Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(007)-1431/2020 06.10.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Nəriman Hüseynqulu oğlunun sədrliyi, məhkəmə iclasının katibi Azadəli Orhan Nasir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Xətai rayonu, 3-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi ev 21, mənzil 3-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə olan inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 07:31-də Bakı şəhəri, Q.Qarayev prospektində “Nissan Micra minik” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından, səs siqnallarından istifadə qaydalarını pozmaqla və alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 07:30 radələrində “Nissan Micra minik” markalı ** ZC *** dövlət qeydiyyat nişanlı avtomobili ilə işə getdiyi vaxt BDYPİ-nin əməkdaşı tərəfindən saxlanılmışdır. Yol polisi əməkdaşı ondan içkili olubolmadığını soruşmuş, o, bildirmişdir ki, içkili deyil. Yol polisi əməkdaşı ondan bir neçə metr məsafədə dayanaraq ona alkotesteri uzatmış və sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün müayinədən keçməyi təklif etmişdir. Fikir vermişdir ki, alkotester polisin üzərində açıq vəziyyətdə, sellofan və ya hər hansı digər qoruyucu örtük olmadan saxlanılır. Sonra yol polisi əməkdaşı ona iş materiallarında olan protokola öz izahatını yazmağı bildirmiş və izahatın mətnini diktə etmişdir. O, iş materiallarında olan izahatı özü yazsa da, bunu polisin sözlərindən yazmışdır və polisin göstərişi ilə imzalamışdır. Əslində həmin izahat həqiqəti əks etdirmir. Nəqliyyat vasitəsini idarə edərkən o, içkili olmamışdır. Sadəcə gecə yuxusuz qaldığına görə səhər də özünü narahat, yuxulu hiss etmişdir, yorğun olmuş, işə tələsmişdir. Polis ondan 500 AZN məbləğində rüşvət istəmiş, o isə rüşvət verməkdən imtina etmişdir. O, sürücülük vəsiqəsini İsveçdə əldə etmişdir, bunun üçün uzun müddət ərzində hazırlaşmalı və imtahan verməli olmuşdur. İmtahana hazırlıq zamanı o, nəqliyyat vasitəsini idarə etmə qaydalarını, yol hərəkət qaydalarını ətraflı öyrənmiş və qaydaları bildiyinə görə heç bir halda nəqliyyat vasitəsini içkili vəziyyətdə idarə etməzdi. Təxminən bir saat sonra yoldaşları ona izah etdikdən sonra o, Maştağaya gedərək özü müstəqil şəkildə sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən keçmiş və müayinə nəticəsində sərxoş olmadığı müəyyən edilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iş üzrə qanuna müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş Bakı şəhər BPİ Dövlət X1 nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə həmin orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş xüsusi texniki vasitənin hesabatından görünür ki, Şəxs spitli içki qəbul etməsi aşkar şəkildə biruzə verdiyindən bu faktın müəyyən edilməsi üçün sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmiş, xx xxxxxx 2020-ci il tarixdə saat 06:51-də keçirilən müayinə zamanı onda alkoqolun miqdarı 0.418% olmuşdur. Şəxs həmin göstərici ilə razılaşaraq, protokolu imzası ilə təsdiq etmişdir. Şəxs məhkəməyə təqdim etdiyi “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair xx xxxxxx 2020-ci il tarixli 1/4406 nömrəli protokolun surətindən görünür ki, Şəxs həmin tarixdə saat 08:30-da keçirilən tibbi müayinəsi zamanı onun ayıq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 333-cü maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.4-cü maddəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddələrlə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddələrlə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə qeyd edir ki, Şəxs məhkəmə iclasında izahatında irəli sürdüyü dəlillər işin faktiki halları ilə təkzib olunur, belə ki, həmin şəxsin alkoqoldan istifadə etməsi və bunun nəticəsində sərxoş vəziyyətdə avtomobil idarə etməsi faktı yerində olmaqla xüsusi texniki vasitənin vasitəsi ilə müəyyən olunmuşdur, bu nəticənin şübhə altına alınması üçün əsaslar yoxdur. Sərxoşluq faktı xüsusi texniki vasitə ilə saat 06:51-də yerində aşkar olunmuş, Şəxs isə saat 08:30-da tibbi müayinədən keçmişdir. Aradakı saat fərqinin özü də şəxsin təbii yolla və ya müxtəlif vasitələrdən istifadə etməklə ayılmasına, sərxoşluq vəziyyətinin aradan qaldırılmasına yetərli hesab oluna bilər. Bundan başqa sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitədən istifadə etmək haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Şəxs “Söz verirəm ki, bir daha spirtli içki qəbul edib avto maşını idarə etməyəcəm. Alkoqolun miqdarı 0.418% ilə razıyam, təkrar müayinəyə ehtiyac yoxdur. Xahiş edirəm mənə köməklik göstərəsiniz” qeydlərini yazmış, həmin protokolu imzalamışdır. Ona görə məhkəmə Şəxs hazırda irəli sürdüyü dəlilləri onun inzibati məsuliyyətdən yayınmağa cəhd etməsi kimi qiymətləndirərək nəzərə almır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə-otuz manat məbləğində cərimə edilir; 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələri ilə təqsirli bilinməli, lakin İXM-nin 34.3-cü maddəsinin tələbləri baxımından daha ciddi xəta hesab olunan İXM-nin 333.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 32-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən, Azərbaycan Respublikası İXM-nin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən həmin Məcəllənin 333.1-ci maddəsi ilə barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Nəriman Mehdiyev
Məhkəmə qərarları › İş №3(007)-1431/2020
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərar — İş №3(007)-1431/2020
06.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver