Məhkəmə qərarları › İş №3(007)-143/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-143/2022

18.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-143/2022 18.01.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, tələbkar X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan, Şəxs barəsində Bakı şəhəri Nizami rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2 (007)- 3209/2021 saylı icra vərəqəsinə əsasən, cavabdeh Şəxs iddiaçı X2 xeyrinə 3000 manat məbləğində pul tutulmalıdır. İnzibati işdə olan 05.10.2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2 (007)-3209/2021 saylı icra vərəqəsi Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımovun icraatına daxil olmuş və icra sənədinin icrasına başlanılmışdır. İnzibati işdə olan 05.10.2021-ci il tarixli bildirişdən görünür ki, borclu Şəxs tələbin könüllü icrası barədə məlumat göndərilmişdir. Bakı şəhəri Nizami rayon İcra Şöbəsinin icra məmuru Abusət Qasımov tərəfindən tərtib olunmuş 10 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2 (007)-3209/2021 saylı icra vərəqəsini qərəzli olaraq ödəməmiş və bununla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında borclu Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2 (007)-3209/2021 saylı icra vərəqəsinə əsasən iddiaçı X2 xeyrinə 3000 manat məbləğində pul ödəməlidir. Lakin maddi imkanı olmadığına görə ödəniş edə bilməmişdir. Hazırda isə iddiaçı X2 xeyrinə 500 manat məbləğində pul ödəmişdir. Barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 izahatında göstərmişdir ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2 (007)-3209/2021 saylı icra vərəqəsinə əsasən Şəxs onun xeyrinə 3000 manat məbləğində pul ödəməlidir. Əvvəllər ödəniş etməsə də hazırda Şəxs onun xeyrinə 500 manat məbləğində pul ödəmişdir. Məhkəmə, inzibati işə baxılmasının yeri və müddəti barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən məlumatlandırılmış və naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın iştirakı olmadan inzibati işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu daxil olmuş iş materialları ilə əlaqəli tədqiq edərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin dispozisiyasından görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşə əlavə olunmuş “eManat” ödəmə sistemi vasitəsi ilə aparılmış ödəniş qəbzindən görünür ki, 18.01.2022-ci il tarixdə tələbkar X2 Kapital Bank kart hesabına 500 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2 (007)-3209/2021 saylı icra vərəqəsi üzrə tələbkara müəyyən məbləğdə ödəniş etməsi, icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilə bilməz. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan xüsusatları və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, borclu Şəxs barəsində tərtib olunmuş 10 yanvar 2022-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar