Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1427/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rüstəmova Sürəyya Nazim qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞnin polis sahə inspektoru X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, onun müdafiəçisi, Bakı şəhəri 6 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, ev 71-də qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi ev 54, mənzil 88-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami RPİ-nin 24-cü polis şöbəsindən daxil olmuş 14 iyun 2022-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və digər sənədlərə əsasən Şəxs, 06 iyun 2022-ci il tarixdə saat 11:00 radələrində Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospekti, 105 ünvanında yerləşən “Laçın” ticarət mərkəzinin arxa girişinindən içəri daxil olaraq pilləkənlərin yanında qoyulmuş, həmin ticarət mərkəzində təhlkəsizlik kameralarına nəzarətçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs məxsus olmaqla işlədiyi zaman istifadə etdiyi 500 manat dəyərində bir ədəd dəmir nərdivanı gizli yolla oğurlayıb özgəsinin əmlakını talamaqla, zərərçəkmiş şəxsə xırda talama yolu ilə 500 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin polis sahə inspektoru X3 protokolun məzmununa uyğun izahat verərək, qanuna uyğun qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, özü küçələrdən əlvan metal yığaraq metal qəbulu məntəqələrinə satmaqla məşğuldur. 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzinin arxa hissəsindən keçib yaşadığı evə gedərkən ticarət mərkəzinin içərisində dəmir materialdan nərdivan olduğunu görmüşdür. Həmin vaxt ətrafda heç kim olmamışdır. İçəri girib nərdivanı götürmüş, bayıra çıxaraq nərdivanı metal qəbulu məntəqəsinə aparıb satmaq məqsədilə “Xalqlar Dostluğu” metrostansiyası istiqamətində getmişdir. Orada tanımadığı taksi sürücüsü nərdivanı satıb-satmadığını soruşmuş, o da satmaq istədiyini demişdir. Razılaşaraq nərdivanı həmin şəxsə 14 manata satmış, pulu ehtiyaclarına xərcləmişdir. Polislər nərdivanın yerini müəyyən edərək qaytarmışlar. Barəsində yüngül inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən “Laçın” ticarət mərkəzində bir neçə ildir ki, təhlükəsizlik kameralarına nəzarətçi vəzifəsində işləyir, gündəlik olaraq kameraların düzəldilməsində istifadə etdiyi dəmir nərdivanı ticarət mərkəzinin arxa tərəfindən giriş hissədə olan pilləkənin yanında saxlamışdır. Həmin nərdivanı o, təxminən 7-8 il əvvəl bazardan 500 manata almışdır, həmin vaxtdan işlətməsinə baxmayaraq nərdivan demək olar təzə vəziyyətdə qalmışdır, hazırda da nərdivanı həmin qiymətdə dəyərləndirir. 05 iyun 2022-ci il tarixdə nərdivandan istifadə etdikdən sonra yenidən həmişəki yerinə qoymuşdur. 08 iyun 2022-ci il tarixdə pilləkəni götürmək üçün gedəndə onun yerində olmadığını görmüşdür. Videokameralara baxarkən oğurluğun 06 iyun 2022-ci il tarixdə saat 11 radələrində edildiyini aşkar etmişlər. Polisə müraciəti zamanı oğurluğu edən şəxsin Şəxs olması müəyyən edilmişdir. Şəxs həmin vaxt guya oradan təsadüfən keçməsi barədə yalan danışır, o, əvvəlcədən nərdivanı görüb yerini nişanlayıb, sonra da oğurluğa gəlmişdir. Nərdivanın oğurlanması nəticəsində iş fəaliyyətini yerinə yetirə bilməmiş, işsiz qalmışdır. Nərdivanın yeri müəyyən edilsə də hələ ki, ona qaytarılmamışdır. Nərdivan ona qaytarılmalı olsa da Şəxs şikayətçidir, barəsində ciddi tədbir görülməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nin təhqiqatçısının 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Zərərçəkmiş şəxs məxsus nərdivanı oğurlayaraq xırda talama törətmiş Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən inzibati tədbir görülməsi üçün qərarın surəti 24-cü PŞnə təqdim edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğurladığı əmlakın yeri müəyyən edilsə də, o, Zərərçəkmiş şəxs ilə barışıq əldə etməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir. Belə ki, oğurlanmış əmlakın yeri müəyyən edilsə də, törədilmiş inzibati xətanın zərərli nəticələri inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılmamış və ya vurulmuş zərərin əvəzi könüllü surətdə ödənilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 14 yanvar 2022-ci il tarixli 3(007)-173/2022 nömrəli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinib, barəsində 03 ay müddətində inzibati həbs tənbeh növü tətbiq edilmişdir. Məhkəmə inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini Azərbaycan Respublikası İXM-nin 33.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-nin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs hazırkı işlə bağlı 13 iyun 2022-ci il tarixdə saat 21:50-də tutulmuşdur, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materialları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin 03.05.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 30 (otuz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsin başlanğıcı 13 iyun 2022-ci il saat 21:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası DİN-nin İnzibati həbs olunanların saxlanılma mərkəzinə təhvil verilməsi Bakı şəhəri Nizami RPİ-nin 24-cü PŞ-nə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 3 saat hüquqi yardım göstərdiyinə görə müdafiəçi X4 müvafiq hesablaşma hesabı üzərindən Bakı şəhəri 6 saylı vəkil bürosu vasitəsi ilə 18 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1427/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1427/2022
14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver