2026-cı il tarixədək X9 icarəyə vermişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qanunun mənasına görə, qərardan şikayət vermə hüququnun yaranması, müddətin axımının başlanması üçün qərar müvafiq şəxsə rəsmi qaydada verilməli, təqdim olunmalıdır. Baxılan iş üzrə mübahisələndirilən 18 mart 2021-ci il tarixli qərar X4 26 aprel 2021-ci il tarixdə rəsmi qaydada verildikdən sonra o, 27 aprel 2021-ci il tarixdə qərardan şikayət vermiş, bununla da inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət onun tərəfindən üzürlü səbəbdən buraxılmış hesab edilməklə, ona münasibətdə həmin müddət bərpa edilməlidir. Bundan başqa məhkəmə iclasında müəyyən olunmuşdur ki, inzibati xətalar haqqında iş üzrə icraatın aparılması, qərarın qəbul edilməsi müvafiq qanunvericiliyə uyğun olaraq həyata keçirilməmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə - fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddənin qeydinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Göründüyü kimi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verilməsinə görə vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, qərardan şikayət vermiş X7 barəsində də inzibati icraat həmin maddə ilə başlanılmış və vəzifəli şəxs qismində inzibati qaydada tənbeh edilmişdir. Hansı ki, məhkəmə iclasında sübutların tədqiq edilməsi zamanı məlum olmuşdur ki, törədilməsi ehtimal edilən inzibati xətanın baş verdiyi Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 104 ünvanında yerləşən obyekt X5 məxsus olmaqla, onun tərəfindən X9 icarəyə verilmişdir, obyektdə (“Anar” çay evi) fərdi sahibkarlıq fəaliyyəti X11 tərəfindən həyata keçirilmişdir. İnzibati araşdırma aparan orqan tərəfindən isə X2 həmin çay evinə aidliyi, səlahiyyəti və sair hallar araşdırılmamış, sübutlar müəyyən edilib götürülməmişdir. Halbuki, X7 İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşən, onun vəzifəli şəxs hesab olunmasına əsas verəcək səlahiyyətlərə malik olmamışdır, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən şəxs olmamışdır. Ona görə də, X2 vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb olunaraq barəsində tənbeh tədbiri tətbiq olunması qanuni və əsaslı olmamışdır. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bununla bağlı məhkəmə qeyd edir ki, istər inzibati xətanın aşkar edilərək protokolun tərtib olunması zamanı, istərsə də protokol əsasında qərar qəbulu zamanı X7 tərəfindən “epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması” hallarına yol verilməsi ilə bağlı inzibati xətanın törədilməsinin məhz nədə ifadə olunması, hansı mötəbər sübutlarla öz təsdiqini tapması təqdim edilmiş sübutlarla müəyyən olunmur və öz təsdiqini tapmır. Qərar 18 mart 2021-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, onun qəbul edilməsinə əsas olan inzibati xəta haqqında protokolun tarixi 19 mart 2021-ci il kimi göstərilmişdir. Məhkəmə hesab edir ki, X7 inzibati xətanın aşkar edildiyi “Anar” çay evinə münasibətdə səlahiyyəti, inzibati xətanın məhz onun tərəfindən törədilməsinə dair mötəbər və əsaslı hesab ediləcək hər hansı sübut təqdim edilmədiyi, İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirinin olması, belə təqsir müəyyən edildiyi halda vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunması üçün onun İXM-nin 17-ci maddəsinin “Qeyd”inin təsiri altına düşüb-düşməməsi müəyyən edilmədiyi, ilkin araşdırma zamanı həmin hallar araşdırılaraq törədilməsi ehtimal edilən inzibati xətaya düzgün hüquqi qiymət verilmədiyi halda onların məhkəmə baxışı zamanı araşdırılması qeyri-mümkündür, ona görə inzibati araşdırma qaydasında həmin sübutlar toplanılmalı, müvafiq sübutlar işə əlavə edilməli, zərurət yarandıqda şahidlər dindirilməli və digər hərəkətlər həyata keçirilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 - 34-cü maddələrinin tələblərinə uyğun olmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X2 şikayətində irəli sürülən dəlillər əsaslı olmaqla, mübahisələndirilən qərarı qəbul etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsi tərəfindən gəlinən nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadığına, həmin nəticələr işin faktiki hallarına uyğun olmadığına, müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilmədiyinə, İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğuna görə, X2 barəsindəki 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilməli, 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar həmin orqana göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 114-115, 128- 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin, 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət X4 münasibətdə üzürlü səbəbdən buraxılmış hesab olunaraq, bərpa edilsin. Şikayət qismən təmin edilsin, X2 barəsindəki 18 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında qərar ləğv edilsin, 19 mart 2021-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yenidən araşdırma aparılaraq icraatın inzibati xətalar qanunvericiliyinə uyğun həyata keçirilməsi üçün materiallar Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar