Məhkəmə qərarları › İş №3(007)-1430/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1430/2022

23.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1430/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Əhmədov Rauf Tağı oğlu, məsləhətçi İmanov Nizami Bəxtiyar oğlunun katibliyi ilə, 15 yanvar 1985-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, 7-ci Binəqədi küçəsi, məhəllə 3205, ev 1, mənzil 32-də yaşayan, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan vermiş olduğu şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ M: Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərkən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətini davam etdirməsi nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirili bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X1 şikayət verərək, barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini, inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmiş və şikayəti onunla əsaslandırmışdır ki, 15 sentyabr 2021-ci il tarixdə müvafiq icra hakimiyyətinin informasiya sisteminə inteqrasiya olunmamış, “Təhlükəsiz şəhər” xidmətinin kamerası vasitəsi ilə aşkarlanmış inzibati xəta hadisəsi ilə əlaqədar inzibati xəta haqqında protokol tərtib edilmiş və barəsində xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə qərar qəbul edilərək elektron kabinetə yerləşdirilmişdir. Həmin qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Nizami rayon Məhkəməsinin 10 fevral 2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilərək Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv olunmuş və inzibati iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Lakin, heç bir əlavə dəlil və əsas olmadan barəsində yeni inzibati xəta haqqında qərar qəbul olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmiş inzibati orqanın nümayəndəsinin və X2 iştirakı olmadan inzibati işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə, daxil olmuş şikayəti sənədlərlə əlaqəli araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, inzibati iş üzrə 18 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv olunmalı və inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, inzibati orqanın inzibati iş üzrə qəbul etdiyi 18 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarda R.A.Kazımovun xx.xx.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən, inzibati xəta törətdiyi qeyd olunsa da, sonuncu həmin qərarı mübahisələndirərək, inzibati xəta törətmədiyini və təqsirli olmasını təsdiq edən sübutların olmadığını bildirmişdir. İnzibati işdə olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X2 xx.xx.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək, inzibati iş araşdırılması üçün Bakı şəhər DYPİ-nə göndərilmişdir. Lakin, yenidən X2 xx.xx.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək 60 manat məbləğində cərimə edilməsi haqqında Bakı şəhər DYPİ tərəfindən 18 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və bu zaman xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə qərarda qeyd edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bununla, Qanunvericilik inzibati xəta törətmiş şəxsin təqsirli olmasının sübut olunması vəzifəsini inzibati orqanın üzərinə qoymuş olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən, xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə qeyd edir ki, hazırki halda sübutların kifayət etməməsi səbəbindən X2 xx.xx.2021-ci il tarixdə saat 14:52-də H.Əliyev prospektində “Toyota Corolla” minik markalı ** SH *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2 və 114.2.1-ci maddələrinə əsasən, inzibati xəta haqqında işə baxılarkən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 18 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.2, 105.1, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: X2 barəsində Bakı şəhər DYPİ tərəfindən qəbul edilmiş 18 may 2022-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nizami rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar